BolgeXeber.Com » Gündəm » Müəllimlərin adına kredit götürən direktorla bağlı yeni faktlar

Müəllimlərin adına kredit götürən direktorla bağlı yeni faktlar

29-07-2014, 11:35
Oxunub: 4 098 "Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdir"

Paytaxtın Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktoru İradə Murquzova ilə bağlı olan məsələ bir neçə müddətdir ki, medianın gündəmini zəbt edib. Qeyd edək ki, müxtəlif saytlarda və kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, 171 saylı orta məktəbin direktoru İradə Murquzova təhsil ocağının müəllimlərinin adına məcburən banklardan müxtəlif məbləğlərdə kredit götürüb. Məktəbdə musiqi müəllimi işləyən Kifayət Rzayeva bildirib ki, direktor İradə Murquzovanın təkidilə bankdan 4 min AZN kredit götürüb.

Ancaq direktor bu borcu qaytarmaqdan imtina edib. Nəticədə müəllimi məhkəməyə dəvət ediblər. Məlum olub ki, direktor krediti aybaay geri qaytarmayıb. Digər bir müəllim Nərgiz Şirinovanın isə əsas şikayəti direktorun ona az dərs saatı verməsidir. Hətta, direktor yaşının çox olmasına görə ondan işini tərk etməsini tələb edib. Bundan başqa Nərgiz xanım da direktorun digər müəllimlərə bankdan kredit götürməsini və ona verməsi tələbini təsdiqləyib.

Problemin daha da böyüməsi tərəflər arasında söz müharibəsinə səbəb olub. Yayılan son məlumatlara əsasən 171 saylı məktəbin müəlliməsi Mədinə Tağıyeva həmin təhsil müəssisəsinin direktoru İradə Murquzovanı məhkəməyə verib. Bu barədə hüquq müdafiəçisi Teymur Rza məlumat yayıb. Hüquq müdafiəçisi qeyd edib ki, Mədinə Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir: «Çünki direktor İradə Murquzova mətbuatda Mədinə Tağıyeva haqqında təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini təhqir edib. Mədinə Tağıyeva da direktorun buna görə qanunlar qarşısında cavab verməsini istəyir. Mədinə Tağıyeva bununla bağlı iddia ərizəsini artıq Xətai Rayon Məhkəməsinə təqdim edib». Nəzərinizə çatdıraq ki, İradə Murquzova müəllimə Mədinə Tağıyevanın onunla bağlı iradlarına "Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Mədinə Tağıyeva müəllim adına ləkə gətirir. Bir Mədinənin xarici görkəminə baxın, görün elə də müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir», deyə təhqiramiz formada cavab verib. Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, Bakı Şəhər Təhsil İdarəsinin səlahiyyətləri çərçivəsində direktorun törətdiyi əməl araşdırılır. Hələlik araşdırmaların nə ilə nəticələnməsi barədə ictimaiyyətə heç bir açıqlama verilməyib. Görünür, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin adına bankdan kredit götürən direktoru cəzalandırmaq fikrində deyil. Bu məsələ nazirin marağında olsaydı, söhbət ortaya çıxan kimi İradə Murquzovanın barəsində ölçü götürərdi. Ümumiyyətlə, məktəb rəhbərinin özünə arxayın olması və tabeliyində olan müəllimlər haqqında çəkinmədən təhqir dolu fikirlər səsləndirməsi diqqətimizi çəkdi və bəzi araşdırmalar apardıq. Qısa araşdırmalardan sonra öyrəndik ki, 171 saylı orta məktəbin direktoru Bakı Apellyasiya Məhkəməsinin hakimi, adı çox vaxt xoşagəlməz olaylarda çəkilən İlqar Murquzovla qohumluq əlaqələrinə malikdir: «İradə Murquzova əksər hallarda hakim qohumuna güvənərək addım atır. Onun bu günə kimi direktor vəzifəsində çalışmasında Bakı Apellyasiya Məhkəməsinin hakiminin böyük rolu olub. Məhz İlqar Murquzova arxayın olan direktor müxtəlif qanun pozuntularına zəmin yaradıb. 171 saylı orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır. Məktəbdə normal tədris təşkil olunmadığından şagirdlər ali məktəblərə repititor yanında hazırlaşırlar. 10 və 11-ci siniflərdə təhsil alan şagirdlərin bir çoxu direktora «şirinlik» verib dərs prosesindən yayınırlar. Həmçinin məktəb rəhbəri hər ay müxtəlif bəhanələr gətirərək müəllimlərdən nəysə alır».

Əldə etdiyimiz məlumata görə, direktoru məkhəməyə verən Mədinə Tağıyevanın ona qalib gəlmək şansları demək olar ki, yoxdur: «Ona görə ki, məktəb rəhbəri İlqar Murquzovun vasitəsilə Məhkəmədə baxılacaq işi öz xeyrinə həll etdirəcək. Direktor vəzifədən çıxarılmalıdır, başqa yolu yoxdur. Əks halda, məktəbdə təhsilin vəziyyəti daha da bərbad hala düşəcək». Bax belə İlqar müəllim. Məhkəmədə «Gündəlik Bakı»nın adı çəkiləndə özünüzə məxsus şəkildə qımışıb gülməklə iş bitmir ee. Hələ bu harasıdır ki. Sabahkı sayımızda Yardımlı rayonunun Horavar kənd sakini Şaban İbrahimovun üzləşdiyi haqsızlıqlar və hakim İlqar Murquzovun ondan tələb etdiyi 15 min manat rüşvəti vermədiyi üçün oğlunu qanunsuz yerə 8 il həbs cəzasına məhkum etməsi haqda qandonduran faktları dərc edəcəyik. Görək onda qımışıb gülə biləssiniz, İlqar müəllim?! Növbəti saylarımızda həmçinin 171 saylı orta məktəbdə mövcud olan qanun pozuntuları ilə bağlı ətraflı məlumat verəcəyik. Hətta onu da biləcəksiniz ki, İlqar müəllim prokurorluqda işləyərkən Test Komissiyası ilə necə əlaqə yaradıb. Bizi izləyin.