BolgeXeber.Com » Gündəm » Göyçay sakini məmur özbaşınalığından bezib

Göyçay sakini məmur özbaşınalığından bezib

29-07-2014, 15:50
Oxunub: 3 033 "Özü Ağdaşın Kükəl, arvadı isə Göyçay rayonunun Hüngütlü kəndinin yarısını alıb"

Göyçay rayonu Dövranlı kənd sakini Ələkbərova Bəsirə Həsən qızı redaksiyamıza müraciət edərək Göyçay rayonu İcra hakimiyyəti başçısının müavini Yunus Osmanlı, Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Nofəl Fərzəliyev və Dövranlı kənd bələdiyyəsinin sədri Aydın Hüseynov barədə şikayətçi olub.

Şikayətçi qeyd edir ki, 6.04 hektar torpaq sahəsi, 1998-ci ilin 18 fevral tarixində Göyçay rayonu Aqrar İslahat Komissiyası tərəfindən həyat yoldaşına və ailə üzvlərinin mülkiyyətinə verilib. Ölçülər düz gəlmədiyi üçün 2001-ci ildə kənd bələdiyyəsi və mütəxəssislərin iştirakı ilə 2.44 hektar torpaq sahəsi ölçülərək akt tərtib edilməklə onlara verilib. Bundan sonra sxem tərtib edilib, Torpaq və Xəritəçəkmə şöbəsində mülkiyyətə verilməsi qeydə alınıb.

“Həyat yoldaşım 2003-cü ildə dünyasını dəyişib, təkbaşına 7 qız, 1 oğlan övladı böyütmüşəm. Mənim əsas gəlir yerim bu torpaq sahəsidir, onu da əlimdən almaq istəyirlər. Qızlarımın hamısı ailə həyatı qurub, oğlum isə 2 həftə əvvəl hərbi xidmətə gedib. Hazırda tək yaşayıram və məmur özbaşınalığı ilə üz-üzə qalmışam” – deyə şikayətçi bildirdi.

B.Ələkbərovanın sözlərinə görə, qanunla onun olan torpağı əlindən almaq istəyirlər: “Təxminən 2 ay əvvəl Göyçay rayonu Dövranlı kənd bələdiyyəsinin sədri Aydın Hüseynov mənə bildirdi ki, “İstifadə etdiyin torpaqdan çıx, oraya müştəri tapmışam, satacağam”.



Onun bu sözlərinə bir o qədər əhəmiyyət vermədim, çünki mənə və ailə üzvlərimə məxsus torpaq sahəsinə müştəri taparaq satmaq istəməsi nə dərəcədə doğru ola bilərdi? O, bir müddət mənə heç nə demədi. Bir neçə gün əvvəl gördüm ki, əkin sahəmi bir neçə nəfər ölçür. Yaxınlaşıb soruşduqda mənə bildirdilər ki, “Bələdiyyə sədri Aydın Hüseynov bu torpağa Bakıdan müştəri tapıb, bölüb hissə-hissə satacaq”.

Şikayətçinin deyir ki, bələdiyyə sədri onun torpağına göz tikib: “Mən dərhal Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mənsur Məmmədovun qəbuluna getdim və şikayətimi bildirdim. O, da cavabımda mənə dedi ki, “Sənin torpağını tanımıram, nə dərəcədə haqlısan, bilmirəm. Bir də ki, bələdiyyə satmağa başqa yer tapmır ki, gərək sənin yerini satsın?” Mən izah etdim ki, mənə və ailə üzvlərimə məxsus bu torpaq sahəsi bizim dolanışıq yerimizdir. Bələdiyyə sədri isə əsassız bəhanə gətirir ki, bu yer bizə məxsus deyil, buradan qanunsuz istifadə edirik”.

“Sənə şoranlıqdan torpaq verərik, onsuz da 2-3 ildən sonra onu da əlinizdən alacağıq”

B.Ələkbərova bildirdi ki, 2 hektar yonca və taxıl sahəsini ona çox görürlər: “Daha sonra mübahisə edilən əraziyə Göyçay rayon icra hakimiyyəti başçısının müavini Yunus Osmanlı, Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Nofəl Fərzəliyev və başqa şəxslər gələrək baxış keçirdilər. Y.Osmanlı mənə dedi ki, “Nə olsun bura sizə verilib, indi əlinizdən alınması məsləhətdir. İndiyə qədər torpaqlardan istifadə etmisən, qızlarını da köçürmüsən, indi torpaq nəyinə lazımdır ?” Bundan əlavə o qeyd etdi ki, “Sənə şoranlıqdan torpaq verərik, onsuz da 2-3 ildən sonra onu da əlinizdən alacağıq”. Bu da icra başçısının müavinini Azərbaycan vətəndaşına dediyi söz. Özü Ağdaşın Kükəl, arvadı isə Göyçay rayonunun Hüngütlü kəndinin yarısını alıb. Oğlu Ceyhun millət vəkili, bir oğlu rəis işləyir, bir sözlə varlı həyat tərzi sürürlər kimsə onlara deyirmi ki, var dövlət nəyinizə lazımdır? İndi 2 hektar yonca və taxıl sahəmi onlar mənə çox görürlər”.

“Son ümid yerim budur ki, mətbuat vasitəsi ilə ölkə prezidenti cənab İlham Əliyevə müraciətim çatsın”

B.Ələkbərova qeyd etdi ki, baş verənlərlə bağlı Ədliyyə Nazirliyinin Göyçay Regional Şöbəsinə də şikayət edib: “Oradan da mənə dedilər ki, “2001-ci ildə Bələdiyyə və Torpaq Şöbəsi sizin başınızı aldatmaq üçün sizə sənəd veriblər, o torpaq sizin deyil”.

Sonradan mənə məlum oldu ki, Göyçay Regional Şöbəsi bu işdən xəbərdardır, bizim torpaqlarımızın başqalarına satılması üçün bələdiyyə sədri Aydın Hüseynovla razılığa gəliblər. Artıq mən kimdən-kimə şikayət edəcəyimi bilmirəm. Son ümid yerim budur ki, mətbuat vasitəsi ilə ölkə prezidenti cənab İlham Əliyevə müraciətim çatsın. Tənha yaşayan bir qadınam deyə məni tək görüblər, əmlakıma hücum çəkib qanunsuz olaraq öz torpağımdan çıxarmaq istəyirlər. Cənab prezident məmurların ac gözləri doymur. Xahiş edirəm bu işə bir çarə tapasınız”.
Bolgexeber.com