BolgeXeber.Com » Gündəm » Göygöldə korrupsiyada ittiham olunan məmur:“Mənim pulum çoxdur, sən nə edə bilərsən mənə?”

Göygöldə korrupsiyada ittiham olunan məmur:“Mənim pulum çoxdur, sən nə edə bilərsən mənə?”

1-08-2014, 08:20
Oxunub: 3 491 “Sənin başına oyun açdıracam, sən hələ bilmirsən kiminlə mübahisə aparırsan. Həyat yoldaşım və oğlanlarım səni "başa salacaq"

Bolgexeber.com bildirir ki, 2 gün bundan öncə saytımızda “Göygöl Mədəniyyət şöbəsinin keçmiş əməkdaşından korrupsiya açıqlaması”adlı yazı getmişdi. Redaksiyamıza müraciət edən Göygöl sakini Şahin Məmmədovun həmin şikayət məktubunda Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən korrupsiya və qanunsuzluqlar haqda məlumatlar öz əksini tapmışdır. Bolgexeber.com bildirir ki, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsin müdiri Şərqiyyə Hümbətovanın fəaliyyətini tənqid etdiyinə görə Şahin Məmmədov işdən çıxarılıb. Bundan başqa Şahin Məmmədov Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Hümbətovanın korrupsiya əmələri ilə bağlı məktubu işıqlandırdığımızdan sonra Ş.Q.Hümbətova və yazıda adı çəkilən Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəliyinin baş mühasibi, ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva tərəfindən təhdid olunduğunu və təzyiqlərə məruz qaldığını bildirir.

Şahin Məmmədovun redaksiyamıza göndərdiyi yeni məktubu olduğu kimi oxuculara təqdim edirik: “Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 06 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Həmin vəzifəyə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini kəçərək qəbul edilmişəm.

Sizə ünvanladığım Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Hümbətovanın korrupsiya əmələri ilə bağlı məktubu işıqlandırdığınızdan sonra bu gün 31.07.2014-cü il tarixdə saat 19:30 radələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətova və Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəliyinin baş mühasibi, ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva mənim yanıma gələrək ailə üzvlərimin yanında məni təhdid etməyə başladılar. Belə ki, xanım Hümbətova sənin başına oyun açdıracam, sən hələ bilmirsən kiminlə mübahisə aparırsan. Həyat yoldaşım və oğlanlarım səni "başa salacaq".

Səni məhkəməyə verəcəm. Bir daha mənim əməllərimlə bağlı harasa müraciət etsən sənin üçün axırı pis olacaq. Məhkəmədə bütün işçiləri sənin üzünə qoyacam, səni tutduracam. Mənim pulum çoxdur, sən nə edə bilərsən mənə? və.s sözlərlə məni ailə üzvlərimin yanında təhdid etdi. Daha sonra bütün bunları sən özün etdin məndə səni işdən azad etdirdim. Vaxtında sözə qulaq asıb dediyim sənədləri imzalasaydın belə olmazdı. Sənə nə var mən inventar avadanlıqların, dəftərxana ləvazimatlarının qiymətini neçə yazıram? Sənə qalıb korrupsiya ilə mübarizə aparmaq? və.s sözlər işlədərək məni ailə üzvlərimin yanında təhdid etdi.

Bütün bu təhdidlərə cavab olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı apardığı məqsədyönlü və qətiyyətli addımları görüb dərk etmişəm. Bu mübarizənin uğurla yekunlaşacağından da əminəm. Xanım Hümbətova kimi birisi üçün mənim kimi bir gəncin həyatını ləkələmək, onu bütün dövlət orqanlarında işləmək imkanından məhrum etmək adi bir haldır. Xanım Hümbətova təşviş içərisindədir. Çünki bilir ki, artıq etdiyi qanunsuz əməllər üzə çıxacaq. Çünki bilir ki, 2013-cü ilin iyun ayının 2-də mənə imzalamam üçün verdiyi və mənim imzalamadığım aktlara Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən gəlib baxsalar, xanım Hümbətova nəinki işindən azad olunacaq həmdə heç yerdə işləməyən həyat yoldaşına aldığı 25000 manatlıq HUNDAY avtomobili, övladlarına tikdirdiyi villalar barədə ondan hesab soruşulacaq. Xanım Hümbətova təşviş içərisindədir.

Çünki bilir ki, artıq ölkəmiz günü gündən inkişaf edir. İnkişaf edən Azərbaycanda xanım Hümbətova kimi korrupsiya əməlləri ilə məşğul olan insanlara yer yoxdur.
Xanım Hümbətova məni SAHİBSİZ bilir ona görə məni təhdid etmə curəti tapır və məni ailə üzvlərimin yanında təhdid edə bilir. Amma yanılır mən SAHİBSİZ deyiləm. Mənim günü-gündən inkişaf edən, bütün vətəndaşlarına hər cür imkanlar yaradan, bütün vətəndaşlarının hüquqlarını qoruyan dövlətim var. Xanım Hümbətova təşviş içərisindədir. Çünki bilir ki, axır əvvəl ifşa olunacaq, tutduğu qanunsuz əməllərinə görə qanun qarşısında cavab verməli olacaq. Mən xanım Hümbətovanın təhdidlərindən çəkinmirəm çünki mən dövlətimə, onun Prezidentinə bütün varlığımla inanıram. Xanım Hümbətova Siz məni tutduğum düz yoldan çəkindirə bilmərsiniz! “
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com