BolgeXeber.Com » Gündəm » «Ünvanlı sosial yardım biznesi»nin gizlinləri

«Ünvanlı sosial yardım biznesi»nin gizlinləri

3-07-2010, 14:55
Oxunub: 9 191
Nazirə daha bir sarsıdıcı zərbə: hər 10 adamdan yeddisi ünvanlı sosial yardımı rüşvətlə aldığını deyir

Son zamanlar ünvanlı sosial yardım verilməsi zamanı yaranan problemlərlə bağlı çoxsaylı müraciətlər daxil olur. Şikayətçilərdən biri Sumqayıt şəhər sakini Arzu Hüseynova deyir ki, bütün sənədlərinin yerində olmasına baxmayaraq, ünvanlı sosial yardım ala bilmir. “Ailədə dörd nəfərik. Həyat yoldaşım işləmir. Özüm də işsizəm. İki azyaşlı uşaq anasıyam. Ünvanlı sosial yardım üçün tələb olunan bütün lazımi sənədləri hazırlamışam. Sənədləri yanvar ayından təqdim etməyimə baxmayaraq, məni get-gələ saldılar. Sonda da bildirdilər ki, əgər ünvanlı sosial yardım almaq istəyirəmsə, gərək alacağım yardımı altı ay ərzində onlara verəm. Bu qədər pulum olsaydı, daha yardımı nə edirdim?” söyləyən Arzu xanım çarəsiz durumda olduğunu bildirdi.

İşləməməyinin səbəbini isə təhsilsiz olması ilə bağlayan şikayətçi dəfələrlə müxtəlif dövlət və özəl müəssisələrə iş üçün müraciət etdiyini qeyd etdi: “Heç bir təhsilim yoxdur, hara iş üçün müraciət edirəmsə, müxtəlif bəhanələr gətirərək məni qəbul etmirlər. Xadimə işi üçün də müraciət etmişəm, amma tapa bilmirəm. Həyat yoldaşımla da qeyri-rəsmi olaraq ayrılmışam. Səbəb isə onun içki düşkünü olmasıdır. Bu üzdən iki uşaqla qalmışam naəlac. Oğlumun 10, qızımın isə 7 yaşı var”, söyləyən Arzu xanım qohumlarının hesabına dolanmaqdan yorulduğunu bildirdi.

Problemi araşdırmaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə etdiyimiz müraciətlərə baxmayaraq, suallarımızı cavablandıran olmadı. Müfəttişlər məsuliyyəti bir-birinin üstünə atdılar. Daha sonra isə telefon zənglərimiz cavabsız qaldı.

Ekspert: «Bəzi yerlərdə dörd, bəzi yerlərdə beş aylıq yardım pulunu vətəndaşlardan əvvəlcə alırlar»

Ünvanlı sosial yardımın verilməsində yaranan bu və ya digər problemlərlə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti iqtisadçı Qalib Toğrul bu sistemdə qanun pozuntularının çox olduğunu bildirdi. “Biz ünvanlı sosial yardımla bağlı Sumqayıtda, Bakının Nizami rayonunda yeyinti faktlarına rast gəlmişik. Faktların çoxunda ünvanlı sosial yardım almaq üçün plastik kartlar verilən zaman əvvəlcədən məbləğin bir hissəsi alınır. Bu hallar müxtəlif rayonlarda müxtəlif səviyyələrdədir. Bəzi yerlərdə dörd, bəzi yerlərdə beş aylıq pulu alırlar. Rastlaşdığımız qanun pozuntularının bəziləri yüksək təminatlı ailələrin yardım alması ilə bağlıdır. Pozuntuların əksəriyyəti də aztəminatlı ailələrin etdiyi müraciətlərin qəbul edilməməsilə bağlı olur. Bir çox hallarda şikayətləri araşdıran zaman görmüşük ki, narazı qalan ailəyə yardım düşdüyü halda, kimlərsə onların müraciətini rədd edib. Əlbəttə, burada günah ancaq müfəttişin üzərinə düşür. Sizə şikayət edən xanım da demək olar eyni problemi yaşamaqdadır. Əslində xanımın sənədləri qəbul olunmalıdır və o Məşğulluq İdarəsində qeydiyyata durmalıdır”, söyləyən ekspert bu sistemdə müəyyən boşluqların olduğunu bildirdi.

Füzuli Ələkbərovun nazirliyi suçu vətəndaşların üzərinə atır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli isə şikayətçi Arzu Hüseynovanın iddialarını əsassız saydığını bildirdi: “Arzu Hüseynova Sumqayıt şəhərində, 42 - ci məhəllədə yerləşən 14 saylı yataqxanada yaşayır. Ailə tərkibi 4 nəfərdən ibarətdir. Xanım vurğuladığı kimi müraciəti yanvar ayında deyil, may ayında edib. Müraciət etdikdə məlum olub ki, rəsmən olmasa da Arzu xanım öz həyat yoldaşından ayrılıb. Xanımın yoldaşı yataqxanadakı evlərini satıb. Ona görə də o, məcbur olub ata evinə köçüb. Orada da xanımın atası, anası, qardaşı, qardaşının yoldaşı, uşaqlar və Arzu xanımın 21 yaşlı bacısı yaşayır. Belə olan halda ailə tərkibi dəyişmiş hesab olunur və onların da aylıq gəliri hesablanır. Bu səbəbdən xanıma deyilib ki, sənədləri yenidən düzəltsin. Arzu xanımdan heç kəs altı aylıq pulu qabaqcadan istəməyib. Özüm də xanımla telefonda danışdım, vəziyyəti tam təfsilatı ilə izah elədim. Sadəcə xanıma ailə vəziyyətinə görə ünvanlı sosial yardım düşmədiyi üçün yalandan bəhanələr axtarıb”.

Ünvanlı sosial yardım verilməsi üçün nəzərdə tutulan plastik kartların müfəttişlər tərəfindən altı ay müddətinə vətəndaşlardan alınmasına inanmayan Kələntərli hələ onlara belə şikayətin daxil olmadığını bildirdi. Nazirlik rəsmisi bu sistemdə müəyyən problemlərin olmasını inkar etməsə də, hazırda vəziyyətin qənaətbəxş olduğunu vurğuladı.


Bəs sosial ünvanlı yardımı kimlər almalıdır?

Bu arada bir daha ünvanlı sosial yardım almaq üçün tələb olunan şərtləri təqdim edirik:

1. Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti
2. Ailə tərkibi haqqında yaşayış yerindən arayış
3. Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamənin surəti
4. Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti (lazım gəldikdə)
5. Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış (lazım gəldikdə)
6. Ailə üzvünün ali, orta-ixtisas və ya texniki-peşə təhsili alması barədə təhsil müəssisəsinin arayışı (lazım gəldikdə)
7. Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən gələn gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı və s.) barədə müvafiq orqanın arayışı
8. Ailə üzvləri tərəfindən əmlakın icarəyə verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti (lazım gələrsə)
9. Ailəyə və ya hər hansı ailə üzvünə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd

Yoxsulluğun 11 faizə düşməsi ağ yalandır?

Yeri gəlmişkən, ünvanlı sosial yardımların verilməsinin monitorinqi ilə bağlı bir qrup qeyri-hökumət təşkilatı bu günlərdə Azərbaycanın 10 rayonunda apardığı sorğunun nəticələrini elan edib. Sorğuya cəlb edilmiş 1500 nəfərin 73 faizi ünvanlı sosial yardım almaqda əsas rolu korrupsiyanın oynadığını deyib.
Monitorinqi aparmış qeyri-hökumət təşkilatlarından biri olan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirir ki, bir ünvanlı sosial yardım alanların sayının ilbəil artması da hökumətin ölkədə yoxsulluğun 11 faizə düşməsi haqqında məlumatı ilə ziddiyyət təşkil edir.


Kasıba çatmalı pulu məmur necə oğurlayır?

Əliməmməd Nuriyevin verdiyi məlumata görə, bir illiyə təyin edilən ünvanlı sosial yardımların üç-dörd, bəzən altı ayını məmurların mənimsəməsi barədə məlumatlar geniş yayılıb. Bundan başqa, monitorinq zamanı üzə çıxıb ki, bu sahədə korrupsiyanın qarşısının alınmasına hesablanmış kart sistemi də özünü doğrultmayıb. Sorğuda iştirak edən vətəndaşlar bildiriblər ki, kartlar onlara pinkodları açılmış şəkildə verilib.

İyunun 8-də Baş Prokurorluğun yaydığı məlumatda da kasıblara verilməli olan ünvanlı sosial yardımı məmurların mənimsəməsindən bəhs olunur. Prokurorluğun məlumatına görə, Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin bir neçə əməkdaşı ünvanlı yardımın bir neçə ayını mənimsəməyə görə həbs ediliblər.

Füzuli Ələkbərova təzə bina, köhnə... tas…

Yeri gəlmişkən, dünən Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni binasının açılışı oldu. Dəbdəbəli binadır. Müasir standartlara uyğundur – nazirin özünün dediyi kimi.

Amma məsələ yeni binada deyil. Əgər Füzuli müəllim və onun nazirliyinin köhnə iş prinsipləri qalacaqsa, bu təzə binanın heç bir mənası qalmayacaq. Əslində təzələnməli heç o nazirliyin binası da deyildi axı. Təzələnməli olan adıçəkilən qurumun idarəçilik təfəkkürüdür, öz vəzifə və səlahiyyətlərinə yanaşma metodur. Əks halda o təzə divarlar belə korrupsiya, rüşvət, mənimsəmə qoxumaqda davam edəcək.

P.S Bolgexeber saytı olaraq bildiririk ki, bölgələrdə adıcəkilən məsələ ilə bağlı əlaqədar olaraq sorğularımız olacaq.