BolgeXeber.Com » Gündəm » Sumqayıtın bələdiyyə sədrindən şikayətlər artır

Sumqayıtın bələdiyyə sədrindən şikayətlər artır

2-08-2014, 09:40
Oxunub: 3 168 Əbülfəz Babayevin başı hansı işlərə qarışıb?

Bu gün bələdiyyə dedikdə, ilk ağıla gələn həmin qurumların fəaliyyətsizliyidir. Elə bu səbəbdən də, bələdiyyələr adətən fəaliyyətsiz icra orqanları kimi tanınırlar. Çünki ölkədə mövcud olan icra hakimiyyətləri səlahiyyətlərin bir çoxunu əlində cəmləşdirdiyindən, bələdiyyələrin iş imkanları məhdudlaşır. Buna baxmayaraq, qanunda təsbit olunmuş maddələrlə bələdiyyələrin də qarşısına qoyulan bir sıra ciddi vəzifələr var. Əslində, bələdiyyələrin əsas məqsədi ərazidə yaşayan əhalinin ictimai, sosial-məişət problemlərini həll etməkdir.

Lakin bələdiyyələr əksər hallarda hələ də, rayon icra hakimiyyəti orqanlarının bir strukturu qismində çıxış edirlər. Ümumiyyətlə, bəzi bələdiyyələr üzərlərinə düşən öhdəliklərin nədən ibarət olduğunu belə, bilmirlər. Bir çox qəsəbə və kəndlərdə bələdiyyələrin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bir sözlə, sanki bələdiyyələr yalnız şəxsi mənfəətləri üçün çalışırlar. Belə bələdiyyələrdən biri də, məhz Sumqayıt bələdiyyəsidir. Qəsəbə sakinlərinin sözlərinə görə, Əbülfəz Babayev bələdiyyə sədri postuna əyləşdiyi gündən "Bələdiyyələr haqqında" Qanunu bir kənara qoyub, ancaq özünün müəyyən etdiyi qaydalarla hərəkət edir. Əbülfəz Babayev Sumqayıt bələdiyyəsinə rəhbərlik etməsinə baxmayaraq, hələ də başa düşmür ki, bələdiyyələr vətəndaşa aid sosial məsələlərlə məşğul olmalı, imkan daxilində onların həllinə çalışmalıdır. Lakin o, bu barədə heç düşünmək belə, istəmir. Bələdiyyənin işçiləri isə insanları get-gələ salır, müraciətlərə və şikayətlərə laqeyd yanaşırlar. Bu da birmənalı olaraq, vətəndaşların hüquqlarının pozulması deməkdir. Şəhər sakinləri torpaq sahələrinin tükəndiyini və boş torpaq ərazilərinin hamısının satıldığını deyirlər. Həmçinin o da qeyd olunur ki, Əbülfəz Babayev yerindən asılı olaraq, torpaq sahələrini müxtəlif qiymətlərə sataraq külli miqdarda gəlir əldə edir. Bununla bərabər, Əbülfəz Babayevin saxta torpaq sənədlərini bir neçə vətəndaşa satmaqla vəsait toplaması da gündəmdədir. Məlum olduğu kimi, bələdiyyələrin vətəndaşlara birbaşa torpaq satması bir neçə il bundan əvvəl qadağan edilib. Mülkiyyətlərində torpaq sahəsi olan bələdiyyələr isə bunu ancaq hərrac yolu ilə həyata keçirə bilərlər. Torpaq satışının hərrac yolu ilə həyata keçirilməsində əsas məqsəd bu sahədə dəhşətli səviyyəyə çatan rüşvət və korrupsiya hallarının qarşısını almaq idi. Hərrac üsuluna keçiləndən sonra qanun pozuntuları bir qədər səngiyib. Buna baxmayaraq, bəzi bələdiyyə sədrləri hələ də, hərracdan kənar yollara baş vururlar. Göründüyü kimi, bələdiyyə sədri rəhbəri olduğu yerli özünüidarəetmə qurumunun öhdəliyindəki işləri yerinə yetirmir. Bələdiyyənin balansında olan park və yollar istifadəyə yararsız vəziyyətdə olsa da, görünür, sədrin başı torpaq satışına qarışdığı üçün bələdiyyənin səlahiyyətində olan əsas məsələlərlə məşğul ola bilmir.

Bütün bu deyilənlər bir daha onu göstərir ki, bu gün hələ də, vəzifəsindən sui istifadə edən şəxslər var. Və bu duruma "dur" deməyin zamanı çoxdan çatıb.