BolgeXeber.Com » Gündəm » "Azəriqaz" necə qanunsuzluqlara imza atır? - şikayət var

"Azəriqaz" necə qanunsuzluqlara imza atır? - şikayət var

2-08-2014, 18:35
Oxunub: 5 202 Bir müddət əvvəl “Azəriqaz”ın Suraxanı Qaz İstismarı Sahəsində çalışmış Nərgiz Nağıyeva dünən redaksiyamızda oldu... Əməkdaşımıza geniş müsahibə verən N.Nağıyeva həm də redaksiyamıza şikayət ərizəsini təqdim etdi. N.Nagıyeva deyir:

- Mən uzun illərdir ki, Suraxanı Qaz İstismar Sahəsində çalışmışam... Lakin bir müddət əvvəl idarənin rəhbərliyi əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam vermək qərarına gəldi... Bundan sonra əmrin ləğvi üçün məhkəməyə müraciət etdim. Lakin Suraxanı rayon Məhkəməsinin hakimi adəti üzrə sıravi vətəndaşın deyil, məmur-rəisin hüquqlarını və mənafelərini müdafiə etmək yolu tutdu... Odur ki, məhkəmənin həmin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət vermişəm. Cavabdeh isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin Suraxanı Qaz İstismarı Sahəsidir. Bakı Apelyasiya Məhkəməsindən xahişim budur ki, işə ədalətli baxılsın və “Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli, 2(010)-4562/2014 saylı Qətnaməsini ləğv edərək yeni qərar qəbul etsin.

Hörmətli redaksiya!

Onu da bildirirəm ki, mənim mülki işim üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Suraxanı Qaz İstismarı Sahəsidir. “Əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəriqaz” İstehsalat Birliyinin Suraxanı Qaz İstismarı Sahəsinin 30.05.2014-cü il tarixli, 74 k saylı Əmrinin etibarsız hesab edilməsi, işə bərpa, 30.05.2014-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə” iddia ərizəm Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli, 2(010)-4562/2014 saylı (Hakim: Elçin Ağayev) Qətnaməsi ilə təmin edilməmişdir. Aşağıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli 2(010)-4562/2014 saylı Qətnaməsi əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli və İddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Əmək müqaviləsi bağlamaqla 16 oktyabr 2006-cı il tarixdə, “Azəriqaz” QSC-nin 1 saylı Qaz İstismarı Sahəsinə, 4-cü dərəcəli çilingər nəzarətçi vəzifəsinə işə qəbul edilmişəm. 04.04.2007-ci il tarixdə bu idarənin Qaz Qəza Dispetçer Xidmətinə 3-cü dərəcəli operator vəzifəsinə keçirilmişəm. 07.01.2008-ci ildə bu idarədə 4-cü dərəcəli operator vəzifəsinə keçirilmişəm. 18 may 2010-cu il tarixdə Qaz İstismarı Sahəsi ilə yenidən Əmək müqaviləsi bağlamışam və 3 ay sınaq müddəti tətbiq edilməklə Qaz kəmərlərinin və avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətt baxıcı vəzifəsinə təyin edilmişəm. 30.03.2010-cu il tarixdən isə Əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəriqaz” İstehsalat Birliyinin Suraxanı Qaz İstismar Sahəsinə xətt baxıcısı vəzifəsinə işə qəbul edilmişəm. Cavabdeh müəssisədə işlədiyim müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsində, mənimlə bağlanmış Əmək müqaviləsində və Vəzifə Təlimatında göstərilən vəzifə və öhdəliklərimi layiqincə yerinə yetirmişəm. İşəgötürən tərəfindən bu funksiyaların yerinə yetirilməsi ilə əlaqədar mənə qarşı hər hansı bir irad tutulmayıb, vəzifə və funksiyaların yerinə yetirilməməsi ilə əlaqədar mənə qarşı intizam tənbehi tədbiq olunmayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəriqaz” İstehsalat Birliyinin Suraxanı Qaz İstismar Sahəsinin 30.05.2014-cü il tarixli, 74 k saylı Əmri ilə mənimlə bağlanmış Əmək müqavuləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə 30.05.2014-cü il tarixdən ləğv edilmişdir. Mənimlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəriqaz” İstehsalat Birliyii, Suraxanı Qaz İstismar Sahəsinin 30.05.2014-cü il tarixli, 74 k saylı Əmrini aşağıda göstərilənlərə görə əsassız və qanunsuz hesab edirəm.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Lakin Suraxanı Qaz İstismar Sahəsi işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müvafiq tədbir görməmiş, məni bu sahədə və ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyiinin digər müəssisələrində işlə təmin etmək üçün səy etməmişdir. Baxmayaraq ki, mənim bu sahədə işləmək üçün “mühasib, fərdi komputer operatoru” kimi digər bir ixtsasım da var, bu barədə olan Diplom da cavabdeh müəssisəyə təqdim olunub. Eyni zamanda məhkəməyə bildirirəm ki, “Azəriqaz” İstehsalat Birliyində mənim ixtisas və peşəmə uyğun kifayət qədər iş yerləri vardır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ixtisar olunmuş yüzlərlə işçi “Azəriqaz” İstehsalat Birliyində digər işlə təmin olunurlar. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəyanatları mətbuatda dəfələrlə səsləndirilib və ixtisara düşmüş işçilər “Azəriqaz” İstehsalat Birliyində müvafiq işlə təmin olunmuşlar.

Suraxanı Qaz İstismar Sahəsi hüquqi şəxs olmadığından, eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri tərəfindən Suraxanı Qaz İstismar Sahəsinin sahə rəisi Hacı Şahbazova belə bir səlahiyyət verilmədiyindən, mənimlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə “Azəriqaz” İstehsalat Birliyi, Suraxanı Qaz İstismar Sahəsinin 30.05.2014-cü il tarixli, 74 k saylı Əmrinə imza etməsi qanunsuzdur və bu əsasdan da məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

Ən vacibi, mənimlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan “Azəriqaz” İstehsalat Birliyi, Suraxanı Qaz İstismar Sahəsinin 30.05.2014-cü il tarixli, 74 k saylı Əmrinə, Suraxanı Qaz İstismar Sahəsinin sahə rəisi Hacı Şahbazov tərəf kimi imza edib. Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrə Suraxanı Qaz İstismar Sahəsinin sahə rəisi Hacı Şahbazov tərəfindən, Əmək müqaviləsinin ləğv edilməsi barədə Razılığı isə bu Sahənin Həmkarlar İttifaqı Təşkilatı deyil, “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov verib ki, bu da qanunsuzdur. Belə ki, əmək münasibətlərində olduğumuz Suraxanı Qaz İstismar Sahəsinin Həmkarlar İttifaqı Təşkilatı fəaliyyət göstərir və bu Razılıq yuxarı orqan olan “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən deyil, Suraxanı Qaz İstismar SahəsininHəmkarlar İttifaqı Təşkilatı tərəfindən verilməlidir.

“Əslində, bu əmr işçilərin sayının azaldılması və ya ştatların ixtisarı deyil, daha çox struktur dəyişikliyidir...”

Nəhayət, “Azəriqaz” İstehsalat Birliyinin 17.03.2014-cü il tarixli, 192 Ü saylı Əmrinin 1.1-ci bəndi ilə bu Birliyin tərkibində olan Rayonlarda, o cümlədən də Suraxanı Rayonunda fəaliyyət göstərən “Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza xidmətləri” ləğv edilsə də, 2.2-ci bəndinə əsasən Təmir Tikinti İdarəsinin nəzdində mərkəzləşdirilmiş “Qəza, təmir bərpa xidməti” yaradılmışdır. Elə “Azəriqaz” İB-nin 17.03.2014-cü il tarixli, 192 Ü saylı Əmrindən də görünür ki, əslində, bu əmr işçilərin sayının azaldılması və ya ştatların ixtisarı deyil, daha çox struktur dəyişikliyidir. Bu ixtisar olsa belə, cavabdeh müəssisə ləğv edilmiş xidmətin yerinə, yeni yaradılmış xidmət sahəsinə bu müəssisədə çalışan və müəyyən təcrübəyə malik olan və ixtisara düşmüş işçiləri işə qəbul etməlidir, nəinki kənarda işçi qəbul etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsi də İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş tədbirlərin görülməsini nəzərdə tutur. Hesab edirəm ki, mənimlə bağlanmış Əmək müqaviləsi ləğv edilərkən mənə analoji və yeni yaradılmış xidmətdə analoji vəzifənin təklif edilməməsi, Suraxanı Qaz İstismar Sahəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsinin və “Azəriqaz” İstehsalat Birliyinin 17.03.2014-cü il tarixli, 192 Ü saylı Əmrinin tələblərinin pozulmasıdır.

Bütün bunları əsas tutaraq hesab edirəm ki, Suraxanı rayon Məhkəməsinin məlum qətnaməsi ləğv ediləcək və mən yenidən öz doğma iş yerimə qayıdacağam.

Redaksiyadan: Dünən Suraxanı rayon Qaz İstismar Sahəsinin rəisi rəisi Hacı Şahbazovla danışmaq və onun məsələyə dair mövqeyini öyrənmək, bəzi suallara cavab almaq istədik. Lakin özünü köməkçi kimi təqdim edən şəxs rəislə əlaqə yaradılmasına kömək edəcəyini bildirsə də, bunu günün sonuna kimi etmədi. tezadlar.az