BolgeXeber.Com » Gündəm » Sumqayıt Mərkəzi Poçtunda işçilər kütləvi qovulur

Sumqayıt Mərkəzi Poçtunda işçilər kütləvi qovulur

4-08-2014, 12:25
Oxunub: 3 384 Bahar Mustafayeva: “Məni işdən faktiki olaraq çıxarıblar”

Sumqayıt şəhər sakini şəhər poçtundan şikayətçidir. Bahar Mustafayeva bununla bağlı redaksiyamıza yazdığı məktubda bildirir ki, uzun illər Sumqayıt Mərkəzi Poçtunda işləyib. Rabitəçinin sözlərinə görə, iyulun 10-da müdir onu heç bir xəbərdarlıq etmədən, heç bir əsas gətirilmədən işdən azad edib.
“Məni işdən faktiki olaraq qovub çıxarıblar. Çünki müdir bildirdi ki, işdən çıxmaq barədə ərizə yazmasam, işdən qovacaq. Bu halda mənim 21 illik stajım itirdi. Məcbur olub ərizə yazdım. Bilmirəm, məni qovmaqla bağlı əmrdə nə göstərəcəkdi. Adətən bu, işinin öhdəsindən gəlməmək, işdə yol verilən nöqsanlarla bağlı olur. Bunu yazsaydı, stajım batacaqdı”.
Xanımın sözlərinə görə, müdir köhnə işçiləri bəhanə ilə işdən çıxarır və yerinə yenilərini götürür: “Belə iddialar var ki, yeni işçilər pulla, rüşvətlə işə götürülürlər. Son iki ayda 5-6 nəfər işdən çıxarılıb. Əsasən işçilər ərizə yazmağa məcbur edilir, ərizə yazmayanlar isə işdən qovulur. Mən 10 il həmin idarədə işləmişəm və heç bir töhmətim olmayıb. Müdir mənim yerimə başqasını götürəcəyi üçün məcburi ərizə yazdıraraq məni işdən çıxartdı”.
Şikayətçi baş verənlərlə bağlı ölkənin birinci xanım Mehriban Əliyevaya məktub yazdığını söylədi: “Həmçinin, ”Aztelekom»a, Rabitə Nazirliyinə müraciət etmişəm. Nazir müavini mənə cavab verib ki, gedin probleminizi özünüz öz aranızda həll edin. Onda nazirlik nə üçündür ki? İndi də rabitə nazirinin qəbuluna yazılmışam, on günə məni qəbul etməlidir. Əgər işə nazir də baxmasa, məhkəməyə verəcəyəm. Mən 1992-93- illərdə Qubadlı rayonunda müharibənin qızğın vaxtlarında rabitəçi işləmişəm. Akif Əsgərova Heydər Əliyevin qaçqın və məcburi köçkünlər haqda dediklərin xatırlatdım. O, bunların heç birinə məhəl qoymadan məni işdən azad etdi və yerimə müəlliməni işə götürdü. Qubadlı köçkünüyəm. O vaxt gecə ermənilər qrad atanda mən növbədə olmuşam. Həyat yoldaşım müharibə veteranı, oğlum hərbiçidir, müddətdən artıq hərbi xidmətdədir. Poçt müdirinin Heydər Əliyevin köçkünlərlə bağlı verdiyi qərarı pozmağa nə ixtiyarı var? Heydər Əliyevin fərmanın müdirin yadına salanda dedi ki, fərman verib, əcəb eləyib, get səni işə də götürsün».
B.Mustafayevanın sözlərinə görə, müdir Sumqayıt Mərkəzi Poçtunun rabitəçi işçilərinin əksəriyyətini işindən uzaqlaşdırıb yerinə müəllimə və şəfqət bacılarını yerləşdirir.
Qarşı tərəfin də rəyini verməyə hazırıq.
musavat com