BolgeXeber.Com » Gündəm » Azərbaycan ordusu daha iki əsgərini itirdi

Azərbaycan ordusu daha iki əsgərini itirdi

6-08-2014, 07:50
Oxunub: 2 843 Son 7 ayda 63 hərbçimiz ölüb; Üzeyir Cəfərov: “İtkilərin səbəbini Ağdamda, Tərtərdə, Naxçıvanda yox, Bakıda axtarmaq lazımdır”

Azərbaycan Silahlı Qüvvələrinin daha iki əsgəri dünyasını dəyişib. Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.Xatırladaq ki, srağagün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimizi itirmişik. 19 yaşlı Murad Mahir oğlu Səmədov ehtiyatsızlıqdan açılan silahdan güllə yarası alaraq ölüb.

Bu itkilər yenidən qeyri-döyüş şəraitində həlak olan hərbiçilərimizlə bağlı mövzunu yenidən gündəmə gətirib. Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, orduda kompleks işlər aparılmayınca bu itkilərin qarşısını almaq mümkün olmayacaq: “Əvvəla, qanunvericilik bazasına mütləq şəkildə əl gəzdirmək lazımdır. Ordu ilə bağlı qanunvericilik müasir tələbələrə uyğunlaşdırılmalıdır. 21-ci əsrdir, çalışmalıyıq ki, qanunvericilikdə yaş, tək oğul, sosial və digər məsələlər öz həllini tapsın. Günaşırı qeyri-döyüş şəraitində həlak olan əsgərlərimizlə bağlı xəbərlər eşidirik. Çox üzülürük. Müdafiə Nazirliyi avqustun 5-də baş verən itki ilə bağlı məlumat yayıb ki, əsgər ehtiyatsızlıqdan silahdan açılan atəş nəticəsində ölüb. Bu faktlar necə var elə də çatdırılmalıdır”.

Ü.Cəfərovun sözlərinə görə, yaş məsələsi orduda itkilərin sayının çoxalmasına təsir edən əsas amillərdən biridir: “Beyləqan korpusunda ölən Murad Mahir oğlu Səmədovun 19 yaşı var imiş. Orta məktəbi bitirən kimi hərbi xidmətə gələn insan ordudakı müxtəlif yaşlı əsgərlər arasında adaptasiya ola bilməyəcək. Müxtəlif yaş qrupuna aid əsgərlər bir yerdə xidmət edəndə istər-istəməz xoşagəlməz konfliktlər meydana gəlir. Bunun səbəbini Ağdamda, Tərtərdə, Naxçıvanda yox, Bakıda axtarmaq lazımdır. Bu qədər hadisələrin fonunda biz hələ də qeyri-döyüş şəraitində həlak olan əsgərlərimizdən danışırıq. Əsgər bir-birinə qəsd edir, açıqlama yayırlar ki, silahla ehtiyatsız davrandığına görə həlak olub. İndi araşdırma aparılacaq. Bu tip faktları araşdırdıqda çox vaxt məlum olub ki, hadisənin əsl səbəbi başqadır”.
Ü.Cəfərov vurğuladı ki, Müdafiə Nazirliyi informasiya siyasətini də düzəltməlidir: “İlin-günün bu ağır vaxtında nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı kameraların qarşısında iki kəlmə sözü düzüb-qoşub deyə bilmədi. Müharibə şəraitində olan bir ölkədə əsgər intiharları və ya bir əsgərin digər əsgər yoldaşını qətlə yetirməsi ruh düşkünlüyü yaradır. İnsanlarda ordu ilə bağlı formalaşmış fikrə mənfi təsir göstərir”.

Hərbi ekspertin sözlərinə görə, orduda hərbi psixoloq ştatını artırmaq lazımdır: “Hərbi psixoloqların bütün hərbi hissələrdə olması bu xoşagəlməz və ordumuza yaraşmayan hadisələrin xeyli hissəsinin qarşısını alacaq. Əsgər yoldaşına və yaxud özünə qəsd edən əsgərin mütləq psixoloji problemləri olur. Problemi olan əsgərlərlə komandirləri, komandalıq maraqlanmalıdır”.

Məlumat üçün bildirək ki, son 7 ayda Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 63 hərbçi ölüb, 98 nəfər yaralanıb. Bu statistikanı “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yayıb. Mərkəzin məlumatına görə, itkilərin 23-u döyüş, 3-ü mina partlayışı, 37-si isə qeyri-döyüş itkiləridir.

Bundan başqa, 10 nəfər avtoqəza, 1 nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 7 nəfər xəstəlikdən vəfat edib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). İtkilərin 42-si Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə, mərkəz bildirir ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən, 8-i intihara cəhddən, 15-i Ermənistan tərəfin atdığı güllələrdən, 9 nəfər mina, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən yaralanıblar. 1 nəfər zəhərlənib.

Yaralanan və xəsarət alanların 83 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar. Həmin dövrdə 1 hərbi çağırışçı avtomobil qəzasında həlak olub.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 7 ay ərzində Azərbaycanın 10 mülki vətəndaşı Ermənistan silahlılarının açdığı atəşdən yaralanıb, 2 nəfərsə həlak olub. Bundan başqa, 2 mülki vətəndaş Ermənistan tərəfindən girov götürülüb.