BolgeXeber.Com » Gündəm » "Yaşıl bazar"da anti-sanitariya tüğyan edir

"Yaşıl bazar"da anti-sanitariya tüğyan edir

6-08-2014, 13:00
Oxunub: 5 216 Alıcılar isə hər addımbaşı aldadılır

Bu gün paytaxtda kifayət qədər bazar var. Əksər bazarlarda məhsullar fırıldaq yolu ilə əhaliyə satılır. Bu bazarlardan biri "Yaşıl bazar"dır. Bu bazarda insanları tərəzidə aldadırlar. Düzdür, orada nəyi desən tapmaq olar. Lakin digər bazarlarla müqayisədə burada hər şey tapmaq mümkün olsa da, qiymətlər od tutub yanır. Redaksiyamıza daxil olan məlumata görə deyə bilərik ki, alıcılar qiymətin bahalığından şikayət edirlər. Vətəndaşlar bildirir ki, daha xaricdən gətirilən məhsullarda qiymət artımı müşahidə edildiyini bilidirirlər. Adıçəkilən bazarda qanunsuzluq və özbaşınalıq baş alıb gedir. Məhsulları kim hansı qiymətə istəyirsə, o qiymətə də satır. Belə olan halda isə insanlar bu bazradan üz döndərməyə çalışırlar.

Bundan başqa Yaşıl bazarda çalışanların sağlamlığı şübhə altındadır. Təəssüf ki, "Yaşıl bazar"da fəaliyyət göstərən nəinki kənd təsərrüfatı məhsulları satan satıcılar, hətta müxtəlif iri və xırda buynuzlu heyvanları kəsib gətirib satan qəssablar da vaxtı-vaxtında tibbi müayinədən keçmirlər. Üstəlik, onların satdığı ət məhsullarının bir çoxu ya köhnə olur, ya da dana əti altında camış və başqa ət satırlar. Əlbəttə, hər hansı yerdə lazımi nəzarət olmayanda nəinki orda keyfiyyətsiz ət satılacaq, hətta mənşəyi bilinməyən ətləri də bu cür yerlərdə satmaq istəyənlər daha da çox olacaq. Ət satışında yaranmış özbaşınalıq lap həddini aşıb. Görəsən, bazarda hər gün ət satışına nəzarət edən, onu laboratoriya analizindən keçirən və möhür vurub icazə verən baytar həkim hara baxır? Aydındır ki, bizim bazarlarımızın əksəriyyətində həkimlərin nəzarəti bir o qədər də yaxşı deyil. Daha doğrusu, onlar ət satanlardan "şirinlik" alandan sonra öz möhürlərini ətin üstünə çox asanlıqla vururlar. Bu da sirr deyil ki, bu gün bir çoxları keyfiyyətsiz ət satmağın yolunu onu yeməkxana, kafe və bazarlara ötürməkdə görür. Çünki belə işbazlar həmin adamlarla çox asan dil tapa bilirlər. Hələ biz onu demirik ki, çəkidə camaatı qəssablar necə aldadır və sanitar qaydalara əksər vaxtı riayət eləmirlər. etibarlı mənbənin verdiyi məlumata görə, Yaşıl bazarın sahibi vergidən yayınır. Orada çalışan fiziki və hüquqi şəxslər qeydiyyata alınmırlar və dövlətə lazımi vergini ödəmirlər. Bu isə dövlətin büdcəsinə nə qədər ziyan vurur.

Müşahidələrə əsasən deyə bilərik ki, Yaşıl bazarda antisanitariya hökm sürür. O da aydındır ki, hər bir bazarın sahibi onun daha yaxşı fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görür, təmizlik yaradır. Burada bir çox halda sanitar normalara əməl edilsə də, bəzi hallarda bu normalar pozulur. Bunu isə ən çox pozan bazarda fəaliyyət göstərən satıcılardır. Çünki onlar fikirləşirlər ki, məhsulumu satıb tez çıxıb getdim, hər şey düzəldi. Ancaq bu satıcılar onu fikirləşmirlər ki, sabah bir başqası gəlib həmin yerdə lövbər salacaq və məhsulunu satacaq. Təəssüflə qeyd edilməlidir ki, sanitar həkimləri də burada mövcud olan qanun pozuntularına çox vaxtı göz yumur, tədbir görməməklə sanki bu cür şəraitə rəvac verirlər.

İndi alıcı istəyir ki, getdiyi bazardan daha keyfiyyətli və təzə məhsul alsın. Alıcı görəndə ki, bazardakı ət keyfiyyətsizdir, köhnədir və satıcı onu aldadır, kəf gəlir, bir daha həmin yerə üz tutmaq istəmir. Göstərdiyimiz bu nöqsanlar da "Yaşıl bazar"da davam etməkdədir. Görəsən, "Yaşıl bazar"da qanun pozuntuları nə vaxta qədər davam edəcək və orada vergidən yayınma hallarının qarşısı haçan alınacaq? Bax, bu suala biz yox, əlaqədar təşkilatlar daha dəqiq cavab verə bilər.

Mövzuya yenidən qayıdacağıq.