BolgeXeber.Com » Gündəm » Etdikləri əməlləri ilə populyarlaşan Zərdabın icra başçısı

Etdikləri əməlləri ilə populyarlaşan Zərdabın icra başçısı

8-08-2014, 15:05
Oxunub: 3 809 Zərdab rayonunu iflic vəziyyətə salan Lütfəli Babayev

Zərdab rayon İcra başçısı Lütfəli Babayev tez-tez rayondakı vəziyyətlə, əməlləri ilə gündəmə gəlsə də, görünün bu onu elə də narahat etmir. Qeyd edək ki, bu barədə bizim qəzetdə də, müxtəlif tənqidi yazılar dərc edilib. Deyilənlərə görə, hətta Lütfəli Babayev barədə dövlət başçısına da müxtəlif zamanlarda şikayətlər edilib. Əldə edilən məlumatlarda dövlət başçısına ünvanlanan şikayətlərdə icra başçısının boru satmasından tutmuş, "hinduşka macərası"na qədər çoxsaylı faktlar yer alıb. Lakin şikayətlərin ardı-arası kəsilmir. Buna baxmayaraq, Lütfəli Babayev bu gün də bir sıra qanunsuz əməllərini davam etdirməkdədir.

Sakinlər bildirirlər ki, icra başçısı rayonun su problemini şəxsi biznesinə çevirib. Söhbət ondan gedir ki, rayon mərkəzində su xətlərinin istismar müddəti başa çatıb və borular sıradan çıxıb. Nəticədə əhali içməli suya həsrət qalıb. İcra başçısı isə bundan istifadə edərək, özü üçün biznes qurub. Zərdablılar bildirir ki, onlar Lütfəli Babayevə məxsus su maşınlarından içməli su almaq məcburiyyətində qalırlar. Bundan başqa, Lütfəli Babayevin tapşırığı ilə rayonun abadlaşdırılması adı altında büdcə təşkilatlarından, sahibkarlardan və sıravi vətəndaşlardan pul yığılır. Baxmayaraq ki, ötən il rayon mərkəzinin abadlaşdırılması ilə bağlı büdcədən Zərdabın icra nümayəndəliyinə 500 min manat vəsait ayrılıb. Amma həmin vəsaitin hara xərclənməsi hələ də, sakinlərə qaranlıq qalan məqamlardandır. Bundan başqa, rayonda ət satışının icra başçısının inhisarında olması deyilir. Elə bu səbəbdən də, ətin bahalaşması ilk olaraq, Zərdab rayonunda müşahidə edilir. Lütfəli Babayevin Zərdabda 22 maldarlıq ferması olduğu və bir müddət əvvəl rayonda fəaliyyət göstərən ət dükanlarını yığışdırması, onların əvəzinə özünə məxsus ət dükanlarını yerləşdirməsi də gündəmə gəlmişdi. Deyilənə görə, indi Zərdabda yalnız icra başçısına məxsus ət dükanları fəaliyyət göstərir və onlar da ətə Lütfəli Babayevin istəyinə uyğun qiymətlər qoyurlar. Hətta sakinləri bildirirlər ki, rayonda ən böyük, ən yüksək vəzifədən tutmuş ən aşağı vəzifəyə, hətta xadiməliyə, qarovulçuluğa qədər hər şey icra başçısının nəzarəti altındadır. Bundan başqa, Zərdabdakı təhsil işçilərinin, müəllimlərin məzuniyyət pulları yarıbayarı alındığı da vurğulanır. Bütün bu sadalananlarla bərabər, rayonda işsizlik də pik həddə çatıb. Sakinlər bildirirlər ki, onlar öz şikayətlərini bildirmək üçün Rayon İcra Hakimiyyətinə müraciət etdikləri zaman, onları qəbula belə, yazmırlar. Və yaxud da, Lütfəli Babayevin rayonda yox, paytaxt Bakıda olduğunu söyləyirlər.Əgər Lütfəli Babayev bütün paytaxt Bakıda olacaqdısa, o zaman nə üçün Zərdab rayon İcra Hakimiyyətinə təyinatını qəbul edirdi?

Ümumiyyətlə, Lütfəli Babayevin fəaliyyətindən şikayətlərin artması onu göstərir ki, burada sosial problemlərin sayı xeyli artıb və getdikcə, dözülməz həddə çatır. Əldə etdiyimiz məlumatlara görə, son günlər bu rayondan paytaxta edilən şikayətlərin sayı daha da artmaqdadır. Bütün bunlar isə icra başçısı Lütfəli Babayevin yaxın gələcəkdəki karyerası üçün yaxşı heç nə vəd etmir.gundelik-baku