BolgeXeber.Com » Gündəm » “Elit Travel”də nə baş verir?

“Elit Travel”də nə baş verir?

9-08-2014, 09:15
Oxunub: 2 815 Turizm şirkətinin əməkdaşı problemlərin çözüldüyünü deyir, onlardan turpaket alan vətəndaşlar isə narahatdır

Bakıda fəaliyyət göstərən “Elit Travel” turizm agentliyi ilə onun müştəriləri arasında qalmaqal səngimir. Bugünlərdə “Yeni Müsavat”a açıqlama verən Bakı şəhər sakini İradə Axundova sözügedən turizm agentliyindən Türkiyəyə səyahət paketi aldığını, lakin aldadıldığını bildirmişdi: “Oğlumla 2 gün İstanbulu gəzəcək, sonra isə İzmir Kuşadasındakı hotellərdən birində 1 həftə dincələcəkdik.

Avqustun 6-da İstanbula uçduq. Ayın 7-də səhər tezdən ”Elit Travel"dən bizə zəng edib dedilər ki, Türkiyədəki partnyor şirkət iflas edib, bizim ödədiyimiz məbləğ hotelin hesabına keçməyib, əgər hoteldə qalmaq istəyiriksə yenidən pul ödəməliyik, ya da bron ləğv olunacaq. Bir il işləyib 1 həftə tətil üçün pul yığmışdıq. Bizim əlavə pulumuz yoxdur. Çıxılmaz vəziyyətdə qalmışıq".

Problemi araşdırmaq üçün “Elit Travel”in ofisinə getdik.

Agentliyin departament direktoru Fərid Hüseynov bizi qarşılayaraq bildirdi ki, hazırda heç bir problem yoxdur. İlk növbədə şirkət barədə informasiya verən F.Hüseynov bunları dedi: “Bizim şirkət 11 ildir fəaliyyət göstərir. Hazırda iki ofisimiz var. Biz beynəlxalq təşkilatların da üzvüyük. Hansı ki, bu bizim etibarımızı artırır. Şirkətimizin 10-dan çox işçisi var. İstər yerli, istər beynəlxalq turlar təşkil edirik. Hər yerə, hər istiqamətə insan göndərə bilirik”.

Əvvəllər də belə bir durumla üzləşib-üzləşmədiklərini xəbər aldıqda F.Hüseynov bildirdi ki, belə bir hal əvvəldə yaşanıb. Bu danılmazdır və dünyanın daha böyük şirkətlərində də belə hallar olur.

Şikayət etmiş vətəndaşların hazırkı durumu barədə də danışan departament direktoru bunları söylədi: “Axundovlar ailəsi və başqa bir ailəni artıq yerləşdirmişik. Ordakı nümayəndəmiz insanlarla məşğuldur. Biz agentlik olaraq təbii ki, istəmərik imicimiz zədələnsin. Amma portnyor turoperator iflas edirsə, bunda bizim təqsirimiz yoxdur. Bizdə bütün sənədlər var ki, pulu oraya ödəmişik. O şirkət özü də hələ bankrot olduğunu elan etməyib. Yəni onlar da çalışır ki, qonaqları yerləşdirsinlər. Yenə də biz nə edə bilərik?! Bütün sənədlər yerindədir. Uzağı belə olan halda həmin insanlar bizi məhkəməyə verə bilər. Amma buna ehtiyac yoxdur.Çünki real olaraq heç bir problem yoxdur”.

Departament rəhbəri problem yaşayan ki ailənin ödəniş məbləği barədə də məlumat verdi: “Oğlu ilə əvvəl İstanbulda 3 gün, Kuşadasında isə 1 həftə istirahət edəcək Axundovagil təxminən 3000 manat ödəyiblər. 5 nəfərdən ibarət digər ailə isə 4500 manat ödəyib. Həmin şəxslər artıq yerləşdirilib”.

Biz şirkətdə olarkən bir vətəndaş gələrək, səs-küylə təcili şəkildə turpaketini tələb etdi. Şirkəti fırıldaqçılıqda ittiham edən şəxsin səfəri avqustun 19-da olduğu üçün indidən turpaketin ona verilə bilməyəcəyini söylədilər. Şirkət sözçüsünün dediyinə görə, 1 həftədən tez müddətdə müştəriyə sənədləri təqdim edə bilmirlər.

Sonda bildirək ki, “Yeni Müsavat”a verilən informasiyaya görə də artıq “NasTUR” şirkəti 2 ailəni qarşılayaraq hoteldə yerləşdirib. Digər müştərilərin də yerləşdirilməsi üçün tədbirlər görüləcək.

Belə hallarda Azərbaycan qanunlarına görə, bu məsələdə vətəndaşlar qarşısında məsuliyyəti turpaketi təmin edən şirkətlər daşıyır. İndiki halda “Elit Tarvel” şirkəti məsuliyyət sahibidir. Vətəndaşlar onunla portnyor çalışan “Nas TUR” şirkətinin adını belə problem yaranandan sonra eşidiblər. Qanuna görə belə şirkətlərin gözlənilməz maddi problemlərin çözümü üçün bank təminatları olmalıdır. “Elit Travel”dən isə bildirdilər ki, bu təminatları yoxdur.