BolgeXeber.Com » Gündəm » «Elit Travel»lə bağlı daha bir qalmaqal

«Elit Travel»lə bağlı daha bir qalmaqal

11-08-2014, 13:30
Oxunub: 2 172 Azərbaycanda fəaliyyət göstərən bəzi turizm şirkətlərinin adı zaman içində qalmaqallara qarışmağa başlayıb. JAM.AZ xəbər verir ki, onlardan biri də «Elit Travel»dir ki, bir müddət əvvəl mətbuatda onların fırıldaqçılığı ilə bağlı geniş məlumat yayılmışdı.

Həmin məlumatda deyilir ki, turizm şirkəti vətəndaşların etibarından sui-istifadə edərək, onlara turpaket təqdim edərək, Türkiyədə istirahətlərini təmin edəcəyini vəd edib. Həmin paketə otel və gəzinti, habelə qidalanma kimi şərtlər də daxil imiş. Lakin «Elit Travel»in xətti ilə İzmirə yola düşənlər 1 gün çöldə gecələməli olublar. Səbəb isə şirkətin onları aldatması və qalmaq üçün yerlə təmin etməməsi olub.

Şirkətin fırıldaqlarından əziyyət çəkən vətəndaşlar olduqları şəhərdən «Elit Traevlə» vəziyyətlə bağlı məlumat versə də, onlar buna həddindən artıq soyuqqanlıqla «Partnyor şirkətimiz iflas edib, ona görə də, belə bir vəziyyət yaranıb. Onlar pulları geri qaytararsa, ödənişlər geri verləcək» deyə bildiriblər.

Bundan əlavə, agentliyin departament direktoru Fərid Hüseynov iddia edib ki, şirkətləri 11 ildir fəaliyyət göstərir və hazırda iki ofisləri var. «Belə bir hal əvvəldə yaşanıb. Bu danılmazdır və dünyanın daha böyük şirkətlərində də belə hallar olur. Hazırda həmin şəxslərin problemləri həll edilir».

Lakin dünən aldığımız məlumata görə, «Elit Travel» şirkətinin xətti ilə Türkiyəyə getmiş bir qrup vətəndaş yenə çöldə qalmalı olublar. Buna səbəb həm şirkətin onlara qarşılama və yerləşdirmə ilə bağlı verdiyi vədin yalan olması, habelə düşdükləri şəhərdə otel tapa bilməmələri olub.

Şirkətlə əlaqə saxlayan həmin vətəndaşlar pullarını geri tələb ediblər və ölkəyə dönməyə hazırlaşdıqlarını bildiriblər. Verilən məlumata görə, həmin şəxslər şirkətin binası önünə toplaşaraq, pullarını tələb edəcəklərini və etiraz aksiyası keçirəcəklərini də qeyd ediblər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.