BolgeXeber.Com » Gündəm » “City Hospital”ın baş həkiminin oğlu üç nəfəri bıçaqladı

“City Hospital”ın baş həkiminin oğlu üç nəfəri bıçaqladı

15-08-2014, 09:20
Oxunub: 6 206 Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində bugünlərdə günorta saatlarında qanlı hadisə baş verib

Zərərçəkən Samir Cəfərov “musavat.com”a şikayətində bildirib ki, “City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət “qoçu” dəstəsi qardaşları Azər və Aslan Cəfərovları, eləcə də, onların qonşusu Telman Nuriyevi bıçaqlayıblar.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl saytlarda “Bakıda peşəkar idmançılar arasında kütləvi dava” başlıqlı yazı getmişdi. Yazının mahiyyəti bu cinayət hadisəsinin təfərrüatları məlum olandan sonra bilinib. Zərərçəkən deyir ki, əslinə qalsa, cinayət işinin yolunu azdırmaq üçün qəsdən mətbuata belə bir məlumat ötürülüb.

Baş verən hadisəni zərərçəkmiş ailənin üzvü Samir Cəfərov təfsilatı ilə danışıb: “Biz özümüz Şahbuz rayonunun Badamlı kəndindənik. Ailədə 3 qardaşıq. Kiçik qardaşım Aslan ”City Hospital"da həkim-rentgenoloq işləyirdi. Böyük qardaşım Azər ixtisasca müəllimdir, hazırda Neft Şirkətində işləyir.

Qardaşım Aslan “City Hospital”da işlədiyi vaxt onun yanında çalışan tibb bacısı məzuniyyətə çıxıb. Qardaşım isə xəstəxananın direktoru Bayram Qorçuyevə bildirib ki, ona başqa bir tibb bacısı təyin etsin. O da işlərin hamısını qardaşımın görməsini tələb edib. Bu zəmində aralarında mübahisə yaranıb. Direktor qardaşımı küçə söyüşləri ilə təhqir edib. Məcburiyyət qarşısında qalan qardaşım onun cavabını verərək, işdən çıxması ilə bağlı ərizə yazıb".

Şikayətçi, qardaşlarının bu mübahisədən sonra bıçaqlandığını bildirib: “Bayram Qorçuyevlə yaranan narazılıqdan sonra onun oğlu Cavidan Aslana zəng vuraraq, ona qarşı nalayiq söyüşlər işlədib. Daha sonra Əhmədlidə görüş təyin olunub. Cavidan Qorçuyev özü də daxil olmaqla, 6 nəfərdən ibarət dəstə yığaraq, Əhmədliyə gəlib. Dəstə üzvləri idmançılardan ibarət olub. Azər və Aslan həmin vaxt qonşumuz Telman Nuriyevlə birlikdə çayçıya gələrək, stol düzəldiblər. Istəyiblər ki, sakit şəkildə narazılıq aradan qalxsın.

Onlar gəldikləri zaman Aslana zəng vuraraq, yolu göstərmələrini tələb ediblər. Aslan onları qarşılamağa çıxan zaman qonşusu Telman da onunla çıxıb. Aslan və Telman ora çatan kimi, maşından düşən idmançılar onları vurublar. Daha sonra hər ikisini yerdə bıçaqlayıblar. Həmin vaxt hadisə yerinə çatan digər qardaşım Azər Aslana vurulan zərbələrə mane olmaq üçün bıçağı tutmağa çalışıb. Lakin onu da bıçaqlayaraq, yerə yıxıblar. Daha sonra onları qan içərisində qoyaraq, uzaqlaşıblar. Heç bir xəstəxana qardaşlarımı müalicəyə götürmək istəmirdi. Sonda birində mümkün oldu. 4 gün ölü vəziyyətində qaldılar. Hazırda həyatlarına olan təhlükə davam edir”.

Şikayətçi hadisədən keçən müddətdə cinayəti törədənlərin həbs olunmadığını, əksinə, zərərçəkən olaraq, özlərinin hədələndiklərini qeyd edib: “Birbaşa Bayram Qorçuyev oğluna tapşırıq verib, göndərib. Pulunun gücünə güvənir. Qardaşlarımı birinci vuran kik-boksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovdur. Hazırda yığmada məşqçi işləyir. Ona kömək edənlər Cavidan, Abbas və Sənan olub. Qalan bir nəfəri isə guya ki, hələ istintaq tapa bilmir. Indiyə qədər Bayram Qorçuyevin oğlunun başçılıq etdiyi bu 5 nəfərlik dəstədən heç kəs tutulmayıb. Hamısı azadlıqdadır. Qardaşlarım isə ölümlə çarpışır”.

Cəfərovlar üzləşdikləri özbaşınalıqlarla bağlı Prezident Administrasiyasının qarşısına gedəcəklərini bildiriblər: “Qardaşımın azyaşlı uşaqlarının gözlərinə baxa bilmirik. Əgər bir xəstəxana rəhbərinin oğlu rahat 3 nəfər gənci şəhərin ortasında, hamının gözü qarşısında belə rahat bıçaqlayırsa, deməli, hansısa məmurun övladı 100 nəfər insanı öldürüb, qanını bu ölkədə batıra bilər. Yalandan bizə şər atırlar ki, qardaşlarım guya ki, onların övladını döyüblər. Bunlar azmış kimi, hətta bizi hədələyirlər. Bayram Qorçuyev qardaşıma zəng vursa da, onun telefonuna cavab vermirik. Işçisinə deyib ki, onlara deyin ki, bu məsələni ağartmasınlar. Özlərinə ziyan olacaq. Hamısını tutduracam. Amma bu hədələr bizi qorxutmur. Sona qədər qardaşlarımızı bu günə salanlarla mübarizə aparacağıq. Qanunla onlar cəzalarını çəkməlidirlər”.

Baş vermiş cinayətdə adı hallanan “City Hospital”ın direktoru Bayram Qorçiyev bu barədə mediaya danışmaq istəməyib.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov hadisə ilə bağlı cinayət işi açıldığını bildirib: “Hadisə avqustun 5-də günorta saatlarında Xətai rayonu ərazisində Cavidan Qorçuyev, Telman Nuriyev, Azər Cəfərov və onun qardaşı Aslan arasında baş verib. Münaqişə nəticəsində Cavidan bıçaqla qeyd etdiyim vətəndaşlara xəsarət yetirib. Hazırda bununla bağlı 126 (qəsdən xəsarət yetirmə) və 221 (xuliqanlıq) maddələrlə cinayət işi qaldırılıb. Istintaq başa çatandan sonra, hadisəyə hüquqi qiymət veriləcək. Əgər hadisə ört-basdır edilsəydi, iki maddə irəli sürülməzdi. Mən bilən Cavidan özü də hazırda xəstəxanadadır. Peşəkar müstəntiqlər bu işi aparır. Cinayət törədən və zərərçəkmişlərin ifadələrin alınıb”.
Bolgexeber.com