BolgeXeber.Com » Gündəm » Arzu Rəhimov özü barəsində "islahatçı" obrazı yaratmağa çalışır

Arzu Rəhimov özü barəsində "islahatçı" obrazı yaratmağa çalışır

19-08-2014, 14:15
Oxunub: 4 270 Arzu Rəhimov rəhbəri olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir sıra ciddi yerdəyişmələrin həyata keçirilməsini planlaşdırır. Bununla bağlı qəzetimizə verilən xəbərlərdə bildirilir ki, general-leytenant həm bölmə rəhbərləri, həm də zabit heyəti arasında struktur dəyişmələrinin həyata keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, həmin dövlət xidmətinə rəhbər təyin olunana qədər Dövlət Miqrasiya Xidmətinə başçılıq edən Arzu Rəhimov bu addımlarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tam nəzarəti ələ aldığını göstərmək niyyətindədir.

Əslində baş verənlərə rəğmən bu qurumun Arzu Rəhimovun rəhbərliyi altında gələcəyi ilə bağlı çox pessimistik. Məsələ burasındadır xidmətin bir sıra sahələrində olduğu kimi, yuxarı strukturlarında da bəzi xoşagəlməz, şəxsi ambisiyalara hesablanmış proseslər həyata keçirilir. Təəssüf ki, baş verənlərin əzabını bütün vətəndaşlarımız çəkir və çəkməkdə davam edəcək. Əldə etdiyimiz faktlardan da göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimov gözlənilməz qərarları, təəccüb doğuran addımları ilə nəinki işçilərini, hətta bütün cəmiyyəti şoka salmaqda qərarlıdır. Hələ 2 il bundan əvvəl hərbi komissarlıqlar ləğv ediləndən və onun səlahiyyətlərini icra edəcək yeni qurum yaranandan sonra bir sıra hərbi ekspertlər bu məsələnin hərbi çağırışlarla bağlı ölkədə baş verən qanunsuzluqların aradan qaldırılmayacağını proqnozlaşdırırdılar. Bəzi mütəxəssislər hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə heç bir ehtiyac olmadığını deyirdilər. Əfsuslar olsun ki, Səfərbərlik Xidmətinin, o cümlədən Arzu Rəhimovla yaxınlığı ilə seçilən bəzi şəxslərin qalmaqallı həbsləri ilə söylənilən fikirlərin bəziləri sonradan təsdiqini tapdı. Əslində fəaliyyətinə son verilmiş, adı dəyişdirilmiş bu qurumun işi əgər kimlərisə razı salmırdısa, o zaman ciddi islahatlar həyata keçirilməliydi. Əvvəllər ştatında cəmi bir general rütbəli şəxs olan hərbi komissarlığın əvəzinə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində indi bir neçə general var. Lakin fəaliyyət iş əmsalı da o qədər yüksək deyil.

Müşahidələr və ötən saylarımızda da oxuculara təqdim etdiyimiz faktlar da göstərir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adı dövlət vəsaitini düzgün istifadə etməməkdə çəkilən qurumlardandır. Şişirdilmiş ştat və bir neçə general vəzifəsi buna nümunədir. Acı təcrübə göstərir ki, Arzu Rəhimovun rəhbəri olduğu bu qurum hərbi komissarlıqlara rəhmət oxutdurur. Əslində general-leytenantın Dövlət Miqrasiya Xidmətindən bura gətirilməsi isə vəziyyəti daha da gərginləşdirdi. Çünki yaradılmasından iki ildən artıq vaxt keçən dövlət xidməti bu müddət ərzində onlarla xəstə gəncin ölümünə səbəb olub. Qəzetimizin ötən saylarında təqdim etdiyimiz faktlar - siyahılar da sübut edir ki, dövlət xidmətinin yerlərdəki şöbələrində hərbi-həkim komissiyasından keçən gənc çağırışçılar xəstəlikləri olduqları halda, sağlam kimi qeydiyyatdan keçiriliblər. Çağırışçılar hərbi xidmətə yollanandan sonra onların bir çoxunda ağır xəstəliklər özünü büruzə verib. Yoluxucu xəstəliyə məğlub olan gənc əsgərlərin bəziləri xidmət zamanı dünyalarını dəyişiblər. Bəziləri isə Müdafiə Nazirliyinin təkrar tibbi yoxlanışı ilə geri qaytarıldılar. Əslində bu, Arzu Rəhimov üçün gözlənilməz addım idi. Xidmət rəhbəri elə bilirdi ki, həmişə olduğu kimi bu dəfə də yararsız çağırçışıları ordu sıralarına göndərməklə siyahını doldura biləcək.

Məhz həmin problemlər - bir ayın, cəmi bir neçə günün əsgərlərinin bir-birinin ardınca vəfat etməsi bütün nəzərləri generalın üzərində cəmləşdirdi. Bəziləri onun rütbədən vurulacağını, bəziləri də vəzifədən çıxarılacağını söylədilər. Açığı, Arzu Rəhimovun karyerası barədə verilən proqnozların heç biri hələlik özünü doğrultmur. Kimlərinsə vasitəsilə vəzifəsinə olan mövcud təhlükədən qoruna bilən baş hərbi komissar hələlik rahat nəfəs alır. Lakin onun gələcək fəaliyyəti haqqında son günlər bir sıra söhbətlər gündəmdədir. Əlimizdə olan xəbərlərə görə, general haqqında artıq yuxarı dairələrə məlumat verilib. İki il yarımlıq işi qeyri-kafi olan general-leytenanta bu ilin sonuna kimi vaxt verilib ki, özünü doğrultsun və günahkar hərbi komissarları işdən çıxarsın. Əks təqdirdə bu dəfə ona heç kim kömək edə bilməyəcək və tutduğu vəzifəsini itirməklə sərt şəkildə cəzalandırılacaq. Bir sıra mənbələr belə hesab edir ki, fəaliyyətində nöqsanlar olan xidmət rəisinin "vurulmasında" bəzi maraqlı qüvvələr mövcuddur. Onların fikrincə, güc strukturlarından birində vəzifədə olan generallardan biri ölkənin baş hərbi komissarı olmaq haqqında planlar cızır. Bunun üçün də əlinə düşən hər fürsətdə xidmət rəhbərini küncə sıxışdıraraq, səlahiyyətlərinin əlindən alınmasına can atır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin paytaxtdakı şöbələrindən bir neçəsinin hərbi komissarı da generalın kreslosuna iddialıdır. Qeyd edək ki, əslində həmin yüksək rütbəli zabitlərin bir çoxu islahatçı, qısa müddət ərzində böyük işləri görməyi bacaran istedadlı şəxslərdir. Adını hələ təsdiqləmədiyimiz nazirlikdə çalışan yüksək rütbəli zabit bu posta daha real namizəd kimi görünür. Ona görə ki, həm rütbəsi, həm də arxasında duran iri ranqlı məmurlar imkan verir ki, o, SHXÇDX-ə rəhbərlik etsin. Həmin zabitlərlə müqayisədə Arzu Rəhimov bu sahədə professional olmaması general-leytenantın gələcək karyerasının durumunu ağırlaşdırır. Üstəlik, ortada əsgər ölümü, gənc çağırışçılarda yoluxucu xəstəliklərin aşkarlanması faktı var. Məsələ burasındadır ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxsləri yararlı adı ilə həqiqi hərbi xidmətə göndərmək ən ağır cinayətlərdən biri hesab olunur. Çünki məhz bu kimi halların mövcudluğu səbəbindən son dövrlər orduda əsgər ölümlərinin sayı nəzərə çarpacaq dərəcədə çoxalıb. Şübhəsiz ki, bunun məsuliyyəti isə Səfərbərlik Xidmətinin rəhbər şəxslərinin, eləcə də xidmətin ayrı-ayrı rayon şöbələrinin üzərinə düşür. Əgər onlar üzərilərinə düşən işə məsuliyyətlə yanaşsalar, o zaman bu cür hallar baş verməz, yararsız çağırışçılar hərbi hissələrə göndərilməzdi. Məhz belə mənfi halların intensivləşməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə bağlı mətbuat orqanlarında yayımlanan tənqidi yazıların sayını xeyli çoxaldıb. İndi çoxlarına bəllidir ki, adıçəkilən qurumun əksər yerli şöbələrində mövcud olan qanun pozuntuları gün keçdikcə daha da geniş vüsət almaqda, yayılmaqdadır. Başqa sözlə desək, general-leytenant Arzu Rəhimovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi idarə, şöbə və bölmələrində çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi-həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən pul alınması halları artıq adiləşmək üzrədir. Məhz elə buna görədir ki, son zamanlar orduda əsgər ölümlərinin, eləcə də yararsız, müxtəlif xəstəliklərdən əziyyət çəkən gənclərin hərbi xidmətə göndərilmələri artıb. Bütün bunlar isə general-leytenantın vəzifəsi üçün yaxşı sonluq bəxş eləmir.