BolgeXeber.Com » Gündəm » Bakı şəhər DYP-si ilə bağlı ilginc fakt

Bakı şəhər DYP-si ilə bağlı ilginc fakt

20-08-2014, 12:25
Oxunub: 3 370 Nuşirəvan Səfərovun oxuması vacibdir



"10-YP-528" nömrəli YPX-nin inspektoru İlqar İbrahimov xanım sürücünün paltarını cırdı



Azərbaycanın daxili işlər orqanlarında çalışan şəxslərin əksəriyyəti çox vaxt tutduqları vəzifənin öhdəsindən gəlməyə səy göstərirlər. Polis sistemində işləyən bəzi insanlar isə vəzifələrindən sui-istifadə edərək vətəndaşların qanunla müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozurlar. Bu, daha çox yol polis işçilərində müşahidə olunur. Belə ki, bəzi yol polisləri sürücüləri heç bir səbəb olmadan, yol hərəkəti qaydalarını pozmadıqları halda saxlayıb, onları cərimələyirlər.

Qeyd edək ki, Yol-Patrul Xidməti (YPX) Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisinin (DYP) tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.

Yol-patrul xidməti öz fəaliyyətində "Polis haqqında" və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu təlimatı rəhbər tutmalıdırlar. Ancaq polis şərəfinə söz gətirən bəzi şəxslər bilərəkdən qanunları pozurlar. Amma deyəsən, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına rəisləri Nuşirəvan Səfərov tərəfindən elə bir cəzasızlıq mühiti yaradılıb ki, inspektorlar kiminlə necə gəldi rəftar edirlər. Elə bu günlərdə, qəzetimizin əməkdaşı DYP adına ləkə gətirəcək bir faktın şahidi olub. Belə ki, 18 avqust 2014-cü il tarixində saat 10-11 radələrində "Hilton" otelinin qarşısında dövlət nömrə nişanı 10-YP-528 olan Yol Patrul Xidmətinin (YPX) İlqar İbrahimov adlı inspektoru dövlət nömrə nişanı 90-FK-555 olan "BMW X6" markalı avtomobili saxlayıb. ("BMW"-nin xanım sürücüsü çox hörmətli şəxslərdən olduğundan onun adını açıqlamırıq.red). Amma maraqlıdır ki, həmin inspektor "Yol polisi haqqında" Qanunun müvafiq bəndinin tələblərini kobud sürətdə pozaraq özü sürücüyə yaxınlaşmaq əvəzinə, avtomobilini tərk etmədən səsgücləndirici vasitə ilə xanım sürücünü ona yaxınlaşmağa tələb edib. Bu zaman xanım sürücü öz avtomobilindən düşərək, YPX əməkdaşına yaxınlaşıb. Bu zaman İlqar adlı inspektor sürücüdən sənədlərini tələb edib və onun guya içkili olduğunu iddia edib. Əslən naxçıvanlı olan xanım sürücü isə içkili olmadığını bildirib və qeyd edib ki, gözəl ölkəmiz var. Ən yüksək səviyyədə mümkündür ki, içkili olub-olmadığı yoxlanılsın. Amma YPX əməkdaşı buna əhəmiyyət verməyərək, X6-nı xanımın əlindən alır, onu itələyərək paltarını cırır, burun nahiyəsinə zədələr yetirir və maşına basaraq 39-cu Polis Bölməsinə aparır. Əməkdaşımızın sözlərinə görə, yaşananlar avropalı qonaqların gözləri qarşısında baş verib.

Qeyd edək ki, 39-cu Polis Bölməsinin rəisi çox hörmətli nəslin nümayəndəsidir. Və orada qanunlara çox hörmətlə yanaşılır. Bölmədə Kənan adlı təhqiqatçı da məsələyə diqqət edib. Orada hamı bildirib ki, bu xanımın günahı yoxdur və içkili deyil, bunu bölməyə niyə gətirmisiniz? Bundan sonra tərəflər arasında söhbət zamanı dövlət nömrə nişanı 10-YP-528 olan İlqar İbrahimov adlı inspektor həmin xanımdan üzr istəyib və məsələnin sülh yolu ilə həll olunmasını xahiş edib.

Azərbaycan xanımını təhqir edən, paltarını cıran, ailəli xanımın qoluna izlər salan YPX işçisinin fəaliyyətində yol verdiyi qanunsuzluğa görə, Avropaya inteqrasiya edən ölkədə yüksək dairələrdən münasibət bildirilməlidir. Əgər biz qeyd olunan məsələdə qanunun kimin tərəfində olduğunu araşdırmaq istəyiriksə, nəzərə almalıyıq ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi işçilərinin fəaliyyətini elə bir formada qurub ki, istər onlara qarşı, istərsə də onların atdığı addımlar qeydə alınır. Hətta onlar səs yazan cihazlarla da təchiz olunublar. Yəni, istənilən halda xanım sürücünün haqlı olub-olmadığı araşdırılıb üzə çıxarıla bilər. "BMW X6"-nın xanım sürücüsü səlahiyyətli orqanlara müraciət edərək həmin YPX əməkdaşının cəzalanmasını xahiş edir.

Qeyd edək ki, yazılanlarla bağlı münasibət və İlqar adlı İbrahimov inspektorun soyadını öyrənmək üçün Bakı şəhər DYP-nın mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladıq. Amma nədənsə, Vaqif müəllim danışa bilmədiyini vurğuladı: "Vaxtım azdır, danışa bilmirəm. 20 nəfər İlqar var. Bilmirəm kimi deyirsiniz. İnspektorlardan birini saxlatdırıb, onun soyadını öyrənib gün ərzində sizə məlumat verərəm", deyərək dəstəyi asdı.

Amma gözləsək də, gün ərzində Vaqif Əsədovun zəngi gəlmədi. Biz axşam saatlarında Vaqif Əsədovla yenidən əlaqə yaratdıq. Onda isə Vaqif müəllim bizə həmin inspektorun soyadını söylədi. Düşünürük ki, Bakı şəhər DYP-nin rəisi Nuşirəvan Səfərov yazdıqlarımızla bağlı müvafiq tapşırıqlarını verəcək və dövlət nömrə nişanı 10-YP-528 olan avtomobili idarə edən İlqar İbrahimovun adlı inspektorun fəaliyyətinə diqqət yönəldəcək. Çünki DYP adına ləkə gətirən belə inspektorların hüquq-mühafizə orqanlarında çalışması DİN adına başucalığı gətirən hal deyil.