BolgeXeber.Com » Gündəm » 45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur”

45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur”

20-08-2014, 15:10
Oxunub: 9 892 Sinoptiklər artıq neçə gündür ki, avqustun 20-də Bakının ən isti gününün olacağını deyir və əhalini məcbur qalmadıqca açıq havada olmamağa çağırır. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, qızmar günəşin altında, 40-45 dərəcə istidə işləməyə məcbur olanlar da az deyil. Bunlar əsasən fəhlələrdir.

Əmək Məcəlləsinə görə temperatur 41 dərəcəyə çatdıqda, iş prosesi avtomatik dayandırılmalıdır və açıq hava şəraitində işləyənlər sərin düşənədək işləməməlidir. Ancaq müşahidələrimiz zamanı məlum oldu ki, günün altında qovrulan fəhlələrin bu hüquqları tapdalanır. Açıq havada temperatur 43 dərəcəni göstərir. Fəhlələr isə dayanmadan çalışırlar.

Onların vəziyyəti ilə daha yaxından tanış olmaq üçün tikinti gedən bir neçə məkana baş çəkdik. İlk baş çəkdiyimiz məkan “Koroğlu” metrostansiyasından bir qədər aralıda yerləşən tikinti oldu. Tikintidə çalışan fəhlələr istidən halsız vəziyyətə düşmüşdülər və hər birinin də əlində bir şüşə su vardı. Onlar qan-tər içində sudan içir və qızmar günəşin şüaları altında qum daşıyır, qaynaq işi görür, daşları kənara atırdılar. Fəhlələrdən bir neçəsi isə kölgəyə çəkilib, bir qədər dincəlirdi.

Biz də istidən əldən düşmüş və kölgəyə çəkilmiş fəhlələrdən birinə yaxınlaşdıq. Əvvəlcə danışmaq istəməyib, “çıxın gedin, məni işimdən edəcəksiniz” desə də, sonradan danışmaq qərarına gəldi. Adının Sabir olduğunu deyən fəhlə qaynaqçı olduğunu bildirdi: “İşləməyib, nə edəcəyik ki..? Çörək istəyiriksə, işləməliyik. Hər kəs istəyir ki, işi tez qurtarsın. Heç kim biz kasıb təbəqənin bu istidə vəziyyətini nəzərə almır. Əsas odur ki, biz bu varlıların işini vaxtında görək”.

Söhbətə qatılsada, ancaq adını demək istəməyən digər fəhlə isə “biz fəhlələri adam yerinə qoyan yoxdur” söyləyir: “Göydən od yağır. İşləmək artıq mümkünsüz hala çevrilib. Bir saatdır ki, başımdan ağrı tutub. Amma yenə də dayana bilmərəm. Heç olmasa, bu cür isti havada işi dayandırsalar, yaxşı olar. Ehtiyac üzündən, bir tikə çörək qazanmaq üçün günün altında işləməyə məcburuq. Tikinti sahibləri bizə “işi dayandırın” deməsə, dayandıra bilmərik. Əgər bir gün işləməsək, çətin vəziyyətə düşərik. Nə edək, yenə də ailəmiz, uşaqlarımız üçün edirik. Ac qalmasınlar. Nə olar ki, fəhləyik? Fəhləni niyə adam yerinə qoyan yoxdur?”

“Yaşıl bazar”ın kənarındakı tikilidə çalışan fəhlələr də eyni vəziyyətdə idi. Qaldırıcı kranda işləyən fəhlə deyir ki, maşının içində olduğu üçün onun işi bir az asandır: “Mən maşında otururam. İşim hansısa tikinti materiallarını qaldırıb, qoymaqdır. Düzdür, maşında istidir. Ancaq ən azından günəşin altında deyiləm. Ancaq digər fəhlələrin vəziyyəti çətindir. Onlar günün altındadır”.

Günün altında çalışan fəhlələrdən onların 40 dərəcədən yüksək temperaturda işləməmək hüquqlarının olduğunu bilib-bildiklərini soruşduq.

Adının çəkilməsini istəməyən fəhlə “kimdir, bizim hüquqlarımıza baxan?” deyərək, narazı bir şəkildə cavab verdi: “Bizim hüquqlarımız heç kimin vecinə deyil. Neçə gündür ki, istidir. Bir dəfə deyən olmayıb ki, heç olmasa, 1-2 saat istirahət edin. Biz demirik ki, bütöv günü işləməyək. Ən azından günorta saat 12-dən 5-ə qədər işləməyək. Sonra istəyirlər səhərə qədər işləyək”.

Göründüyü kimi, elə insanlar var ki, onlar ailələrinin çörək pulunu qazanmaq üçün hər cür ağır işlərdə çalışmaq məcburiyyətində qalırlar. Amma hər bir işəgötürənin qanun qarşısında öhdəçiliyi var və buna əməl etmək məcburiyyətindədir.

Ən azından insanlıq baxımından da işçinin halına yanmaq, isti havalarda onun bir neçə saatlıq da olsa, dincəlməsinə şərait yaratmaq olar. Amma təəssüf ki, hər kəs belə düşünmür. Hər halda, bu gün qızmar günəş altında çalışdığını gördüyümüz işçilər bizə bu qənaətə gəlməyə əsas verir.

Maraqlıdır, isti havada çalışmaq sağlamlığımız üçün hansı problemləri yaradır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu cür istilərin insanların, xüsusən də açıq hava şəraitində işləyənlərin səhhətinə pis təsir etdiyini dedi: “Əmək Məcəlləsinə görə, müəyyən iqlim şəraitində, sağlamlığa neqativ situasiyalarda işçilərə istirahət verilməlidir. Bu təbiətin yaratdığı təbii bir fəlakət kimi nəzərə alınmalıdır və sağlamlıq baxımından, onlara istirahət verilməli və yaxud da onların sərin bir yerdə oturması təmin edilməlidir. Elə ölkələr var ki, orada istiyə hazırlıq var. Amma elə ölkələr də var ki, onlarda istiyə, soyuqlaşmaya qəti hazırlıq görülmür. Bu cür hallar uzunmüddətli olmadığı üçün işçiyə istirahət verməklə, onların səhhətini normal qorumaq lazımdır. Gün və istivurma zamanı ilk növbədə həmin şəxs sərin bir yerə keçirilməli, yəni zərərverici amilin sonrakı təsiri aradan qaldırılmalıdır. Daha sonra həmin şəxsin alnına və yaxud da bədəninə yaş dəsmal qoyulmalıdır. Bununla da bədən temperaturu aşağı salınmalıdır. Həmçinin bu şəxsə çoxlu maye vermək lazımdır. Daha sonra isə mütləq həkim çağırılmalıdır”. musavat.com