BolgeXeber.Com » Gündəm » Özünü körpüdən atmaq istəyən: "İcra başçısı 65 min dollarımı vermir"- (Fotolar)

Özünü körpüdən atmaq istəyən: "İcra başçısı 65 min dollarımı vermir"- (Fotolar)

21-08-2014, 13:05
Oxunub: 4 154 Metronun "Koroğlu" stansiyası yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs danışıb

Bizimyol.info-un məlumatına görə, həmin şəxs külli miqdarda pulunun icra başçısı tərəfindən mənimsənildiyini deyib: "Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən (hazırda Zərdab RİH-in başçısıdır-red.) məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim.

Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".

* * * 12:50

Qeyd edək ki, hazırda "Koroğlu" dairəsindəki asma körpüyə çıxaraq özünü atmaq istəy 40-45 yaşlı kişi icra hakimiyyəti ilə probleminin olduğunu bildirib.

O vurğulayıb ki, yalnız deputat Qənirə Paşayeva gələndən sonra fikirindən daşınacaq.

Deputatın köməkçisi isə teleqraf.com-a bildirib ki, Qənirə Paşayevanın səhhətində problemlər var: "Onun hazırda "Koroğlu" dairəsindəki asma körpüyə getməsi mümkün deyil. Hər halda biz bu barədə ona məlumat verərik".

Qənirə Paşayeva isə onunla əlaqə saxlayan lent.az-ın müxbirinə bildirib ki, məsələdən xəbəri var: "Rayonda mənə güclü soyuq olmuşdu, müalicə olunurdum, sistem qoşdurmalı idim, halım da yoxdur. Bu səbəbdən də bu gün işə çıxmamışdım, evdə idim. Bir az əvvəl zəng edib belə bir məsələnin olduğunu dedilər. Əgər belə bir vəziyyət yaranıbsa, köməyimə kiminsə ehtiyacı varsa, mütləq getməliyəm. İndi yoldayam, həmin əraziyə gedirəm. Əlbəttə ki, gedib ona qulaq asmalıyam".

* * * 12:30

Bakıda intihara cəhd edən kişinin bu yola əl atmasının səbəbləri məlum olub. İlkin məlumata görə, özünü körpüdən atmaq istəyən şəxs təxminən 50 yaşlarında olan Sadiq Nəsirov adlı kişidir.

O, körpünün üstündən yerə məktub atıb. Məktubda qeyd olunub ki, icra hakimiyyətilə problemi var. İcra hakimiyyəti tərəfindən onun 65 min dollar pulu mənimsənilib. Bir çox quruma şikayət etsə də, onun sözünü dinləyən yoxdur.

* * *11:53

Bakıda kişi intihara cəhd edir.

APA-nın məlumatına görə, metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

Xatırladaq ki, orada bir neçə gün əvvəl də analoji hadisə yaşanmışdı.
Bolgexeber.com