BolgeXeber.Com » Gündəm » Cəbrayılın icra başçısı özünə biznes piramidası yaradıb

Cəbrayılın icra başçısı özünə biznes piramidası yaradıb

25-08-2014, 02:05
Oxunub: 3 019 Cəbrayıllıların Mahmud Quliyevdən şikayətləri günbəgün artır

Bir sıra rayonlarda icra başçılarının əksəriyyətinin özlərini hakimi-mütləq kimi aparmaları haqda mətbuatda indiyə qədər yüzlərlə xəbərlər yayılıb. Məsələ burasındadır ki, bəzi rayonların icra hakimiyyəti başçıları əhalini rəiyyət hesab edir, dövlət əmlakını şəxsi əmlakı sayır. Ölkəmizin dövlət idarələrində çalışan məmurların sahibkarlıqla məşğul olması qanunla qadağan edilən bir yasaqdır. Mövcud qanunvericilik məmur təbəqəsinin bizneslə məşğul olmasını qadağan etsə də, bir çoxları bundan xəbərsizmiş kimi özlərinin bildiyi şəkildə hərəkət edirlər.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı, 60-dan artıq yaşı olan Mahmud Nayfalı Oğlu Quliyev də belə məmurlardan biridir. Keçək faktlara: - Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir müddət əvvəl hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verib. Mahmud Quliyevin tapşırığı ilə həyata keçirilən bu maxinasiya nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olublar, həm də hər ay dövlətin 100 ton yanacağının aqibətinin necə olması müəyyənləşməmiş qalıb. Faktiki olaraq rayonun hakimiyyətinin məmurlarından biri hər ay dövlətin Biləsuvardakı qaçqınlara ayırdığı yanacağın 100 tonunu mənimsəyib. Ümumiyyətlə, adıçəkilən icra başçısı vəzifədə olduğu 10 ildən artıq dövr ərzində bir sıra xoşagəlməz əməllərə imza atıb və bunun qarşılığında nələrə sahib olub. Məlumatı olmayan şəxslər üçün bir daha bildirək ki, Cəbrayılın icra başçısının Biləcəri qəsəbəsində şadlıq evi, "Şamaxinka" deyilən yerdə topdansatış mərkəzi, 9-cu mikrorayon ərazisində "Elmed" tibb mərkəzi, Sumqayıtda bankı, Saatlıda fermaları və paytaxtda onlarla obyekti var. Ən savadsız adam belə icra başçısının bu sərvətə vəzifə maaşı ilə sahib olmadığını anlamaqda çətinlik çəkməz. Etibarlı mənbədən aldığımız məlumatlara görə, əhalinin əsəbi ilə oynayan, vəzifəsini layiqincə icra edə bilməyən və xalqla hökumət arasında körpü ola bilməyən bəzi icra başçılarının siyahısı tərtib edilib. Və onların işdən çıxarılmaları üçün əlverişli vaxt gözlənilir. Mənbənin sözlərinə görə, hökumət dairələrini belə bir addım atmağa vadar edən isə bölgələrdən vətəndaş şikayətlərinin çoxalmasıdır. Mənbə deyir ki, məcburi köçkün rayonu sayılan Cəbrayılın sakinləri icra başçısı haqqında daha aqressivdirlər: "Cəbrayılın rəhbəri haqqında şikayətlər lap çoxdur. Onun özbaşına əməlləri barədə hələ illər öncə yuxarı orqanlara şikayət edilmişdi. Həmin vaxtlarda icra hakiminə hansısa səbəblərə görə güzəşt olunmuşdu. Vəziyyət getdikcə pisləşdiyi üçün yuxarı təbəqələr artıq bu məmuru qoruya bilmirlər. Buna görə də yaxın bir-iki ay ərzində onun vəzifədən çıxarılacağı ehtimalı var". Qaynağın iddiasına görə, Cəbrayıl Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi ilə yanaşı, bəzi yerdəyişmələr də gözlənilir. Belə ki, Mahmud Quliyevin 10 ildən artıq fəaliyyəti günəgün araşdırılacaq: "Nəzərinizə çatdırım ki, icra başçısının xoşagəlməz əməllərindən şikayətçi olan sakinlər müraciətlərində qeyd ediblər ki, onun fəaliyyəti ciddi yoxlansın. Buna əsas olaraq bəzi faktları ortaya qoyublar. İcra başçısı görəvdən alınanda onu heç də yaxşı əlamət gözləməyəcək. 2000-ci ildən bu vaxtadək nə qədər özbaşınalığa imkan yaradıbsa, hamısı tək-tək sorğu-sual ediləcək. Təbii ki, nəysə xoşagəlməz məqam aşkarlansa, icra hakimi və ona yaxın olan bəzi vəzifə sahibləri işdən azad oluna bilər".

Cəbrayıl Rayon İcra Hakimiyyəti və icra başçısı Mahmud Quliyevlə bağlı əldə etdiyimiz son məlumatlarda qeyd olunur ki, sakinlərin hüquqlarını kobudcasına pozan rayon rəhbərliyi vəzifəyə ancaq öz yaxın adamlarını, qohum və tanışlarını gətirir. Qeyd olunur ki, icra başçısı bir müddət əvvəl qohumu, ikinci dərəcəli əlil Arif Mehdiyevi işə götürdüyü halda, digər əlillər - Əlövsət Ağayev və Qüdrət Məmmədovu tutduqları vəzifələrdən azad edib.

Bununla bağlı əldə etdiyimiz məlumatlarda həmçinin, o da bildirilir ki, Mahmud Quliyev qanunsuzluğa yol verərək rayon Aqroservs İdarəsinə Saatlı rayon sakini Ələsgər Əhmədoğlunu rəhbər təyin edib: "Bunun nəticəsidir ki, Ələsgər Əhmədoğlu dövlətə 100 min manat borclu qalıb. Nəzarətsizlik o həddə çatıb ki, nədənsə hər dəfə Cəbrayıl rayonuna ayrılmış tenderdə başçının əmisi oğlu Musa Quliyev "qalib gəlir". Tenderdən gələn gəlirlər isə kimlərsə arasında bölüşdürülür. Məsələn, Muğan qış yatağındakı 5 kilometrə guya 80 min manat vəsait xərclənib. Əslində yola bir neçə maşın zibil tökülüb. Bundan əlavə, kimlərsə "Dövlətqacqınkom" tərəfindən rayona ayrılmış iki ədəd kombaynı öz şəxsi məqsədləri üçün istifadə edirlər". Mənbə iddia edir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin bəzi məmurları pulları da öz yaxın adamlarına paylayırlar: "Ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizənin sərtləşdiyi bir vaxtda Cəbrayıl Rayon İcra Hakimiyyətində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, yerli məmurlar əhalini incitmək və onları gözümçıxdıya salmaqdan ötrü mümkün olan bütün vasitələrdən istifadə edirlər. Əhalisinin əksəriyyətini cəbrayıllıların təşkil etdiyi Biləsuvar rayonundakı 11 qəsəbənin hər birində 435 ailə var və bu ailələri 5 nəfərdən götürdükdə 24 min sakin edir ki, onlara ayda 960 min litr ağ neft verilməliydi. Halbuki bundan az yanacaq verilib".

İcra başçısı icra hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasınlar. Qəbula yalnız ona təşəkkür etməyə gələn şəxslər yazılır və onların da guya "problemi" həll edilir: "Qəbula düşən sakinlərdən eləsi var gəlib deyir ki, qonşusu ilə yola getmir, küçəyə çıxanda palçıq olur, habelə digər problemlər".

Məmur özbaşınalığının pik həddə çatması, ayrı-ayrı şəxslərin əməllərinin ciddi narazılıq doğurması, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının yaxın qohumları olduğu üçün istədikləri kimi hərəkət etmələri Mahmud Quliyevin vəzifə karyerasını sual altına alır. Bəzi məmurların özbaşınalıqlarına göz yumulması, bir sıra vəzifəli şəxslərlə bağlı xoşagəlməz halların mövcudluğu vəziyyətin ürəkaçan olmamasından xəbər verir. Sakinlər bildirirlər ki, başçı rayonun sakinlərinin problemləri ilə də əvvəlki kimi maraqlanmır.(gundelik-baku)

P.S. Növbəti sayımızda "Mərcanlı” və "Qarabağ” adlı dəyəri milyonlarla ölçülən obyektlərin kimə məxsus olduğu haqda yazı dərc edəcəyik.