BolgeXeber.Com » Gündəm » Azərbaycanda toy etmək neçəyə başa gəlir...

Azərbaycanda toy etmək neçəyə başa gəlir...

25-08-2014, 13:30
Oxunub: 3 131 “Bu ay oğluma toy etdim, 10 min manatdan da çox xərcim çıxıb. Hər şey od qiymətinədir”.

Yenicə oğluna toy edən Südabə xanım toy bazarındakı qiymətlərdən çox narazıdır. Deyir təkcə gəlin maşınına 300 manatadək pul xərcləyib. “Təki xoşbəxt olsunlar, bircə dəfə toy edirik. Gərək heç nəyi əsirgəməyək balalarımızdan”.

Elə biz də “bircə dəfə” toy etməyin azərbaycanlı ailəsinə neçəyə başa gəldiyini öyrənmək üçün paytaxtın müxtəlif məkanlarında necə deyərlər, başmaq seyrinə çıxdıq...

Əvvəlcə gəlinliklərlə maraqlanırıq. Müşahidələrimizdən belə qənaətə gəldik ki, ötən illə müqayisədə qiymətlərdə artım olmayıb. Əksinə, az da olsa qiymətlərdə endirim nəzərə çarpır. Satıcı Gülnarə xanım da belə deyir: “Bir il, il yarım əvvəl satışa çıxarılan modellərdə endirim etmişik”. Gülnarə xanım deyir ki, modelindən asılı olaraq gəlinliklərin bir günlük icarə qiymətləri 100-800 manat arasında dəyişir. Əlbəttə, yalnız bir gün üçün 500, 600, 800 manat vermək kasıb, ortabab təbəqənin cibinə hesablanmayıb. Müştəri kimi maraqlandığımız gəlinlik satılan mağazalarında da qiymətlər 100 manatdan 1000 manata kimi dəyişirdi.

Nişan-xınayaxdı, toylarımızın bəzəyinə çevrilən xonçaların qiyməti isə istənilən cibə uyğundur. Mağazalarda qiymətlər müxtəlif olsa da, məbləğ 10-50 manat arasında dəyişir. Toy üçün vacib olan əşyalardan biri də güzgü və şamdandır. İki şamdanlı gəlin güzgüsü 20-70, qənd 15-85, çıraqların qiyməti isə 15-35 manat arasındadı.

Ailə həyatı quran gəlinlərimiz üçün paltar seçimi ilə yanaşı saç düzümü, makiyaj da böyük önəm kəsb edir. Bəs görəsən bu “bazarda” qiymət necədir? Bir neçə gözəllik salonuna yollandıq. Qiymət baxımından gözəllik salonlarında nəzərə çarpacaq fərq yox idi. Saç ustası Günel xanım deyir ki, salonlarında gəlin bəzədilməsi 150-200 manatadır: “Qız, həm də oğlan toyu üçün bizim salonda bəzənərsə, bir az endirim mümkündür, ortalama təxminən 300 manat. Yalnız bir toy üçün qiymət isə 200 manatadı. Uzağı 20-30 manata endirim edə bilərik. Qiymətlərə gəlinin saç yığımı, makiyaj, qaşların alınması, manikür, pedikür daxildir”. Yaxınlaşdığımız digər gözəllik salonlarında isə qiymətlər belə idi: 150-200-250 manat.

Toyun ən çox pul aparan məqamlarından biri də necə deyərlər, qır-qızıl alınmasıdı. Xüsusən də bəy evi üçün. Çünki gəlinə nişan üzüyü, toy üçün qızıl ya da brilliant dəsti alınmalıdır. Satıcılarla söhbətimizdən də bəlli olur ki, bazarda ötən illə müqayisədə qiymətlərdə endirim var. Belə ki, ötən il 2000 manata satılan qızıl dəstinin qiyməti 1800-1700 manata qədər düşüb.

Satıcı Rüfətin təklif etdiyi qiymətlər isə belədir: “Gəlinin nişan üzüyünün qiyməti 200 manatdan başlayır. Komplektlər isə 1500-dən 9000 manat arası dəyişir”.

Dubaydan gətirilən bu qızılların maya dəyərini öyrənə bilməsək də, satıcı malın satışa çıxarıldıqdan sonra üstünə nə qədər məbləğ qoyulduğunu söylədi. Rüfət deyir ki, onlar Dubaydan gətirilən qızıl, brilliantların üzərinə 50-150 manat qoyaraq satışa çıxarırlar. Bəy üçün üzüklərinin qiyməti isə müxtəlifdir. Bəzi yerlərdə 70, 80, 90, bəzi yerlərdə isə 200-500 manat arası dəyişir.

Bazarda sarı qızılla müqayisədə ağ qızılın daha çox alındığını nəzərə alsaq, qiymətlərin də müxtəlif olduğunu söyləyə bilərik. Məsələn, sarı qızıl dəsti 200 manatdan başlayır. Ağ qızıllarda isə qiymət 800-dən.

Bazardakı ümumi qiymətlər isə belədir:

Komplektlər:

200-6000 manat

Kişi üzüyü, (qızıl):

70-850 manat

Bəy üçün brilliant üzük:

1000–1800 manat

İtaliya istehsalı olan gəlin nişan üzüyü:

200-1800 manat

Əyarı 750 olan İtaliya istehsalı olan qızıl dəstinin qiyməti isə 2000-4500 manat arasındadı.

Satıcı Vüsal deyir ki, qızıl bazarında ötən illə müqayisədə qiymətlər enib: “Ötən il 2500 manata satdığımız komplekti, bu il 1900-ə güclə satırıq. Xüsusən də ötən ilin modellərində endirim var”.

Türkiyə istehsalı olan sarı qızıl dəstinin qiymətləri isə 1000-1500 arası dəyişir. Belə qənaətə gəldik ki, bazarda yüksək qiymətə satılan İtaliya istehsallı qızıl və brilliantdır.

Gəlin maşınlarının icarə qiymətləri də müxtəlifdir: 80-1000 manatadək. İcarədar Murad dayı deyir ki, istənilən qiymətə, cibə münasib gəlin maşınları var: “İki qapılı, yalnız bəy-gəlin üçün nəzərdə tutulan üstüaçıq maşınlarımız var, qiyməti 100 manatdır. “Porşe Panamera” markalı avtomobillərin kirayəsi 250 manatadı. “Mersedes”lər də çox sərfəlidir, 120 manata. “Maserati, “Bentley” 400-500 manata, “Chrysler” isə 80 manata təklif olunur. “Rolls Royce” isə bazarda təklif olunan ən bahalı gəlin maşınıdır: günü 1000 manata.

Restoranları isə qiymətinə və toy edənlərin sosial durumuna görə, aşağıdakı kimi ümumiləşdirmək olar:

İmkanı aşağı olan təbəqə üçün 18-35 manat (bir adama), orta təbəqə üçün 35-50, daha imkanlı ailələr üçün 100-150 manata.

Elə qız evinin xərci də oğlan evi ilə müqayisədə az deyil. Qız evi üçün ən böyük xərc isə cehizdi. Əsas da mebel alınması. Bir neçə mebel dükanında apardığımız kiçik araşdırmadan bu nəticəyə gəldik:

Yataq və qonaq dəstlərinin ayrılıqda qiymətləri 1600-dən 9000 manatadəkdir. Dəstə divan-kreslo daxil deyil. Divan-kresloların qiyməti isə maraqlandığımız mağazada 800-dən 1600 manat arasındadı.

Satıcı Firuzə xanım deyir ki, endirimdə olan mebellər cibə daha münasibdir: “Endirimdə olan mebellərimiz var ki, onların qiyməti 2800 manatdan yüksək deyil. Yataq, qonaq dəsti ilə birgə 3200 manata kampaniyaya qoyduğumuz mebelin üzərində divan-kreslo da hədiyyə olaraq verilir”. Vakkum sistemi olan yeni modellərin qiyməti isə digərləri ilə müqayisədə daha yüksəkdir. Məsələn, şabalıdı rəng çalarında olan tək yataq dəstinin qiyməti 3600 manatdır. Bir qədər maraqlandıqda öyrəndik ki, endirimdə olan, üzərində hədiyyə verilən mebellər funksionallığına görə geridə qalan, əlverişsiz dəstlərdi. Amma ötən illə müqayisədə mebellərin qiyməti demək olar ki, öncəki ildə olduğu kimidir. Satıcı modeldən asılı olaraq alıcıya qiymətlərdə endirim etdiklərini deyir: “Məsələn, üzərində qiyməti yazılmayan mebellərə endirim edirik. Endirimin nə qədər olması modeldən asılıdır. 100, 300, 400 hətta min manatadək endirimlər olur. Üzərində qiymətləri yazılan mebellərə endirim etmirik, bu son qiymət kimi göstərilir”.

Bəy geyimləri ilə də maraqlandıq. Bəylik kostyumlarının qiyməti isə belədir: 90-150, 150-200 və daha yüksək. Qalstuklar 15-30, sancaqların qiyməti isə 7-8 manatdan başlayır. Bəy köynəkləri isə 30-60 manatadəkdir.

Qaldı qızın digər cehizləri...Burda isə qiymətlər təxminən belədi:

Televizorlar 150-2200, paltaryuyanlar 420-880, soyuducular 390-2500, kondisionerlər 380-2500, ütülər 30-220, xalça 70-500, qab-qacaqlar 250-300, çilçıraqlar (yataq və qonaq üçün) 300-500, pərdələr (1 metri) 30 manat civarındadı.

Bunlardan əlavə yorğan-döşək salmaq isə 300-350 manata başa gəlir.

Qız anası Mənsurə xanımın da xərcləri az olmayıb: “Qızımı köçürtmək üçün hər dəfə kəndə gedəndə 10 kilo yun almışam. Burdan almadım, Bakıda qiymətlər bahadır. Dörd manatdan cəmi 50-60 kilo yun aldım. Ümumilikdə 300-350 manat xərcim çıxıb. Cehizlərə ən azı 7-8 min xərcim çıxdı. Əl-üz silən dəsmalından tutmuş lazım olan hər əşyayacan aldım. Bəy üçün isə yalnız hamam geyimi aldım. Kostyum almadım. Bəy üzüyü isə 450 manata oldu. Bütün xərcləri də toydan yığdığım pulla ödədim. Şükür olsun ki, restorandan da üzü qara çıxmadıq”.

Xuraman xanım isə qızını qışda köçürəcək. Artıq hazırlıqlarına da başlayıb: “40 kilo yuna 300 manat pul vermişəm. Bizim toy qışdadır. İndidən toy tədarükü görürəm ki, işim ağır olmasın”.

Bayaq adını çəkdiyimiz oğlan anası Südabə xanım deyir ki, qızıllara 4000 manatadək xərci çıxıb: “Qızıllardan əlavə 5 minədək də toya xərcimiz çıxdı. Gəlinin xına paltarı, iki toy üçün gəlinliyi ümumilikdə 450 manat oldu. Qız toyuna 120, oğlan toyuna isə 180 manat gəlin maşınına pul verdik”. Restoranın bir o qədər də baha olmadığını deyən Südabə xanım narazılığını da gizlətmədi: “Danışdığımız restoranın menyusu isə 35 manata idi. Amma bu qiymətə dəyməzdi”.

El arasında belə bir məsəl var: sənə bir toy tutum ki...Bəlkə də dədələrimiz uzaqgörən olublar, elə bugünkü toy mərasimlərini deyirmişlər. Amma...