BolgeXeber.Com » Gündəm » Rüşvət vermədiyi üçün əlavə borc yazdılar

Rüşvət vermədiyi üçün əlavə borc yazdılar

25-08-2014, 20:30
Oxunub: 2 855 Şikayətçi iddia edir ki, ona bu borcu əvvəlcədən istənilən 50 manatı vermədiyi üçün yazıblar

“Sıradan çıxmış sayğacımı düzəltmək üçün “Bakelektrikşəbəkə”nin işçisi məndən 50 manat rüşvət istədi. Hələ üstəlik deyir ki, əgər 50 manatı verməsən, bu sənə baha başa gələcək”.Bu sözləri vətəndaş Hüseynov Mahmud öz şikayət məktubunda qeyd edib. Onun sözlərinə görə, “Bakelektrikşəbəkə”nin işçisinin tələb etdiyi rüşvəti vermədiyi üçün ona əlavə borc yazılıb.
Belə ki, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən “Aysu” kafesinin sahibi Mahmud Hüseynov ”Bakelektrikşəbəkə” ASC-nin ona əlavə borc yazdığını iddia edir. Şikayətçi bildirir ki, ASC-nin işçisi ondan tələb etdiyi 50 manatı vermədiyi üçün onu bu şəkildə cəzalandırıb:
“İyunun 19-da işlətdiyim kafenin elektrik sayğacı yandı. “Bakelektrikşəbəkə”dən Şükürov Natiq adlı biri gəldi düzəltmək üçün. Dedi, 50 manat ver düzəldim. Deyir, özün bilərsən, verməsən daha da baha başa gələcək sənə. Avqustun 7-si gətirib yeni sayğac quraşdırdılar. İndi də deyirlər ki, 225 manat borcun var. İyunun 19-dan avqustun 7-nə kimi necə 225 manat borc yığıla bilər ki?”

Şikayətçi iddia edir ki, ona bu borcu əvvəlcədən istənilən 50 manatı vermədiyi üçün yazıblar. M.Hüseynov bununla əlaqədar “Bakelektrikşəbəkə” ASC-yə müraciət də edib:

“Bu borcun mənə haqsız yerə yazıldığını bildirdim. Məsələ ilə maraqlanıb bunu araşdıracaqlarını dedilər. Ancaq hələ də maraqlanan yoxdur. 225 manat borc isə hələ də mənim üstümdədir”.

“Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Axar.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirdi:

“Bu barədə mənə məlumat veriblər. Sahə üzrə məsul olan Elçin Sultanova məsələni araşdırmağı tapşırmışam. Elçin müəllim qəbul edib, məsələni araşdırandan sonra məni də məlumatlandıracaq. Nəticə ilə sizi də xəbərdar edəcəyəm”.
Bolgexeber.com