BolgeXeber.Com » Gündəm » 2 saylı Doğum Evində özbaşınalıq baş alıb gedir

2 saylı Doğum Evində özbaşınalıq baş alıb gedir

26-08-2014, 11:40
Oxunub: 2 749 Tibb müəssisəsində özbaşınalıq baş alıb gedir

Ölkə səhiyyəsində yaşanan neqativ hallar səhiyyənin durumunun getdikcə daha da pisləşdiyini göstərir. Bu sahədə aparılan islahatlar görünür heç bir nəticə vermir. Xəstəliklər cavanlaşır, insanlar erkən yaşlarda dünyasını dəyişir, xarici ölkələrin səhiyyəsinə müraciət edənlərin sayı durmadan artır. Hətta respublikamıza xarici ölkələrdən "peşəkar" kadr adı altında "mütəxəssislər" gətirilir.

Bütün bunlar isə səhiyyəmizin bərbad durumda olmasının göstəricisidir. Xüsusilə də ana və uşaq ölümlərinin sayı günü-gündən çoxalır. Əvvəllər belə hallara təsadüfi hallarda rast gəlmək mümkün idisə, indi demək olar ki, hər gün ana və uşaq ölümünə rast gəlirik. Bədbəxt hadisə baş verən zaman isə günahın anada olduğunu bildirirlər. Həkimlər isə bu məsələdən günahsız şəkildə çıxmağı bacarırlar. Anaya hansısa xəstəlik diaqnozu qoymaqla özlərinin günahsız olmasına inandırmağa çalışırlar. Belə hallar Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 24 ünvanda yerləşən 2 saylı Doğum Evidir. Belə ki, bu Doğum Evi barədə xoş olmayan söz-söhbətlər gəzir. Ana və uşaq ölümlərinin demək olar ki, çox hissəsi sözügedən doğum evində baş verir. Məlumat üçün qeyd edək ki, xəstəxananın baş həkimi Mehriban Abasquliyevadır. Yolu sözügedən xəstəxanadan keçən analar və onların yaxınları bildirirlər ki, bu xəstəxananı seçməklə çox böyük səhv etmişik və bir də bu səhvi təkrarlamarıq. Səbəb isə xəstəxanadakı özbaşınalığın baş alıb getməsi ilə bağlıdır. Sözügedən tibb ocağında peşəkar kadr çatışmazlığı var. Lazımi tibbi avadanlıqlar yox səviyyəsindədir. Xəstəxananın təmizliyinə gəlincə, antisanitariya hökm sürür. Xəstələrə verilən mələfələr çirkin içindədir. Halbuki xarici ölkələrdə qadına doğum günü təyin olursa xəstəxanaya gəlir, tər-təmiz palatada yerləşir, hətta yeməyin kənardan gəlməsinə icazə vermirlər.

İstifadə olunan paltarı, geyimləri, uşağın geyimləri, avadanlıqlar hamısı tibbi sığortanın hesabına ödənilir. Ölkəmizdə isə mənzərə tamam fərqlidir. Bəzi həkimlər xəstələrdən nəsə umur. Hər addımbaşı xəstədən "şirinlik" istəyirlər. Demək olar ki, xəstə xəstəxanadan çıxana qədər baş həkimdən tutmuş, qapıçıya kimi hamının gözü əldə olur. Bu isə həkim adına ləkədir. Verilən məlumata görə, ana və uşaq ölümünün ən çox baş verdiyi 2 saylı Doğum Evində ana ölümünə görə işdən azad edilən həkim yoxdur. Bu səbəbdən də doğuş zamanı həkimlər məsuliyyətsizlik, laqeydlik nümayiş etdirirlər. Əgər hansısa həkim törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunarsa, digər həkimlər də bundan nəticə çıxararlar. Hansısa tibb kursunu bitirib həkim işləyən şəxslər var. Belə insanlardan hansı savadı gözləmək olar. Bu cür savadsız kadrlardan hansı peşəkar iş gözləmək olar. Belələrinin əlində insan ölər də. Sözügedən xəstəxanada baş həkimin qohum -əqrəbası çalışır. Elələri var ki, heç tibbdən başı çıxmır. Həkimlərin əlinə baxıb nəsə öyrənibsə, bu o demək deyil ki, hansısa ananın övladını bu cür "həkimlərə" etibar etmək olar. Çox təəssüf ki, belə "həkimlər" saya gəlməyəcək qədər çoxdur.

Bundan başqa Azərbaycanda elə bir doğum eşitməmişəm ki, pulsuz, rüşvətsiz uşaq dünyaya gətirmək mümkün olsun, yoxdur belə hal. Sadəcə, ölkədəki dövlət doğum evlərində məbləğlərin az və ya çox olmasından söhbət gedə bilər. Doğum evinə çatan kimi həkimlər arasında mübarizə gedir ki, kim qəbul edəcək və bunu heç də humanist məqsədlərlə etmirlər. Sırf maddi maraq güdülür.

Ekspertlər hesab edir ki, səhiyyənin durumunun yaxşılaşdırılması üçün tibbi sığorta sistemi tətbiq edilməlidir, sanitar, gigiyenik qaydalara riayət olunmalıdır, cəzasızlıq aradan qaldırılmalıdır.
gundelik-baku