BolgeXeber.Com » Gündəm » Bakıda quraşdırılan park-terminalların yeni fırıldağı ÜZƏ ÇIXIR

Bakıda quraşdırılan park-terminalların yeni fırıldağı ÜZƏ ÇIXIR

27-08-2014, 13:30
Oxunub: 4 364 Sürücülərə və paytaxt sakinlərinə qənim kəsilən post terminallara nəzarət niyə yoxdur?

Xəbər verildiyi kimi, bu ilin mayın 12-dən Bakının bir neçə yerində yeni park-terminallarının quraşdırılmasına başlanılmışdır… Bakı meriyasının nəzarətində və istifadəsində olan bu park-terminalları əvvəlcə şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılması nəzərdə tutulmuşdu. Lakin sonradan, daha doğrusu, son vaxtlar bəzi işbazlar «Şəhər yiyəsiz, biz də bəy…» (Oxu: «dərə yiyəsiz, tülkü bəy!») prinsipini əsas tutaraq Bakı küçələrində hara gəldi bu post-terminalları quraşdırıblar…

Ötən həftə Bakı şəhəri, Nərimanov rayon İH-nin qonşuluğunda yaşayan şəhər sakini Adil Əliyev redaksiyamıza zəng edərək bizi «Şərq bazarı» adlanan əraziyə, daha doğrusu, Xətai prospektinə dəvət etdi…

Adil Əliyev: «Evdən çölə çıxa bilmirik, az qalıblar tualetimizə də post terminal quraşdıralar ki, 4 saat tualetdə oturmusan, bu qədər verməlisən…»

Deyilən ünvana çatanda artıq məsələdən agah edilmişdik. Söhbət son günlər küçələri başına götürmüş post-terminallardan gedirdi… Şikayətçi Adil Əliyevin söylədiklərini bölüşmək istəyirik:

-Əvvəlcə Bakı meriyası bəyan etdi ki, dünyanın filan şəhərində olduğu kimi, mərkəzi küçələrdəki tıxac yükünü azaltmaq üçün sıxlıq olan küçələrə post-terminalları tətbiq edirik… Söhbət tıxac yükünü azaltmaqdan gedirsə, nooldu, pul verib qəbz alandan sonra tıxac problemi həll olunur? Mən Xətai prospektində, «Yaşıl bazar»ın arxasında oluram. Təsəvvür edin, bu prospektə son bir neçə gündə 20-yə yaxın post terminal quraşdırıblar. Bir sözlə, prospekt boyu salamat yer yoxdur ki, maşın saxlayıb aptekə girəsən. Hər terminalın başının üstündə də xüsusi geyimli adamlar. Maşını saxlayan kimi gəlirlər ki, pul ödə, sonra dayan. Təkrar edirəm, məqsəd yollarda tıxac yaranmasına yol verməməkdirsə, onda maşın saxlamaq üçün xüsusi «cib»lər olmalıdır. Yəni, meriya zəhmət çəkib yolun ehtiyat, boş ərazisində xüsusi yer ayırmalıdır ki, maşınını orada saxlayasan ki, başqa nəqliyyat vasitələrinə mane olmayasan, tıxaca bais olmayasan… Amma bizdə belə deyil, baxın, prospekt boyu terminallar qoyulub, hamısı da yolun hərəkət hissəsinə aiddir. Yəni, pulunu ödə, əvvəlki kimi yolda saxla. O yolda ki, diqqət yetirin, «Saxlamaq qadağandır» nişanı qoyulub. İndi kimə inanaq: meriyanın işbazlarına, yoxsa DYP İdarəsinə??? Evdən çölə çıxa bilmirik, az qalıblar tualetimizə də post terminal quraşdıralar ki, 4 saat tualetdə oturmusan, bu qədər verməlisən… Belə də qanunsuzluq olar? İndi Bakının elə bir küçəsi yoxdur ki, post terminallar quraşdırmasınlar…

Metronun «Neftçilər» stansiyası da post terminalların mühasirəsindədir…

Şikayətlə bağlı bir neçə gün ardıcıl olaraq paytaxtın bəzi yerlərində olduq. Həqiqətən də acınacaqlı vəziyyət idi. Bakı, sanki sakinlərinə icarəyə verilib. Xüsusən də sürücülər üçün narahatlıq həddini aşıb. Məsələn, vəziyyəti öyrənmək üçün bizə deyilən ünvanlardan birinə-metronun «Neftçilər» stansiyasında olduq. Təsəvvür edirsinizmi, avtobus dayanacağına post terminal qoyulub. Hər tərəf də ticarət köşkləridir, aptekdir və s. Avtomobilimizi qəsdən terminalın yanında saxladıq (terminal quraşdırılan yolda xüsusi sahə ayrılmalıdır vəs.). Dərhal sarı rəngli xüsusi geyimli bir cavan oğlan bizə yaxınlaşdı ki, pul ödəyin. Başa saldıq ki, maşında xəstə var, halı pisdir, dərman alıb gedirik. İkincisi də, axı biz kiməsə mane olmuruq, tıxac yaratmırıq, bir dəqiqə saxlamaq üçün niyə pul verməliyik? Dedi ki, olmaz! Soruşduq ki, bəs harda saxlayıb 20 qəpiklik dərman alaq? Dedi ki, bu küçədə terminalsız yer yoxdur… Binaların həyətinə girmək istədik, ora isə şlaqbaum qoymuşdular… Belə çıxırdı ki, qəsdən yaradılmış bir süni şərait 20 qəpiklik dərman almaq üçün (bəlkə də həmin dərman o aptekdə yoxdur) terminala ən azı 50 qəpik ödəməliyik…

Bakı Bulvarı insansız görünürdü, çünki…

Sonra digər küçələrə baş çəkə-çəkə Bakı Bulvarına gəldik. Burada isə (metronun «28 may» stansiyası ərazisi lap ağını çıxarıb) vəziyyət lap dözülməz idi. Bulvara gəlmək üçün Azadlıq meydanındakı yeraltı qaraja girməlisən. Əgər uşaqlarla, ailə ilə gəlmisənsə, 4-5 saatlıq gəzinti sənə minimum 4-6 manata başa gələcək. Elə bu səbəbdən də Bulvarı boş gördük… Təsadüfən yolda dayanmış bir taksi sürücüsündən bunun səbəbini soruşduq. Qan ağladı:

-Meriyanın bu mənasız, şəhər sakinlərinin istirahətinə balta çalan addımı Bulvarı boş edib. Bura gəlmək, sərbəst gəzmək istəyən mütləq terminala pul ödəməlidir. Axı hamıda belə imkan yoxdur… Halbuki buraları pulsuz etmək olar ki, adamlar çox gəlsin. Hər gələn uşaqla, böyüklə burada dondurmaya, suya və s. pul xərcləyər ki, o da nə qədər qazanc deməkdir…

Sürücülərə və paytaxt sakinlərinə qənim kəsilən post terminallara nəzarət niyə yoxdur?

Araşdırmamız Bakının əsas prospekt və yollarını əhatə etdi. Məlum oldu ki, əvvəllər bəzi yerlərdə yol kənarında maşın saxlamaq üçün xüsusi yerlər düzəldilirdisə, indi elə deyil. Daha doğrusu, hərə bir küçəni «özəlləşdirib» və babasından miras qalıbmış kimi ora terminal quraşdırıb… Hətta Xəqani küçəsində yersiz quraşdırılmış terminalı görəndə taksi sürücündən qəribə söz eşitdik: «Lazımsa, sizə də təşkil elətdirək, bir boş küçə tapın, 5-10 terminal alıb quraşdırın, aylığınız evinizə gəlsin…».

***

Yazılmamış qaydalara görə isə, əgər quraşdırılan park-terminalların əhatə dairəsindən kənarda maşın saxlasan, evakuator dərhal gəlib maşını aparacaq. Daha sonra 4 saatdan artıq maşın saxlamaq olmaz. Saxladığınız maşın 4 saatı keçirsə (birdən başına bir iş gəlib, yaxud qarnın ağrayıb və təcili tualetə girmisən, iki saat tualetdə oturmusan və s.), yol polisi sizə yaxınlaşıb cərimə yaza, maşınınızı evakuator vasitəsi ilə ərazidən uzaqlaşdıra bilər. Park-terminalların tarifləri isə belədir:

30 dəq- 0,50 qəpik
1 saat- 1 AZN
2 saat – 2 AZN
3 saat -3 AZN
4 saat- 4 AZN

Məsələn, Bakı Bulvarında olan “Park Bulvar”ın yeraltı dayanacağında qiymətlər lap ağını çıxarıb:

1 saat – 1 AZN
1-3 saat – 2 AZN
3-8 saat – 3 AZN
8-12 saat – 6 AZN
12-15 saat – 10 AZN

“Nizami” metrosundakı insaflı qiymət:

6 saat - 1 AZN
12 saat – 2 AZN
24 saat – 4 AZN

“Park Center” ticarət mərkəzində isə vəziyyət «rusca»dır:

1 saat – 1 AZN
1-3 saat - 2 AZN
3-6 saat – 4 AZN
6-12 saat – 6 AZN
12-24 saat – 8 AZN

***

Sonda: meriya bəyan etdi ki, yığılan pullar dövlət büdcəsinə ödənəcək…. Ancaq biz iki gün ərzində apardığımız müşahidələrimizdə dövlətin bu işdə nə marağını gördük, nə də nəzarətini… Çünki dövlət heç bir halda vətəndaşının sərbəst maşın saxlamaq, ticarət etmək, istirahət yapmaq və s. hüquqlarını bu şəkildə məhdudlaşdıra və ya əlindən almaz!!!


Bir sözlə, belə getsə, bir azdan, Bakıda evdən çölə çıxan kimi səni tutub cərimələyəcəklər ki, küçə meriyanındır, pul ödə! tezadlar.az