BolgeXeber.Com » Gündəm » "Azəriqaz" rəhbəri problemlərin öhdəsindən gələ bilmir

"Azəriqaz" rəhbəri problemlərin öhdəsindən gələ bilmir

28-08-2014, 11:20
Oxunub: 2 662 Faktlar göstərir ki, son 4 ildə respublikamızın bir sıra rayonlarını, onların kəndlərini qaz təchizatını inanılmayacaq qədər bərbad günə qoymuş "Azəriqaz" İstehsalat Birliyində dözülməz vəziyyət yaranıb. Vəzifəyə təyinat alan gündən yalnız qohumlarına rəis postu paylamaqla məşğul olmuş Əkbər Hacıyev ona edilən etimadı doğrulda bilmir. Hətta bildirilir ki, o, vəzifəsindən getməyə can atır, lakin onu buraxmırlar.

Əgər Əkbər Hacıyev "Azəriqaz" İstehsalat Birliyinə baş direktor təyin edilən gündən - 2009-cu il, iyulun 22-dən bu günə kimi var gücünü sərf edib, əvvəllər pis-yaxşı çalışmış qaz təchizatı sisteminin işində dönüş yarada bilsəydi, indi respublikamızın onlarla kəndinin mavi yanacaqla təminatında problemlər yaranmazdı. Ölkəmizin qaz təchizatını 4 ilin içində bərbad günə qoymuş qurumun rəhbəri Əkbər Hacıyevin əsas işi yalnız bəzi yaxınlarına vəzifəyə gətirməkdən ibarət olub. Elə istehsalat birliyinin işində yaranmış bütün problemlər də buradan qaynaqlanır. Qeyd edək ki, o, "Azəriqaz"ın tabe olduğu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur. Bildirilir ki, Əkbər Hacıyev bundan sui-istifadə edərək heç kimlə hesablaşmır. 2009-cu ildə vəzifəyə gələn kimi qaz təchizatı sistemində uzun illərdən bəri işləyən peşəkar və təcrübəli mühəndisləri, rəhbər işçiləri, sahə rəislərini, bir sözlə, qaz istismarından başı çıxan bir çoxlarını müxtəlif bəhanələrlə, bəzən hətta korrupsiya hədə-qorxusu ilə işdən çıxaran "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev qurumu sanki şəxsi təsərrüfatına çevirib. Qəzetimizə daxil olan məlumatlara görə, Əkbər Hacıyev "Azəriqaz"a qohum-əqrəbasını yığmaqla kifayətlənməyərək qohumu olmayan işçilər müxtəlif bəhanələrlə işdən kənarlaşdırıb.

Məlumatlarda deyilir ki, "Azəriqaz" rəhbərinin yaxın qohumu olan Nazim Bayramov adlı şəxs qurumda istədiyini edir. Bu şəxsin işə götürülməsi də maraqlıdır. "Azəriqaz" hələ ARDNŞ-in tabeliyinə verilməmişdən əvvəl qurumda nəqliyyat şöbəsi olub. Qurum ARDNŞ-ə veriləndən sonra Əkbər Hacıyev qohumu Nazim Bayramovu prestijli vəzifəyə təyin etmək üçün eyni profilli Nəqliyyat və Xüsusi Texnika İdarəsi yaradıb. Nazim Bayramov həmin idarənin rəisi təyin edilib. Bütün bunlar bir yana, Əkbər Hacıyevin vəzifəyə təyin etdirdiyi yaxınları, qohumları da bu sahə üzrə mütəxəssis olmadıqlarından "Azəriqaz" İstehsalat Birliyinin 4 illik fəaliyyətində dönüş əldə edilməyib. Üstəlik qurumun ayrı-ayrı rayonlarının şöbələrinin rəislərinin, habelə digər işçilərinin adları müxtəlif qalmaqallarda hallandırılır. Bütün bunlar onu göstərir ki, şəxsi münasibətlər sistemi ilə ətrafına komanda toplamış Əkbər Hacıyev rəhbəri olduğu qurumun işini pis vəziyyətə salıb. Bu səbəbdən də 4 ildir ona tapşırılan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir.
gundelik-baku