BolgeXeber.Com » Gündəm » Şəmkirdə yerli məmurların büdcə talanı - Yeyinti

Şəmkirdə yerli məmurların büdcə talanı - Yeyinti

1-09-2014, 09:40
Oxunub: 3 415 Burada “ölü canlar” üsulunu geniş tətbiq etdiyi bildirilir

Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Şəmkir rayon Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan şikayətlər yer almaqdadır. Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan, Şəmkir rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün digər qurumlarla yanaşı Şəmkir rayon Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da göstərildiyi kimi bu gün Şəmkirdə 41 min 340 hektar əkin sahəsinin 38 min 447 hektarı suvarılandır ki, bunlardan da 16 min 500 hektar əkin sahəsinə məhz subartezian quyularından su verilir. Aldığımız məlumatlarda isə yerli sakinlər və fermerlər bu idarənin rəisi Nəriman Verdiyev tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bildirilir ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, N.Verdiyev tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının alınması və ən çox da köhnə quyuların əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu işlər çox aşağı səviyyədə görülür. Bundan başqa isə ayrı-ayrı sakinlərdən aldığımız məlumatlarda Şəmkir rayon Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli-miqdarda ziyan vurmaqda ittiham olunur: “Nəriman Verdiyev bizim də istifadə etdiyimiz quyunu 15 000 manata qiymətləndirərək, bir nəfər vətəndaşa nağd pula satıb. Həmin vətəndaş isə bu quyunun suyunu şəxsi torpaq sahəsinə yönəldib. Dəfələrlə rayonun aidiyyatı təşkilatlarına və Nəriman Verdiyevə müraciət etməyimizə baxmayaraq, şikayətlərimizə əhəmiyyət vermədilər. Əkin sahələrimiz gözümüzün qarşısında tamam yanıb külə döndü. Təsərrüfatımıza ciddi ziyan dəyib. Bu heç kimi narahat etmir. Quyular ayrı-ayrı şəxslərə satıldığından onlar digər sakinlərin sudan istifadəsinə icazə vermirlər.” Aldığımız digər məlumatlarda isə Nəriman Verdiyevin rəhbərlik etdiyi idarənin ştat cədvəlinə öz qohumlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu geniş tətbiq etdiyi bildirilir. Həm də qeyd olunur ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də idarənin fəaliyyətinə ciddi əngəllər törətmiş olur. Belə ki, faktiki olaraq idarənin ştatında mütəxəssislərə və ixtisaslı fəhlələrə yer qalmır. Məlumatlarda digər bir qanun pozuntusu kimi də idarənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq, sonradan onların bir hissəsinin yanacaqdoldurma stansiyaları vasitəsilə satılması göstərilir. Həm də vurğulanır ki, məhz bu maxinasiyanın tətbiqi N.Verdiyevin əsas gəlir qaynaqlarından biri kimi çıxış edir.