BolgeXeber.Com » Gündəm » Cahangir Əsgərovun ölkədən çıxışı yasaqlanıb?

Cahangir Əsgərovun ölkədən çıxışı yasaqlanıb?

1-09-2014, 13:25
Oxunub: 3 593 AZAL prezidentinin hətta müalicə üçün xaricə getməsinə icazə verilmədiyi bildirilir

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun səhhətində ciddi problem yaranıb. Bu barədə məlumatı tia.az-a Bakı Hava Limanında çalışan işçilərdən biri verib. Onun sözlərinə görə, AZAL prezidenti artıq neçə aydır kəskin xəstəlikdən əziyyət çəkir, lakin müalicə üçün ölkədən kənara çıxa bilmir: “Xəstəliyi barədə dəqiq məlumata malik deyiləm, kimi deyir xərçəng xəstəsidi, kimi də deyir infarkt keçirib. Amma dəqiq bilirəm ki, müalicə üçün xaricə gedə bilmir. Ona ölkədən çıxmaq yasaqlanıb. Buna səbəb isə bir neçə ay bundan əvvəl ölkədən qanunsuz yük çıxarmağa cəhd etməsi olub. Düzdür, o vaxtlar həmin yükün pul olduğu deyilirdi, amma sonralar aeroportda danışırdılar ki, narkotik imiş”. Mənbə bütün bunların 100 faiz doğru olduğunu iddia etməsə də, C.Əsgərovun səhhətində problem yarandığını bir daha vurğulayır. Bildirir ki, AZAL prezidenti uzun müddətdir ki, gözə dəymir: “Xeyli müddətdir onun özünü görmürük, bütün işlərə nəzarəti birinci müavini həyata keçirir”.
Məsələ ilə bağlı araşdırma apararkən tia.az-a daha maraqlı məqamlar məlum olub. Belə ki, AZAL prezidentinin infarkt keçirdiyi dəqiqləşib.
Bir müddət əvvəl mətbuatda gedən məlumatda bildirilirdi ki, ölkədən qanunsuz yük çıxarmağa cəhd edən C.Əsgərovun qarşısını hava limanının gömrük xidməti kəsib. Karqo tərəfindən yüklənilib yola salınma ərəfəsində olan təyyarə aeroportun gömrük xidməti rəisinin əmri ilə dayandırılaraq boşaldılıb. Bunun ölkə rəhbərliyinə deyilməməsi üçün çox çalışan, lakin nail ola bilməyən AZAL prezidentinin bu hadisədən təsirləndiyi və nəticədə infarkt keçirdiyi bildirilir. Söylənənlərə görə, onun hələlik vəzifədə qalmasına da elə səhhətində yaranan problem səbəb olub. C.Əsgərovun vəzifəsini itirəcəyi təqdirdə həyatını da itirəcəyini görən ölkə rəhbərliyi hələlik lazım olan qərarı verməyib. Lakin eyni zamanda onun ölkə xaricinə çıxmasına yasaq qoyulub.