BolgeXeber.Com » Gündəm » “Samsung” istehlakçıları necə aldadır? -Şikayət

“Samsung” istehlakçıları necə aldadır? -Şikayət

3-09-2014, 09:05
Oxunub: 3 229 Firmadan şikayətlər artıb

Bir neçə gün əvvəl Bakıdakı telefon mağazalarının birində “Samsung” markalı telefonla maraqlandıq. Niyyətimiz sadə dillə desək, “Samsung TAB3” smartfonu almaq idi. Lakin satıcıdan eşitdiyimiz cavab həm təəccübümüzə, həm də bu mövzunun meydana çıxmasına səbəb oldu. Bizə “TAB3”-ü yox, “TAB4”-ü məsləhət görən satıcı bildirdi ki, birinci donur: “Samsung” şirkəti görəndə ki, “TAB3” donur, daha böyük düyümlü “TAB;”-ü istehsal etdi”. Təbii ki, bu zaman ortaya maraqlı sual çıxır: əgər bir model problemlidirsə, onu mütləq satışdan yığışdırmaq lazımdır. Belə olan halda “Samsung” nədən bunu etməyib, guya daha keyfiyyətli olan yeni modelin istehsalına və satışına başlayıb? Kim zəmanət verə bilər ki, bir müddətdən sonra “TAB4” də donmayacaq?
Bütün bu suallara cavab axtarmağa hazırlaşırdıq ki, “Samsung”dan daha bir şikayət ünvanımıza daxil oldu. Hələlik adının çəkilməsini istəməyən Bakı şəhər sakini bildirir ki, distrubitor mağazadan aldığı “Samsung Galaxy S4 mini” telefonu enerjini “yeməyə” başlayıb. Əlindəki zəmanət kağızı ilə şirkətin servis mərkəzinə yaxınlaşan vətəndaşın telefonu alınıb bir neçə gün saxlandıqdan sonra özünə qaytarılıb. Lakin bu dəfə də məlum olub ki, telefonun 3G-si işləmir. Alıcı növbəti dəfə servisə yaxınlaşıb, telefonu düzəldilməyə verib. Geri götürdükdə isə telefon donmağa başlayıb. Növbəti dəfə servisə yaxınlaşdıqda ona bildirilib ki, telefonun içərisində hansısa detal yanıb onu dəyişmək lazımdır. Vətəndaş bu dəfə telefonu servisdən götürməkdən imtina edib və malın dəyişdirilməsini tələb edib. Lakin onun tələbi satıcı mağaza ilə şirkət arasında hələ də müzakirə edilir: “İqtisadi İnkişaf Nazirliyinin istehlakçı hüquqları ilə məşğul olan xidmətinə də müraciət etmişəm, cavab gözləyirəm”.
Məsələ ilə bağlı firmanın Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Baku Elektroniks”lə əlaqə saxladıq. Sualımızı dinlədikdən sonra əlaqə nömrələrimizi götürən Vüqar adlı hüquqşünas bizimlə əlaqə saxlayacağını bildirsə də, sözünə əməl etmədi. Göründüyü kimi, adıçəkilən firma istehlakçı hüquqlarını tanımaqda, ona hörmət etməkdə nədənsə çətinlik çəkir. Əslində bu, təkcə “Samsung”la bağlı olan problem deyil, digər bir çox firma və şirkətlər də bu cür hallara yol verirlər. Bunun isə səbəbləri müxtəlifdir. Bir yandan vətəndaşların öz hüquqlarını bilməməsi, digər yansan isə istehlakçı hüquqlarının qorunması sahəsində cavabdeh olan qurumların məsələyə laqeyd münasibəti belə bir vəziyyətin yaranmasına səbəb olub.
“Samsung” firmasının bir çox mallarından şikayətlər gəldiyini bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, bu cür şikayətlərdən biri də bu yaxınlarda edilib: “Bir nəfər vətəndaş şikayət edib ki, ”Samsung”dan alınan və firmanın əməkdaşları tərəfindən gətirilib quraşdırılan kondinsioner pis qoxu verməyə başlayıb. Alıcı firmanın servis xidmətinə müraciət edib. Xidmətin Bayram adlı əməkdaşının cavabı çox əcaib olub. Bildirib ki, siz kondinsioneri mətbəxdə quraşdırmısız, ona görə pis qoxu verir. Sonradan məlum oldu ki, kondinsioneri düzgün quraşdırmırlar, su yığılıb qalır pis qoxu verir. Bacarıqlı bir usta 3-4 dəqiqəyə həll edir məsələni. Bu cür şikayətlər “Samsung”dan çoxdur. Firmanın servis xidməti Azərbaycanda yarıtmaz fəaliyyət göstərir. İstehlakçılara böhtan atılması halları da baş verir. Məsələn, telefonu verirsən, qəsdən xətər yetirir qoyurlar sənin boynuna”. E.Hüseynov qeyd etdi ki, “Samsung”un biznes etikası çox aşağı səviyyədədir və bütün bu neqativ halların yaranmasının səbəblərindən biri də budur: “Digər tərəfdən, ölkədə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilikdə çoxlu sayda boşluqlar var. Mən cənab prezidentə də bununla bağlı açıq mətnlə müraciət ünvanlamışam. Ölkədə biznes inkişafı siyasəti istehlakçı hüquqlarının qorunması siyasətindən çox qabağa gedib. Biznesi də, dövləti də, ordunu da saxlayan istehlakçı arxa planda qalıb. Həmçinin istehlakçı hüquqlarını qorumalı olan dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin səmərəsiz işi də vəziyyətin bu həddə gəlib çatmasına səbəb olub”.
Tia.az