BolgeXeber.Com » Gündəm » “London taksi”lərinin maaş qovğası bitmir

“London taksi”lərinin maaş qovğası bitmir

5-09-2014, 08:25
Oxunub: 5 353 Şirkət sürücülərə əmək haqqı vermək əvəzinə, planı artırıb

“London taksi” sürücülərinə hər ay yeni problem yaradılır. “Badımcan” taksilərin şoferləri də artıq cana doyublar. Sürücülərin gündəlik planın 28 manatdan 34 manata qaldırılması narazılığa səbəb olub. Onlara nə yanacaq pulu verilir, nə də maaş.

Bu xəbərlər mətbuatda yazılanda “Bakı taksi” MMC iddiaları təkzib etdi. Lakin problemin olduğu kimi qalması yenidən məsələyə toxunmaq zərurəti yaradıb. Belə ki, sürücülər hələ də maaş ala bilmir, onlara solyarka haqqı verilmir, üstəlik də gündəlik 34 manat plan ödəyirlər.

Şirkət bu qərarı sürücülərə belə izah edib ki, onlar işləyib qazana bilirlər, hotellərin, əcnəbilərin olduğu restoranların qarşısından götürdükləri müştərilərin verdiyi gediş haqqı kifayət edir. Bu məntiqsiz qeyri-rəsmi izahatdan sonra da sürücülər bu şəkildə işləməyə məcbur olublar.

Çünki onlar imtina etsələr, alternativ iş yeri tapmaq indiki vaxtda çətindir. Odur ki, sürücülər başını aşağı salıb, narazı da olsa işləyirlər. Söhbətimiz zamanı sürücülərdən biri dedi ki, maaş söhbəti yığışıb:

“Şərtlər tez-tez dəyişir. Şirkət özü də mətbuat yazdığını görəndə çıxıb inkar edir. Amma nə varsa belədir. Bu dəqiqə şərik işləyəndə hər sürücü 17 manat plan verir. Tək işləmək istəsən 34 manatdır. İndi gəl sən hesabla bunun gündəlik qazancını.

Mənim solyarka pulum var, ehtiyaclarım var, maşın xarab olur, düzəltmək lazımdır. Gün olur ki, müştəri gəlmir. Onda planı da ödəyə bilmirik. Evə çörək pulu aparmaq yaddan çıxır. Dərd eləyirik ki, şirkətin planını verək, borclu qalmayaq".

Sürücünün sözlərinə görə, onlardan hər ay 6 manat Həmkarlar Təşkilatı üçün alınır: “Maaş yox, təşkilat var. Belə gülməli zəmanədir. Şirkət özünü reklam edir. Ki, gələn il olimpiya oyunları vaxtı daha çox taksi gətiriləcək. Gətirilsin e, amma pul da verilsin”.

Sürücülərin sözlərinə görə, şikayət etməli yer yoxdur: “Nəqliyyat Nazirliyinə gedəcəksən, onlar da şirkətlə işləyir. Bəhanə edirlər ki, bəs bizim müştərilərimiz çoxdur. Guya xarici qonaqları aparırıq, ay nə bilim sayğacdan kənar pul alırıq.

Lap elədirsə, bunu sübut etmək lazımdır. Araşdırıb həmin sürücünü qovsunlar. İkincisi, sübut olmadığı halda niyə mən maaş almamalıyam? Planın 34 manata qaldırılmasını da məntiqsiz izah edirlər. Guya ki, iş saatı azaldılır, bir taksini iki sürücü istifadə edir. Hər sürücüyə 17 manat düşür deyə ödəmək mümkündür. Bu da onların səbəbi. Sürücülərin də çoxu bu şərtlərlə işləməyə məcburdu".

Azvision.az saytı isə yazıb ki, “Eurovision” müsabiqəsindən sonra sürücülərlə müqavilə bağlanıb. Sürücülərə əməlli-başlı maaş verilib. Ondan sonra əmək kitabçalarını sürücülərə qaytarıblar. “Maşınların təmiri, texniki təchizatı şirkət tərəfindən həyata keçirilməlidir. Ancaq gedirsən, texniki avadanlıq yoxdursa, vəssalam, bunun da onlara dəxli yoxdur.
Deyir yoxdur, özün bilərsən. Məcbur olub, özümüz bir şey fikirləşirik. “Eurovision”da 1000-dən çox maşın gətirdilər. Ancaq 506 nömrəli maşına kimi “London taksiləri”nin qeydiyyatı var. Ondan sonra gələn maşınların hamısını gömrük Lökbatandakı cərimə meydançasına aparıb qoyub. 506 nömrəsindən sonra kim bu taksini sürürsə bilin ki, qorxa - qorxa, gizlicə edir".