BolgeXeber.Com » Gündəm » Arif Əsgərovun vəzifədən kənarlaşdırılması gündəmə gələ bilər

Arif Əsgərovun vəzifədən kənarlaşdırılması gündəmə gələ bilər

5-09-2014, 09:55
Oxunub: 3 687 Dəmir Yolları QSC-nin sədrinin oğlu Elnar Əsgərovun adının qarışdığı məsələnin bir qədər də böyümək ehtimalı var

Hazırda mətbuatın gündəmini zəbt edən əsas mövzulardan biri də Azərbaycan Dəmir Yolları QSC-nin sədri Arif Əsgərov və onun ətrafında cərəyan edən proseslərdir. Bildirilir ki, büdcədən QSC-yə ayrılan investisiyalar, eləcə də xarici kreditlər, yük və sərnişin daşımalardan əldə olunan gəlirlər təyinatdankənar istiqamətlərə sərf olunur. Bundan başqa, Azərbaycan Dəmir Yolları QSC sədrinin oğlu Elnar Əsgərovun İngiltərədə Yorkşir Universitetində təhsil alarkən cinayət törətdiyi də vurğulanır.

Bu barədə əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin iddiasına görə, Elnar Əsgərov bir neçə il öncə Londonda təhsil alarkən tələbə yoldaşı olan ingilislə dava edib və sonda onu bıçaqlayıb: "Lakin bir sıra yollara baş vurduqdan sonra onun bu əməli ört-basdır edilib. Ümumiyyətlə, Elnar Əsgərov İlgiltərədə təhsil aldığı müddət ərzində bir sıra qanunsuz əməllərə qol qoyub. Məsələn, o, Londonda oxuduğu vaxtda "Credit Suisse" bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzinə imtahan verməyə razı salıb. Bunun qarşılığında Elnar Əsgərov Ceromi Drenə hər imtahan üçün 2 min funt-sterlinq verib. Beləliklə də, Ceromi Arif Əsgərovun oğlunun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Həmin vaxt Elnar Əsgərov orada həbs olunsa da, bir müddət sonra cəza müddətinı başa vuraraq ölkəyə qayıdıb. Həmin vaxt bu qalmaqallı hadisə İngiltərənin ən nüfuzlu nəşrləri hesab olunan "The Yorkshir Post" və "The Daily Mail" də işıqlandırılmışdı".

Bir il bundan əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Azərbaycan Dövlət Dəmir Yolları QSC-də əməliyyat tədbirləri keçirdiyini xatırladan məlumatlı şəxs həmin vaxt qurumun marketinq şöbəsinin rəisi, Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun həbs olunduğunu bildirdi: "Həmin vaxt 48 milyon manatlıq yeyintidə ittiham olunan Rahib Hüseynovun maliyyə fırıldaqları nəticəsində 50-yə yaxın sahibkara ciddi ziyan dəymişdi. Bu işdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı hallandırılırdı". Artıq bir müddətdir ki, Elnar Əsgərovun sahibkarlıq fəaliyyətilə məşğul olduğunu deyən mənbənin sözlərinə görə, o, ölkənin dəmiryolları şəbəkəsinin təchizatını öz əlində cəmləyib: "Elnar Əsgərov Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. O, Rahib Hüseynov və qardaşı Emin Hüseynov neçə illərdir bir yerdə çalışdıqları iş adamlarına külli miqdarda kələk gəliblər. Zərərçəkmişlər xeyli müddətdir ki, adıçəkilən şəxslərlə danışıqlar aparıb problemi yoluna qoymağa çalışıblar. Lakin bunun heç bir faydası olmayıb. Məhz bundan sonra sahibkarlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Bundan sonra isə Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov həbs olunub". Elnar Əsgərovun "Liman Group" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, bu şirkət Türkiyə və Rusiya bazarlarında uzun müddətdir fəaliyyət göstərən, tikinti, ticarət və digər sektorlarda önəmli paya malik olan şirkətdir: "Şirkətin ofisi İsmayıl Hidayətzadə küçəsi, 5 ünvanında yerləşir. Fəaliyyəti tikinti, quraşdırma, montaj işləri, ticarət və digər biznes sahələrilə məşğul olmaqdır. Elnar Əsgərov bir sıra tender layihələri həyata keçirir və bu zaman bir sıra nöqsanlara yol verilir. Bu arada, onu da qeyd edim ki, ötən il 48 milyon manatlıq yeyintidə təqsirləndirilərək həbs edilən Rahib Hüseynov artıq azadlığa buraxılıb. Onun istintaqının bitib-bitməməsi barədə heç bir məlumat yoxdur, məhkəməsi də keçirilməyib. Arif Əsgərov öz oğlunu xilas etmək üçün Rahib Hüseynovu həbs etdirib. Baldızı oğluna söz verib ki, 6 aydan sonra onu həbsdən qurtaracaq. Ancaq üstündən 6 ay keçəndən sonra Rahib Hüseynov Arif Əsgərovdan xəbər çıxmadığını görüb, istintaqa real faktları açıqlamağa başlayıb. O, istintaqa yığılan pulların hamısını Elnar Əsgərova verdiyini, hətta bu işin başında Arif Əsgərovun başqa bir ailə üzvünün də dayandığını bildirib. Eyni zamanda, Arif Əsgərova mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək. Bundan təşvişə düşən Arif Əsgərov istintaqla anlaşaraq onun azadlığa buraxılmasına nail olub. Odur ki, əgər indi Elnar Əsgərovun adının qarışdığı məsələ bir qədər də böyüsə, o zaman Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin vəzifədən kənarlaşdırılması gündəmə gələ bilər. Çünki hazırda bunun üçün kifayət qədər əsas var. Görünən odur ki, aidiyyəti qurumlar artıq Arif Əsgərovun məsələsini müzakirəyə çıxarıblar".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku