BolgeXeber.Com » Gündəm » "Bizim market" şəbəkəsinə qarşı vergidən yayınma ittihamı

"Bizim market" şəbəkəsinə qarşı vergidən yayınma ittihamı

5-09-2014, 17:25
Oxunub: 2 824 “Bizim market” mağazalar şəbəkəsində nağdsız ödənişlər məhdudlaşdırılıb

Belə ki, marketin şəhərin müxtəlif yerlərində yerləşən mağazalarında kartla ödənişlərin hamısı bir kassaya yönləndirilib. Hər gün yüzlərlə alıcının alış-veriş etdiyi mağazaların kassalarında bu səbəbdən növbələr yaranır. Qeyd edək ki, əvvəllər bu belə deyildi. Kartla ödəniş edən alıcılar bütün kassaların xidmətindən yararlana bilirdi. Son təxminən 1 aya yaxın müddətdə kartla ödənişlərin bir kassada həyata keçirilməsi alıcıların da ciddi narazılığına səbəb olub. Bir neçə gün əvvəl şəbəkənin Yeni Yasamalda yerləşən mağazasında olarkən biz də eyni problemlə qarşılaşdıq. Növbəyə dayanan 5-6 nəfərin etirazlarına cavab olaraq mağazanın işçiləri bildirdilər ki, bu, Vergilər Nazirliyinin göstərişi ilə edilib: “Gəlib belə edib gediblər, gedin sözünüzü onlara deyin”.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinə müraciət edib məsələ ilə bağlı mövqe öyrənmək istədik. Bildirildi ki, şöbədə belə bir halla bağlı məlumat yoxdur. Əslində bu, o qədər də inandırıcı deyil, nazirlik hazırda nağdsız ödənişlərin stimullaşdırılması ilə məşğul olduğu halda niyə belə qərar verməlidir?! Analitik informasiya şöbəsindən bildirildi ki, məsələ araşdırılacaq.
Adının çəkilməsini istəməyən vergi mütəxəssisi bizimlə söhbətində bunu mağazalar şəbəkəsinin vergidən yayınmaq cəhdi kimi qiymətləndirdi: “Ödəniş kartla ediləndə vergidən yayınmaq mümkün olmur, amma nağd ödənişlərdə bu, çox asandır. Görünür, “Bizim market” mağazalar şəbəkəsində son vaxtlar nağdsız ödənişlər genişlənib, ona görə də belə bir varianta əl atıblar. Onlar bilirlər ki, alıcıların əksəriyyəti növbə gözləməkdənsə nağd ödəyib mağazadan çıxmağa çalışacaq, ona görə də bu vəziyyəti yaradırlar. Hər bir halda bu, istehlakçı hüquqlarının pozulması, müştəri məmnuniyyətinin heçə sayılmasıdır”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Şəbəkənin 579-40-80 saylı telefonuna zəng edərək rəhbərliklə danışmaq istədiyimizi bildirdik. Rəhbərliyin səlahiyyətli nümayəndəsi kimi danışan, həmçinin mühasib olduğunu deyən, lakin özünü təqdim etməyən xanım belə bir problemin olmadığını bildirdi. Üstəlik, çox aqressiv şəkildə bu mövzu ilə bağlı çoxlu sayda müraciətlərin olduğunu dedi. Onun diqqətinə çatdırdıq ki, əgər çoxlu müraciətlər olursa deməli problem həqiqətən var. Lakin xanım inadla xəbəri inkar etdi. Bu dəfə biz “bizimlə həmin mağazaya gedə bilərsizmi” deyə sual etdik. Xanımın cavabı isə belə oldu: “Yox! Mənim işlərim var. Gedin kimə istəyirsiz, hara istəyirsiz yazın!” “Rəhbər”-mühasibin aqressiyasını görüb şəbəkənin gerçək rəhbərliyi ilə əlaqə saxlamaq üçün yenidən həmin nömrəyə zəng etdik. Bildirildi ki, rəhbərlik iclasdadır.
Şəbəkənin internet saytında “Bizim Market” mağazalar şəbəkəsinin strateji baxışı belə vurğulanıb:
-İstehlakçılarla birlikdə uygun qimətlərlə, keyfiyyətli məhsulları təqdim edən və yüksək səviyyəli xidmət göstərən Azərbaycanın aparıcı Mağazalar Şəbəkəsi оlmaq.
Bu xidmətlə, bu davranış mədəniyyətiləmi?
Mövzuya qayıdacağıq.
tia.az