BolgeXeber.Com » Gündəm » 3 saylı şəhər Klinik Xəstəxanası batır

3 saylı şəhər Klinik Xəstəxanası batır

6-09-2014, 10:00
Oxunub: 19 455 Baş həkim dəyişsə də, problemlər azalmaq bilmir

Məlum olduğu kimi, bu ilin may ayında səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə camaat arasında "Sabunçu xəstəxanası" kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil Məmmədov tutduğu vəzifədən azad edildi. Nazirin digər əmri ilə Fikrət Zeynalov sözügedən səhiyyə ocağına baş həkim təyin edildi. Diqqətinizə çatdıraq ki, xəstəxananın keçmiş baş həkiminin dövründə bu səhiyyə müəssisəsində ciddi problemlər meydana çıxmışdı. Belə ki, xəstəxananın tibb personalı bura müraciət edən xəstələrə normal münasibət göstərmir, onlardan nəysə umurdular.

Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Fikrət Zeynalovun baş həkim postuna təyin olunmasından sonra 3 saylı şəhər klinik xəstəxanasında elə də ciddi dəyişiklik baş verməyib. Mənbə vurğulayır ki, həkimlərin gözü yenə də xəstələrin və onların yaxınlarının cibindədir: "Sabiq baş həkim Xəlil Məmmədovun zamanında xəstəxanada vəziyyət kritik həddə idi. 3 saylı şəhər klinik xəstəxanasında bir-birinin ardınca qeydə alınan xoşagəlməz hadisələrdən sonra Səhiyyə Nazirliyinin rəsmiləri təcili tədbirlər görmək qərarına gəldi. Nazir Oqtay Şirəliyev haqlı olaraq Xəlil həkimi tutduğu vəzifədən uzaqlaşdırdı. Lakin onun yerinə təyin olunan Fikrət Zeynalov hələ ki, Xəlil Məmmədovun yol verdiyi nöqsanları aradan qaldıra bilməyib. Vətəndaşların adıçəkilən səhiyyə ocağına inamı yoxdur. Çünki burda çalışan həkimlərin bir çoxunu xəstələrin vəziyyəti deyil, onların maddi durumu maraqlandırır. Digər tərəfdən, həkimlərin əksəriyyəti həm də özəl səhiyyə mərkəzlərində işlədikləri üçün burdakı işlərinə biganə münasibət bəsləyirlər. Belə demək mümkünsə, günlərini yola verib gedirlər. Son vaxtlar xəstəxanada vəziyyət daha dramatik şəkil alıb. Bildiyimiz kimi, paytaxtda baş verən ağır yol qəzalarında və digər hadisələrdə ciddi xəsarət almış şəxslər əsasən Sabunçu xəstəxanasına gətirilir. Amma həmin xəstələrin sağalma ehtimalı çox azdır. Ona görə ki, xəstəxanada sistem düzgün qurulmayıb. Həkim yaralıya yardım göstərmək əvəzinə onun yaxın adamlarından "hörmət" gözləyir. Şöbələrdə fəaliyyət göstərən həkimlər, o cümlədən şöbə müdirləri üzərlərinə düşən işləri layiqincə yerinə yetirə bilmirlər. Reanimasiya şöbəsindəki durum lap acınacaqlıdır. Ağır vəziyyətdə bura gətirilən xəstələrə lazımi səviyyədə tibbi yardım göstərilmir. Şöbənin həkimlərinin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Həkimlərin səhvi əksər hallarda faciə ilə nəticələnir. Gecə növbəsinə qalan həkimlər xəstələrin yaxınlarından nəysə almamış onlara yaxşı xidmət göstərmirlər. Xəstəxana dövlət hesabına maliyyələşdiyinə görə bütün xərclər büdcə vəsaitləri hesabına ödənilir. Buna baxmayaraq, həkimlər əllərinə düşən fürsətdən istifadə edərək xəstə yaxınlarına hətta elektrik lampası belə aldırırlar. Tibb bacıları, sanitar işçilər reanimasiya şöbəsində yatan insanların yaxınlarından "şirinlik" alıb onları bir neçə dəqiqəliyinə şöbəyə buraxırlar. Biz görmüşük ki, reanimasiya şöbəsində tam sakitçilik olur. Burda isə tibb bacıları, həkimlər, sanitar işçilər bir-birləri ucadan danışıb gülürlər. Xəstələrin yatdıqları çarpayılar və onların üzərinə atılan mələfələr pis gündədir. Xəstəxanada sanitar qaydalara demək olar ki, riayət olunmur. Mələfələr həftələrlə yuyulmur, şöbələrin döşəmələri vaxtında silinmir. Sanitar otaqlardakı mənzərələr isə ürək bulandırır". Mənbə deyir ki, həkimlər iynə-dərmanı və digər zəruri tibbi ləvazimatları xəstələrin özlərinə aldırırlar: "3 saylı şəhər klinik xəstəxanasına hər il dövlət tərəfindən müxtəlif dərman preparatları, iynələr və təsərrüfat malları verilir. Həmin dərmanların, iynələrin hara getdiyi isə məlum deyil. Pambığı belə xəstələrin özünə aldırırlar. Məhz bu kimi hallara görə Sabunçu xəstəxanası batır. Təəssüf ki, xəstəxana rəhbərliyi mövcud problemləri aradan qaldırmaq barədə fikirləşmir". Onu da qeyd edək ki, indiyə kimi mətbuat səhifələrində 3 saylı şəhər klinik xəstəxanasındakı rəzalətlərlə bağlı saysız-hesabsız yazılar dərc olunub. Aidiyyəti dövlət qurumları dəfələrlə xəstəxanada yoxlama aparıblar. Lakin bununla belə səhiyyə ocağındakı neqativ hallara son qoyulmur. Eşitdiyimizə görə, baş həkim Fikrət Zeynalov işinə məsuliyyət göstərən insandır. Onun haqqında bu vaxta kimi çoxsaylı tənqidlərə rast gəlməmişik. Fikrət müəllimin 3 saylı şəhər klinik xəstəxanasındakı problemləri həll etməməsi bəzi şübhəli məqamlardan xəbər verir. Ya baş həkimin bir az zamana ehtiyacı var, ya da xəstəxanada acınacaqlı durumun yaranmasına elə onun özü səbəb olub. İstənilən halda, paytaxtın ən böyük səhiyyə ocaqlarından biri sayılan xəstəxanada tibbi xidmətlərin aşağı səviyyədə olması bir vətəndaş kimi bizi narahat edir. Buna görə də hörmətli nazir Oqtay Şirəliyevdən xahiş edirik ki, sözügedən xəstəxananın fəaliyyətini şəxsən öz nəzarətinə götürsün və Fikrət Zeynalova lazımi tapşırıqlarını versin. İnanırıq ki, nazir xahişimizi nəzərə alıb tezliklə zəruri tədbirlər həyata keçirəcək.

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

gundelik-baku