BolgeXeber.Com » Gündəm » 98 saylı uşaq bağçasında özbaşınalıq

98 saylı uşaq bağçasında özbaşınalıq

6-09-2014, 14:55
Oxunub: 5 410 Təlim-tərbiyə ocağında antisanitariya hökm sürür

Son zamanlar uşaq bağçaları ilə bağlı vəziyyət dözülməz həddə çatıb. Sözügedən təhsil ocaqlarındakı vəziyyət elə haldadır ki, valideynlər uşaqlarını bağçalara etibar etmirlər. Bakı şəhəri,Yasamal rayonu,Yeni Yasamal yaşayış massivi 1,1 ünvanda yerləşən 98 saylı uşaq bağçasından redaksiyamıza şikayət daxil olub. Şikayətdə bildirilir ki, 2 illik təmirdən sonra 98 saylı bağçada hansısa təmir işinin aparıldığını görmək mümkün deyil. Bağça tamamilə bərbad vəziyyətdədir.

Hazırda bağçada müdirə İlyasova Elnurə Fazil qızıdır. Valideynləri ən çox narahat edən məsələ sözügedən təhsil müəssisəsində uşaqlar üçün şəraitin əlverişsiz olmasıdır. Xüsusilə də valideynləri maraqlandıran məsələ həmin bağçanın istilik sistemi ilə təmin olunmasıdır. Son illər təhsil ocaqlarının istiliklə təminatında bir sıra işlər görülüb. Ölkənin bəzi uşaq bağçaları fərdi qaydada qazanxanalarla təmin olunub. Bu sistemə qoşulmayan sözügedən müəssisələr isə istilik sisteminə mərkəzləşdirilmiş qaydada qoşulub. Amma bunları, bəzi bağçalara şamil etmək olar.

Bu səbəbdən, 98 saylı bağçanı bu sıraya aid etmək mümkün deyil. Verilən məlumata görə, havalar soyuyan kimi həmin bağçada "pletka" pulu yığılmağa başlayır. Təəssüflər olsun ki, həmin "pletkalar" otaqları kifayət qədər isitmir. Belə olan halda isə uşaqlar tez-tez xəstələnirlər. Ona görə də valideynlər indidən çox narahatdırlar. İlyasova Elnurənin rəhbərlik etdiyi təhsil ocağının divarları az qala uşaqların və tərbiyəçilərin başına uçsun. Maraqlıdır, sözügedən bağça necə təmir olunub ki, bərbad vəziyyətdədir. Baxımlılıq yoxdur?! Artıq əvvəlki uşaq bağçasından əsər-əlamət qalmayıb. Uşaq bağçaları qapalı bir müəssisə olduğundan hətta ora yad adam belə daxil olmazdı, valideyinlər ancaq uşaqlarını gətirib xadiməyə təhvil verərdi. Hamı əmin idi ki, burda onun uşağına doğma övlad kimi yanaşırlar, onların qidalanmasına və tərbiyəsinə xüsusi fikir verilərdi. Çünki Təhsil Nazirliyi də, rayon rəhbərliyi də uşaq bağçalarının vəziyyətini, onun təminatını daim diqqət mərkəzində saxlayırdı.

Acınacaqlı haldır ki, bu uşaq bağçasının həyəti antisanitariya şəraitindədir. Belə ki, təlim-tərbiyə ocağının dördbir yanı natəmizliyə qərq olub. Bu isə olduqca dözülməzdir.

Qeyd edək ki, 2011-ci ilin dekabrında ölkə prerzidenti İlham Əliyevin sərəncamı ilə uşaq bağçaları yerli İcra Hakimiyyəti orqanlarının tabeçiliyinə verildi. Prezident Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə bu sərəncamı imzalayarkən, məqsəd adıgedən tərbiyə müəssisələrinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması idi. Təəssüf ki, yerli icra orqanları, onların rəhbərləri prezidentin bu etimadını və tələbini təmin etmək arzusunda olmadıqlarını büruzə verirlər.

Qeyd edək ki, dəfələrlə bağçalarda monitorinqlər keçirilir. Hər dəfə də aşkar olunur ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, dövlət standartı haqqında sənəd yoxdur. Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olunub. Müəssisələrdə məhsulların saxlanma qaydalarında da kobud qayda pozuntularına yol verilir, gündəlik menyunu əks etdirən lövhələr yoxdur. Bu rəzalətdir.

Bundan başqa, bu gün sözügedən tərbiyə ocağında uşaqların təlim və tərbiyəsi ilə məşğul olan mütəxəssis qıtlığı var. Bağçada çalışanlar arasında isə orta təhsili olmayanlara rast gəlmək olur. Belə bir vəziyyətdə 98 saylı bağçadan nə isə gözləməyə dəyməz. Bir sözlə, uşaqlarını sağlam dünyagörüşlü olması üçün bağçaya qoyan valideynlər nəticədə qanunsuzluqlara və özbaşınalıqlara öyrəşən övlad böyüdüldüyünün şahidi olur. Aparılan araşdırmalar göstərir ki, 98 saylı bağçanın müdirəsi qanunsuz hərəkətlərə yol verərək heç bir əmək müqaviləsi bağlamadan tərbiyəçilərin qanunsuz işləməsinə şərait yaradır. Əldə etdiyimiz məlumata görə, müdirə bağçaya normadan artıq uşaq qəbul edir. Sözügedən bağçada aylığı-60 və 80 manat, eyni zamanda pulsuz qruplar fəaliyyət göstərir. Pulsuz olsa da, həmin qrupa uşağın birini 30 manatdan qəbul edirlər. Bu kimi faktlar göstərir ki, həqiqətən də hazırda bağçalarda vəziyyət qənatbəxş deyil. Bəzi şəxslər onlara həvalə edilən işləri yalnız öz şəxsi mənafeləri üçün istifadə edirlər. Və hər yolla pul qazanmağa can atırlar.