BolgeXeber.Com » Gündəm » “Madeyra”da pozulan istehlakçı hüquqları və tapdanan qanunlar – ŞİKAYƏT

“Madeyra”da pozulan istehlakçı hüquqları və tapdanan qanunlar – ŞİKAYƏT

9-09-2014, 01:45
Oxunub: 4 332 “”Madeyra” mebel mağazasında istehlakçı hüquqlarımız kobud şəkildə pozuldu, süründürməçiliyə məruz qaldıq

Bununla bağlı, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qaynar xəttinə müraciət etdikdən sonra aldığımız məhsullar ünvana çatdırıldı. Bundan əlavə, ilkin olaraq, ödədiyimiz 200 AZN-nin kassa çeki və aldığımız məhsulların qaimə-fakturasını təqdim etmədilər”.Bolgexeber.com xəbər verir ki, bu fikirləri Aktual.az-a jurnalist Həsən Babayev “Madeyra” mebel mağazasında qarşılaşdığı qanunsuzluqlardan danışarkən deyib. O bildirib ki, məsələ ilə bağlı, rəsmi olaraq, Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, eyni zamanda, məhkəməyə müraciət edəcək:

“28. 08. 2014-cü il tarixdə paytaxtın Yasamal rayonu Şərifzadə 196 ünvanında yerləşən “Madeyra” mebel mağazasından, ilkin olaraq, 200 AZN ödəməklə, 1940 AZN dəyərində kreditlə mebel almışıq. Mebeli 02.09.2014 tarixində ünvana çatdırmağa söz verib, ilkin ödənişi qəbul edərək krediti sənədləşdirdilər. Ödədiyimiz 200 AZN üçün kassa çeki verilmədi. Bundan əlavə, aldığımız məhsulların çeşidləri, qiymətləri əks olunan heç bir qaimə-faktura bizə təqdim olunmadı. Mebel isə deyilən vaxtda çatdırılmadı.

Bir həftə stress keçirərək süründürməçiliyə məruz qaldıq. Hər dəfə mağazaya zəng etdiyimizdə telefonlara müxtəlif insanlar cavab verdi və biz mebeli satan mağaza əməkdaşı ilə danşa bilmədik. Bu yazdıqlarım, qarşılaşdığımız özbaşınalığın kiçik bir hissəsini təşkil edir. Müştəri xidmətləri sahəsində bu şəkildə məsuliyyətsiz və qeyri-dəqiq olan, müdirindən tutmuş işçisinə qədər müştərini aldadan bir şirkətin, hesab edirəm ki, vergi ödəmələri və başqa sahələrdə də çox ciddi qüsurları var. Bütün qeyd etdiklərimlə bağlı aidiyyatı qurumlara rəsmi şikayət göndərəcəm”.

Həmkarımız qeyd edir ki, ilkin olaraq, ödədiyi 200 AZN-nin kassa çekini mağaza onlara təqdim etməyib, bu səbəbdən Həsən Babayev mağazanın, digər müştərilərlə də alış-veriş zamanı,kassadankənar əməliyyatlar etdiyini və vergidənyayınma hallarına yol verdiyini hesab edir:

“Mağazaya ödədiyimiz 200 AZN-nin kassa çekinin, o cümlədən aldığımız məhsulların qaimə-fakturasının bizə təqdim edilməməsi səbəbindən mağazanın vergidənyayınma hallarına yol verməsində şübhələrim olduğu üçün Vergilər Nazirliyinə rəsmi şikayət hazırlamışam. Televiziyalarda və digər media qurumlarında “Madeyra”-nın xidməti ilə bağlı kütləvi şəkildə reklam yayımlanır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Reklam Haqqında Qanununun müvafiq tələbləri pozulub. Müştəriləri aldadan bir şirkət özünü, yalandan, reklam edir. Bu səbəbdən məsələnin araşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə şikayət edəcəyəm”.

Şikayətlə bağlı, qarşı tərəf olaraq, “Madeyra” mağazalar şəbəkəsinin Şərifzadə 196 ünvanındakı filialı ilə əlaqə saxladıq. Mağazanın Coşqun adlı əməkdaşı bildirdi ki, şikayətçinin mebelləri artıq təhvil verilib və kreditlə alındığı üçün məhsulların qaimə-fakturası müştəriyə təqdim edilmir, bir nüsxəsi mağazada, digər nüsxəsi isə kredit mütəxəsisində qalır.

Məsələ ilə əlaqədar hüquqşünas Qürur Abbasov Aktual.az-a açıqlamasında bildirib ki, mağazanın kassa çeki və qaimə-fakturanı müştəriyə təqdim etməməsi istehlakçı hüququnun pozulmasıdır:

“Vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər. Hər hansı bir məhsul alınan zaman onun hesab fakturası, uyğun sertfikatı isthlakçı tərəfindən tələb olunan sənədlər siyahısına daxildir. Əgər bunlar mal satan şirkət tərəfindən təqdim edilmirsə, bu, qanun pozuntusudur. İstehlakçının dediyi kimi, ilkin olaraq, ödədiyi 200 AZN-in kassa çeki ona təqdim edilməyibsə, bu, vergidənyayınma kimi qiymətləndirilə bilər”.