BolgeXeber.Com » Gündəm » Arif Əsgərovun Şirvandakı vəziyyətdən xəbəri varmı?

Arif Əsgərovun Şirvandakı vəziyyətdən xəbəri varmı?

9-09-2014, 11:45
Oxunub: 2 003 Nəqliyyat Nazirliyinin (NN) əməkdaşları paytaxtda, eləcə də respublikanın digər bölgələrində qanunsuz sərnişin daşınmasına qarşı mübarizə aparır. Amma bu mübarizə tədbirləri istənilən səviyyədə təşkil olunmadığı üçün qanunsuz sərnişin daşınması ilə məşğul olan şəxslərin fəaliyyətinə tam olaraq son qoyulmayıb.

Yadınızdadırsa, Şirvan şəhərinin mərkəzi bazarında qeyri-qanuni formada fəaliyyət göstərən avtovağzal və onun rəhbəri Misirxan Şirəliyevin qanunla uzlaşmayan hərəkətləri haqda qəzetimizin ötən saylarında silsilə yazılar dərc etmişdik. Məsələdən xəbəri olmayan oxucularımızın məlumatlanması üçün qısaca vurğulayaq ki, avtovağzal dəmir yolu xəttinin bir neçə addımlığında yerləşir və burda hər an bədbəxt hadisə baş verə bilər. Belə ki, avtovağzalın yerləşdiyi ərazinin bir neçə metrliyindən keçən qatarlar istənilən an reysdən çıxa bilər ki, bu da faciə ilə nəticələnə bilər. Şirvanın hər cür şəraitlə təmin olunmuş qanuni avtovağzalının olmasına rəğmən, Misirxan Şirəliyev mövcud qanunların tələblərini pozaraq qanunsuz sərnişindaşıma ilə məşğul olur. Ələqədar dövlət qurumlarının rəsmiləri isə bu məsələyə hələ də reaksiya vermirlər. Qeyd edək ki, Misirxan Şirəliyevin rəhbəri olduğu avtovağzalda heç bir şərait yoxdur. Qanunvericiliyə əsasən, hər bir avtovağzalın kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Söhbətini apardığımız avtovağzalın isə nə pasportu var, nə də digər lazımi avadanlıqları. Qanunlara qarşı sayğısızılıq edən avtovağzal rəhbəri Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yerli şöbəsinin əməkdaşlarına "görüm-baxım" edərək fəaliyyətini davam etdirir. Bu isə şəhərin tam qanuni şəkildə fəaliyyət göstərən avtovağzalının işini iflic vəziyyətə salıb. Əldə etdiyimiz ən son məlumatlara əsasən, Misirxan Şirəliyevin sahibi olduğu avtovağzalda işlər əvvəlki qaydasında gedir: "Paytaxta və qonşu rayonlara işləyən avtobusların əksəriyyəti istifadəyə yararsız vəziyyətdədir. Onların bir hissəsinin texniki göstəriciləri müasir tələblərə cavab vermir. Həmin avtobuslardan çıxan zəhərli maddələr atmosferin çirklənməsinə səbəb olur. Həmçinin nasaz vəziyyətdə yola çıxan avtobuslar sərnişinlərin həyatı üçün ciddi təhlükə deməkdir. Hərəkət zamanı hansısa problem meydana çıxsa o zaman ağır qəzalar qaçılmazdır. Lakin avtovağzal rəhbəri buna heç bir əhəmiyyət vermir. Misirxan müəllim şəxsi maraqlarını vətəndaşların həyatından üstün tutur. Onu da deyim ki, heç bir qanuni sənədi olmadan fəaliyyət göstərən avtovağzalda çalışan sürücülərin bir çoxunun sürücülük vəsiqəsi yoxdur. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, avtovağzal düz dəmir yolu xəttinin yanında yerləşir. Qanunlara görə, dəmir yollarının mühafizə zolağında heç bir kommersiya obyekti yaradıla bilməz. Dəmir yollarının təhkim zolağında yalnız bu sahə üzrə fəaliyyət göstərən obyektlərin tikintisinə icazə verilir. Misirxan Şirəliyev bazar üçün nəzərdə tutulan ərazini qanunsuz zəbt edərək avtovağzal açıb. Niyə onun bu kimi işlərinə göz yumulur?". Əlbəttə, belə bir avtovağzalın indiyə kimi sərbəst işləməsində bəzi dövlət qurumlarının günahı var. Ki, onlardan biri də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Bildirək ki, sözügedən qurum dəmir yollarının mühafizə zolaqlarında əlavə tikililərin və ya obyektlərin yaradılmasına icazə verməməli olsa da, cəmiyyətin yetkili şəxsləri səlahiyyətlərindəki vəzifələrin öhdəsindən layiqincə gələ bilmirlər. Məhz bunun nəticəsidir ki, Misirxan Şirəliyev dəmir yolunun mühafizə zolağında avtovağzal yaradıb. Vaxtında onun cəzası kəsilsəydi, vəziyyət bu həddə kimi gəlib çatmazdı. Görəsən, cəmiyyət rəhbəri Arif Əsgərov cənabları hara baxır? QSC sədri, o cümlədən Nəqliyyat Nazirliyinin nümayəndələri qeyd etdiyimiz məsələyə dərhal reaksiya göstərib avtovağzalın fəaliyyətinə xitam verməlidir. Əks halda bu gedişlə çox böyük problemlər əmələ gələ bilər.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.