BolgeXeber.Com » Gündəm » Tum çırtlayanların başına keçirilən torba - ARAŞDIRMA

Tum çırtlayanların başına keçirilən torba - ARAŞDIRMA

9-09-2014, 15:00
Oxunub: 3 135 Sentyabrın 9-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tum istehsalçıları tərəfindən keçirilən stimullaşdırıcı lotereya ilə bağlı açıqlama yaydı.

Komitənin açıqlamasında deyilir ki, aparılan yoxlamalar zamanı “Mister Tum” MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkarlanıb.

Komitə “Mister Tum” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Əslində komitənin bu açıqlaması ilk baxışdan sıradan yoxlama və ya cari məlumat kimi görünür. Lakin bu yoxlamanın əmması var... Əvvəlcə bu “əmma”dan başlayaq.

Avqustun 26-da tum istehsalçılarının keçirdiyi stimullaşdırıcı lotereya ilə bağlı komitəyə rəsmi sorğu ünvanlamışdı. Çox keçmədən komitənin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən suallara “cavab” göndərildi.

Stimullaşdırıcı lotereyanın keçirilməsi üçün hansı şirkət və ya müəssisəyə rəsmi icazənin verildiyi, lotereyaların keçirilməsinə nəzarət edilib-edilmədiyinə dair suallar cavablandırılmasa da komitə stimullaşdırıcı lotereyanın hansı qanunla tənzimləndiyini xatırladıb: “Stimullaşdırıcı lotereyaların tənzimlənməsi “Lotereyalar haqqında” Azərbaycan Respublikasının 26 may, 2004-cü il tarixli, 64 saylı qanununa və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 17 fevral, 2012-ci il tarixli, 02 saylı qərarla təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təskili və keçirilməsi” qaydalarına əsasən həyata keçirilir. Stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə etmədən qanunsuz lotereya keçirildikdə İnzibati Xətalar Məcəlləsinin 199-3-1 və 221-1 maddələrinin tələblərinə uyğun olaraq cərimə tətbiq edilir”.

Stimullaşdırıcı lotereyanın keçirilməsi üçün hansı müəssisəyə rəsmi icazə verildiyinə dair təkrar və inadkar sualına isə komitə bu gün yaydığı açıqlama ilə cavab vermiş oldu.

Bəs digər müəssisələrin lotereya keçirilməsinə icazəsi varmı?

Virtualaz.org saytı bu suala cavab axtarmağa çalışıb.

Qeyd edək ki, həvəsləndirici lotereyalarla alıcı toplamağa cəhd edən məhsullardan biri də “Patron” günəbaxan tumlarıdır.

Fiziki şəxs Elşad Malik oğlu Məmmədov tərəfindən istehsal edilən “Patron” günəbaxan tumları əsasən bölgələrdə məşhurdur. Tumların içərisindən qələm, karandaş, lap uzağı uşaqlar üçün üzüklər çıxır. Amma tumun içərisindən çıxarılan vərəqdə televizor, kondisioner, kompüter udmaq şansından bəhs edilir.

Elşad Məmmədov həmin tumları Tərtər rayonunda istehsal edir. Amma məhsulun qablaşdırılması üzərində qeyd edilən telefon nömrələrinə ya zəng çatmır, ya da E.Məmmədovun işdə olmadığı bildirilir. Yəni bu tum istehsalçısının lotereya keçirmək üçün rəsmi icazə alıb-almadığını bir özündən başqa heç kim bilmir.

Qiymətli kağızlarla məşğul olan komitə əməkdaşlarının isə tum çırtlamağa vaxtları olmadığından “Patron” tumları ilə bağlı təkrar sual verib cavab ala bilmirik.

Bu arada məhsulların hansı şəraitdə, necə istehsal edildiyinə dair istehsalçı tərəfindən qablaşdırmada məlumat verilməyib. İqtisadi İnkişaf Nazirliyinin rəsmi səhifəsində isə tum istehsalçıları ilə bağlı məlumat yerləşdirilmədiyindən bu məsələ də qaranlıq qalır.

Yeri gəlmişkən, alıcılar bu məhsulun işərisindən nə qızıl, brilyant, nə də kompüter axtarmasınlar.

Əvvəllər “bəxtini sına” deyən “Beloçka” əmtəə nişanlı tumların qabının içindən indi “hədiyyə” çıxır. “Bakcell” abunəçiləri kağızın üzərindəki şifrəni mesajla “Bakcell”ə göndərir və pulsuz 1-2 dəqiqə qazanır. “Azercell” və ya “NarMobile” abunəçiləri isə bəxtlərini bir daha sınayırlar.

Digər tum istehsalçılarından fərqli olaraq “Beloçka”nın rəsmi səhifəsi var. Səhifədə verilən məlumata görə, 2005-ci ildə Azərbaycan bazarının inkilafı və iqtisadiyyata dəstək məqsədilə “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib ki, əhalimiz tumsuz qalmasın. Üstəlik, tum da iqtisadiyyatımıza xeyir versin. Qeyd edək ki, “Ayan” MMC “Бeloçka”, “Tək-tək” ağ-qara günəbaxan tumlarının və “Бeloçka” şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması və satışı ilə məşğuldur.

Şirkətin reklamında göstərilir ki, tumların içərisində qeyd edilən uduşlar yüz faiz və realdır.

Şirkətdən stimullaşdırıcı lotereyaların keçirilməsi üçün rəsmi icazə alıb-almadığına dair virtualaz.org saytının suallını isə belə cavablandırıblar: “Təbii ki, icazə var. İcazə olmadan lotereya keçirə bilərikmi? Amma bununla bağlı suala rəhbərlik cavab verə bilər”.

Amma şirkət əməkdaşının dediyi kimi rəhbərliklə həmin gün deyil, hətta yazının hazırlandığı növbəti günlər də əlaqə yaratmaq mümkün olmadı.

Komitənin yoxlamasından “üzüağ” çıxmayan “Mister tum” şirkətinə gəldikdə isə şirkət “Topla - qazan” hədiyyə kampaniyası keçirir. Yəni televizor udmaq üçün bütün hərfləri toplayıb televizoru almaq olar. Bundan əlavə, şirkətin reklamlarında kupon toplamadan birbaşa hədiyyə qazanan alıcılar sevinclə atılıb-düşürlər. Təbii ki, hədiyyənin böyüyü-kiçiyi olmur, kupon toplamadan birbaşa hədiyyələr ya dəftər, ya da saç rezinləri olur.

Qeyd edək ki, şirkət 2008-ci ildən fəaliyyət göstərir və müxtəlif oyunlar keçirir. Baxmayaraq ki, komitə 6 il sonra bu oyunların qeyri-qanuni olduğunun fərqinə varıb.

Şirkətin fəaliyyəti və xammalın haradan alınmasına dair suallara gəldikdə isə müəssisə qəribə metod seçib. Mətbuat Şurasının icazəsi olandan sonra sualları cavablandırmaq mümkün imiş. Çünki mətbu qurumların say çoxluğu şirkəti çaşdırır.

Təbii ki, bu üzdən şirkətin fəaliyyəti ilə bağlı bizi maraqlandıran suallara cavab ala bilmədik.

Uduş adı ilə əhaliyə sırınan “Bizim ailə”, “Çiko” günəbaxan tumlarını alanlar da bəxtlərindən narazılıq etməsinlər. Çünki bu tumların kağız qablarının içindəki “Bəxtini sına” yalnız növbəti malı almaq üçün həvəsləndirici, daha doğrusu, şirnikləndirici, aldadıcı rol oynayır.

O ki qaldı günəbaxan tumlarının keyfiyyətinə, reklamlarda yüksək texnologiyadan, keyfiyyətli məhsuldan danışılır. Amma tumları istehsal edən müəssisəni çəkib istehsal prosesini göstərməkdənsə qızların ərinə yalan danışaraq tum çırtlamalarını, “bomba” kimi qızla görüşmək istəyən oğlanları göstərirlər. Hərçənd ki, bu cür səviyyəsiz reklamlarla da keyfiyyətin nə qədər aşağı olduğunu proqnozlaşdırmaq çətin deyil.

Ona görə də bəxtinizi belə yalanlar əsasında bir daha sınamağa tələsməyin...