BolgeXeber.Com » Gündəm » Hadı Rəcəbli: “Qoy bir nazir, bir məmur sadə toy edib nümunə göstərsin...”

Hadı Rəcəbli: “Qoy bir nazir, bir məmur sadə toy edib nümunə göstərsin...”

12-09-2014, 08:50
Oxunub: 3 479 “Oğlumun toyu “Gülüstan” sarayında olub”

Son günlər ölkə gündəmində qızğın müzakirə predmetinə çevrilən ən aktual mövzulardan biri də yas və toy məclislərindəki israfçılıq, dəbdəbə, təmtəraq yarışması məsələsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yas məclislərində yol verilən israfçılığı, dəbdəbəli ehsan süfrələrinin açılmasını tənqid etməsi, bunun bəyənilən əməl olmaması barədəki açıqlamaları cəmiyyətdə ciddi polemikalara səbəb oldu. Əksəriyyət bunu təqdir etsə də DQİDK-in tövsiyələrinin bəzi icra strukturları və bələdiyyələr tərəfindən imperativ kimi qavranılması müəyyən gərginlik və anlaşılmazlıqlar da yaratdı.

Yas və toy mərasimlərində yol verilən israfçılığın tənqid olunması əslində yeni məsələ deyil. Bu təkliflə hələ illər əvvəl çıxış edənlər olub. Onlardan biri, bəlkə də birincisi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir. Millət vəkili hələ bir neçə il əvvəl bu məsələni qabardaraq yas və toy mərasimlərinin tənzimlənməsinin vacibliyi fikrini önə çəkmişdi.

Virtualaz.org saytı məsələnin yenidən aktuallaşdığını nəzərə alaraq millət vəkili Hadı Rəcəbliyə müraciət edib.



Komitə sədri geniş müsahibəsində sentyabrın 1-dən etibarən yas mərasimlərində təmtəraqlı ehsan verilməsinə yerli icra qurumlarının müdaxilələrinə münasibət bildirib, yas və toy mərasimlərində israfçılığın, həddən artıq dəbdəbənin qarşısının alınması ilə bağlı görülə biləcək işlərdən danışıb, təkliflərini irəli sürüb.

-Hadı müəllim, bu mövzu niyə 10 il, 15 il öncə gündəmə gəlmirdi?

-Bunun bir çox səbəbləri var. 1990-cı illərin əvvəllərində ölkədə bu cür vəziyyət yox idi. Kəndlərdə, rayonlarda sosial durum ağır idi. Hətta o vaxt kəndlərdə indiki kimi yas çadırları da yox idi. 90-cı illərdə kənd toylarında heç mağarların üstü də örtülmürdü. Qış aylarında toy etmirdilər. Bunlar da maddi imkana bağlı idi.

Bizim gənc olduğumuz dövrdə - 60-cı illərdə toylarda yemək, rəqs, muğam çadırı ayrı idi. Toyu idarə edən əli çubuqlu adamlar,- indi onlara tamada deyilir,- var idi. Xanımlar toya çadırın arxasından baxardı. Yəni qadınlar toyxanaya girməzdi. Maraqlı adətlər var idi. Zaman keçdikcə insanların güzəranı düzəlməyə başladı, toy çadırları da böyüdü. 70-ci illərdə komsomol toyları meydana çıxdı. Bu illərə qədər qadın, kişi məclisləri də ayrı olurdu. Ancaq 70-ci illərdən etibarən qadınlarla kişilər eyni məclisə qatılmağa başladılar. Sonradan mikrofonlu toylar meydana çıxdı. Qarmonda, tarda ifa edən edirdi, ifaçı da mikrofonsuz oxuyurdu. Mikrofonlar təzə-təzə meydana çıxdı, amma o zaman insanlar mikrofonların səsindən indiki kimi narazı deyildi. Səs çox çıxmırdı, camaatı narahat etmirdi.

Sonralar insanların maddi durumu daha da yaxşılaşdı, imkanlar artdıqca şadlıq evləri tikilməyə başladı. Dünyanın heç bir ölkəsində şadlıq evi yoxdur. Bu, dünyada analoqu olmayan məsələdir. Qonşu ölkələr Türkiyədə, İranda toylar restoranlarda keçirilir. Orada bizimki kimi şadlıq evləri yoxdur. Bizdə nikah evləri tikilirdi. Amma bu, o demək deyil ki, ayrı şadlıq evlərinin tikilməsinə də ehtiyac var idi. Ancaq tikildi. Ölkədə şadlıq evləri bumu başladı. Bu şadlıq sarayları şəbəkəsi bir az kommersiya maraqları məqsədilə, bir az da insanların maddi güzəranının yaxşılaşması səbəbindən yarandı.



Şadlıq evləri tikiləndən sonra “mikrofonlu toylar” sahəsində də necə deyərlər, bir inqilab oldu. Səsgücləndiricilər artmağa başladı. Bütün bunlar bu gün insanların etiraz etdiyi, narazı olduğu məsələləri meydana çıxardı. Bu gün toy ən gəlirli biznesə dönüb. Ən primitiv müğənni də toya 15-20 min manata gedir. İnsanlar bir-biri ilə bəhsə girdiyindən özlərini nəyəsə məcbur edirlər. Toy sahibi gedir restorana. Ona deyirlər ki, bizim müğənnimiz budur və bu qiymətə oxuyur. Bütün bunlar insanları yavaş-yavaş bezdirməyə, narahat etməyə, dilləndirməyə başlayıb. Bu gün bu məsələlərin gündəmə gətirilməsinin, insanların narazılığının səbəbi müğənnilərin, toy biznesi sahiblərinin hədləri aşması, restoran sahibləri tərəfindən yeməyin, menyunun toy sahibinə az qala zorla diqtə olunmasıdır. Bu gün yas mərasimlərindəki israfçılıq məsələsini müzakirə edərkən toylarla bağlı yaranan bu ciddi problemlər də bir daha gündəmə gəldi. Cəmiyyətdə haqlı olaraq belə suallar yarandı ki, yas mərasimlərində verilən dəbdəbəli ehsanı israfçılıq kimi qiymətləndirib qarşısını almağa çalışırlarsa, bəs toylarda bu vəziyyətə niyə müdaxilə edilmir. Sentyabrın 1-dən yas mərasimləri ilə bağlı məsələlər müzakirə olunmağa başlandı və bu da öz növbəsində toylarla bağlı problemləri qaldırdı. Yas və toy məclislərində yol verilən israfçılıq, kimlərinsə həddən artıq dəbdəbəli mərasimlər təşkil etməsi əslində hər dəfə paralel şəkildə, bir yerdə müzakirə olunub. Bu gün də belədir.

“Bizim toy və yas mərasimləri heç bir ölkə ilə müqayisə oluna bilməz”

- Hadı müəllim, toylardan başladıq. Yəqin ki, xarici ölkələrdə toy məclislərində iştirak etmisiniz və orada toy məclislərinin necə keçirilməsindən xəbərdarsınız. O toylar bizim toylardan nə ilə fərqlənir?

-Məsələn, Rusiyada toylar çox sadə keçir. 20-30 nəfər yığışıb restoranın bir küncündə toy edirlər. Türkiyədə toylarda diskoteka olur, İsveç masası olur. Toy sahibi də istədiyi bir-iki cür yemək sifariş verir. Yəni xaricdə insanlar toya istirahət eləməyə gəlir. Daha bizdək kimi qulaqbatırıcı musiqinin gurultusu altında əzilməyə, bir oturuma 30-40 cür təamın dadına baxmağa yox. İranda da toylar maraqlı keçir. Düzdür, orada kişi və qadın məclisləri ayrı olur, amma toy sahibi qonağına bir qab plovunu verir, sadə toy edir. Avropa toylarına da baxmaq lazımdır. Nəzər yetirmək lazımdır ki. Avropada, qonşu ölkələrdə toylar necə keçirilir. Biz axı niyə bu qədər ağını çıxarmışıq? Bizim toy və yas mərasimləri heç bir ölkə ilə müqayisə oluna bilməz.

- Sözünüzdən belə çıxır ki, dünyada bu cür ifrat toy məclisləri quran yeganə ölkə bizik. Bəs bunun səbəbi nədir? Biz niyə sadə toy edə bilmirik? Bacarmırıq, yoxsa istəmirik? Bəlkə adət-ənənələrimiz mane olur?

-Bunun birinci səbəbi bəhsləşmək azarıdır. Hamı bir-biri ilə bəhsə girməyə çalışır. Bizdə “filankəs oğluna belə toy elədi, bəs mən ondan əskik adamammı” stereotipi, kompleksi var. Orta imkanlısı da, varlısı da bu cür düşünür. Bakıda bu gün şadlıq evləri “ortababların və varlıların şadlıq evləri” deyə iki kateqoriyaya bölünüb. Toylardan olan narazılıqların səbəbləri artıq gözə girir. Qeyd etdiyim kimi, müğənnilərin “oxuduğu” qiymətlər, şadlıq evlərində təqdim edilən məcburi menyular artıq həddi-səddi aşıb. Varlıların toy etdiyi şadlıq evlərində bir nəfər üçün qiymət 100-150 manatdır. Orta aylıq əməkhaqqı ilə müqayisəli götürəndə bu qiymətlər dəhşətdir...



- Bu qeyd etdikləriniz hər kəsi ciddi narahat edən məlum məsələlərdir. Zamanla bu mövzular mətbuata da çıxarılıb və müzakirə olunub. Ancaq nəticə yoxdur. Siz çıxış yolu olaraq nə təklif edirsiniz?

-Bunun qarşısını inzibati metodlarla, yuxarıdan qadağan etməklə almaq mümkün deyil. Bu gün Azərbaycanda bəs qədər qanun var. Məsələn, səslə bağlı qanun var. Yəni şadlıq evində səsin neçə bal olması qanunla tənzimlənir. Ancaq bu qanun hər addımda pozulur. İndi şadlıq evləri və restoranlardakı səsin balı ölçülsə, məlum olacaq ki, o, insanı kontuziyaya salacaq dərəcədədir. Şadlıq evi üçün tikilən binalarda akustikanı tənzimləyən normativlər, qurğular olmalıdır, ancaq yoxdur.

Sanitar-epidemioloji xidmət orqanları tərəfindən yeməklərin keyfiyyətinə nəzarət edilməlidir. Şadlıq evləri haradansa lisenziya alır. Bu lisenziyanı verəndə şadlıq evinin sahibini başa salmaq lazımdır ki, sən camaata öz menyunu zorla sırımamalısan. Camaat səndən gəlib restoranını kirayə götürməli, istədiyi yeməyi sənə sifariş verməlidir. Şadlıq sarayının sahibi öz yerini kirayəyə verib qazanc əldə edə bilər, amma yemək çeşidi məsələsində, menyuda insanları məcbur etməməlidir.

Müğənnilərin bir neçə saatlıq ifa üçün aldığı məbləğ adamı dəhşətə gətirir. Bunu düşünən varmı ki, o müğənnilər aldıqları bu puldan nə qədər vergi ödəyirlər, ümumiyyətlə ödəyirlərmi? Onlar vergi ödəmir. Əgər onlar vergi və maliyyə strukturları ilə üz-üzə qalsaydılar, bu gün camaata bu qədər zülm etməzdilər. Şadlıq saraylarının bəzədilməsi, geyimlərin alınmasında da həddi çox aşırlar. Bütün bunların qarşısı necə alına bilər? Nümunə yaratmaqla. Məsələn, bir imkanlı vəzifəli şəxs, yaxud bir iş adamı, sənət adamı öz övladına çox sadə, təvazökar bir toy edə bilər. Türkiyədəki, Avropa ölkələrindəki toy modelini örnək götürmək olar...



““Buta Palace”da toy edən imkanlılar heç olmasa bir az sadə mərasim keçirsinlər”

- Mümkündürmü ki, bizdə hansısa bir məmur övladına dediyiniz kimi sadə bir toy eləsin? “Buta Palace”da sahibkarlar, nazirlər, deputatlar övladlarına toy edir. Oradakı toylar sadə olarmı? İnandırıcı gəlmir axı...

- Düzdür, “Buta Palace” dəbdəbəli saraydır. Burada dediyiniz toy məclisləri də olur. Yaxşı, “Buta Palace”da əməkhaqqı, imkanları çox olanlar toy eləsin. Və edirlər də. Amma mən təklif edirəm ki, heç olmasa nazirlər də bir az sadə toy etsinlər. “Buta Palace”də sadə toylar çox olur. Ora bir az əzəmətli yerdir, adı var. Amma sadə toylar da olur. Yeməklər az verilir. Mən bu cür sakit, mədəni, təvazökar toy məclislərində iştirak etmişəm.

- Hadı müəllim, toyların sadə keçirilməsi ilə bağlı başqa təklifləriniz varmı?

- ASAN Xidmətin bir qolunu şadlıq evlərinə bağlamaq olar.

- ASAN Xidmət şadlıq evində nə xidmət göstərə bilər?

- ASAN Xidmət indi necə asan xidmət göstərirsə - elə. Şadlıq evinin özünün ASAN Xidmət kimi xidmətini təşkil etmək olar. Sadə formada toy edən gəlsin, öz sifarişini istədiyi kimi versin. Və ya yeni bir neçə yer tikilsin. Ancaq adı şadlıq evi olmasın. Məsələn, indiki gənclər və mədəniyyət evlərində də sadə toy məclislərini təşkil etmək olar. Bu cür yerlərdə nümunəvi toylar etməklə bu məsələyə diqqəti yönəltmək olar. Bu işə QHT-ləri, Gənclər və İdman Nazirliyini, Təhsil Nazirliyini cəlb etmək olar. Tutalım, elə Nəqliyyat və ya başqa bir nazirliyin rəhbərliyi öz işçisinə sadə bir toy etsin və bu mərasim də nümunə kimi göstərilsin. Bu örnək addımlarla indiki vəziyyətin qarşısını ala bilərik. İlk addımlar bir az çətin və qəliz olsa da bu, mümkündür. Misal üçün, indi ASAN Xidmətin fəaliyyəti göz qabağındadır.

- Qeyd etdiniz ki, dövlətin səslə bağlı qanunu var, sanitar-epidemioloji xidmət orqanları yeməklərin tərkibinə nəzarət etməlidir və s. İndi şadlıq evlərindən bunlar tələb edilmir. Bəs dövlət bu qanunlara əməl olunmasını niyə tələb etmir?

- Dövlətin üç qolu var - qanunvericilik, icra və məhkəmə. Əslində bu məsələlərə inzibati orqanlar müdaxilə etməlidir. Polis, sahə müvəkkili, prokurorluq işçiləri bunu çox diqqət və ehtiyatla etməlidir. Toya müdaxilə çox çətin məsələdir. Xeyir işə müdaxilə edib onu bədləşdirmək olmur. Bu, bizim psixologiyamızda var.

Mən özüm 32 yaşımda Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri idim. O zaman toy çadırları yolun ortasında qurulurdu. Gecə saat 3-4 radələrinə kimi toy davam edirdi. Səs-küy olurdu. İnsanlar gəldilər, şikayət etdilər. Buna bir çarə tapmağımı istədilər. O zaman gənc və emosional olduğumdan belə bir addım atdım. Müğənniləri və çalğıçıları bir araya yığdım, onlara vergi və lisenziya ilə bağlı xəbərdarlıq etdim. Onları vergiyə cəlb edəcəyimlə bağlı ciddi şəkildə xəbərdarlıq etdim. Çadır verənləri də çağırıb bildirdik ki, toy saat 12-də bitməlidir. Saat 12-də toyun başa çatmasını qayda olaraq qoyduq. Bəzən olurdu ki, kimsə toyun davam etməsini istəyirdi. Evdə 12-dən tez yata bilmirdim. Haradan toy səsis gəlirdisə, ora şəxsən özüm gedirdim. Nəmər salırdım, məclisdə görünürdüm, bəzən rəqs də edirdim. Toy sahibləri işlərini bilirdilər. Məclis daha uzanmırdı. Bununla da biz buna nail olduq. Sonra Lənkəranda və bir çox yerlərdə “Səadət evlər”i tikildi. Orada yaşayanlar, qeydiyyatda olanlar növbəyə durur və toylarını o evlərdə edirdi. İndi bu “Səadət evləri”ni eybəcər formada şadlıq sarayları eləmişik.

- Azərbaycanda şadlıq evi sənayesi formalaşıb. Gündən-günə də inkişaf edir. Siz də, biz də yaxşı bilirik ki, şadlıq evlərinin əksəriyyəti kimlərə məxsusdur. Bu gəlirli obyektlərin əksəriyyəti hansısa bir nazirin, deputatın, rəisin, müdirindir. Toy mərasimləri ilə bağlı qadağalar olsa, bu şəxslər qarşısında həmin qadağaları icra etmək mümkün olacaqmı? Adi şadlıq evlərindəki səslə bağlı qanun yerinə yetirilmir. İnzibati orqanlar belə bunu tələb etmir...

- Qadağalar çıxış yolu deyil. Bunun həlli örnək addımlar və ictimai qınaqdır. Bu şadlıq evləri kimindirsə, həmin şəxsləri ictimai qınaq hədəfinə çevirmək lazımdır. Daim ictimai qınaq olmalıdır.

“4 övladımın da toyu fərqli olub. Sadə olub deyə bilmərəm, amma fərqli olub”

- Hadı müəllim, müsahibəyə başlamazdan qabaq söhbət edəndə dediniz ki, dünən (sentyabrın 9-da-red.) sizin evlliliyinizin ildönümü idi. Maraqlıdır, sizin toyunuz necə keçib? Eşitdiyimizə görə, Lənkəranda ilk komsomol toyunu siz etmisiniz...

-Hə, sentyabrın 9-da ailə həyatı qurmağımın 42-ci ildönümü idi. Bəli, o zaman toyda Moskvadan, komsomolun Mərkəzi Komitəsindən adam iştirak edirdi. Siyahını yazıb raykoma vermişdik ki, 50 nəfər adam iştirak edəcək. O vaxt bu, inzibati-amirlik metodu idi. Komsomol katibləri kimi örnək olmalı idik. Ancaq qaydalar bir az fərqli və məcburi idi. Qohumlarımdan bəzilərini toya çağıra bilmədim. Toydan da başabaş çıxdım. Yəni toydan cibimə 5-6 min rubl qalmadı (gülür). Görürsünüz, zaman-zaman çox şey dəyişir. 70-ci illərdən biz bəzi addımları atmağa başladıq.

- Övladlarınızın toyu necə olub?

- 4 övladımın da toyu fərqli olub. Sadə olub deyə bilmərəm, amma fərqli olub. Böyük oğlumun toyu “Gülüstan” sarayında olub. Düzdür, orada mənə xüsusi imkanlar yaradılmışdı. Lənkəranda bişən ləvəngini həmin sarayda süfrəyə qoymuşduq. Toy elə də təmtəraqlı olmadı. Ancaq sizinlə danışdığım qədər də sadə olmadı. Yeməklər sadə idi. Dağıdıcılıq, israfçılıq yox idi.

- Yəni “Gülüstan”da etdiyiniz o toy varlılara örnək olacaq toy idi?

- Varlı-kasıb məhfumuna bir az fərqli baxaq. Qismən imkanı yaxşı olan, qismən imkanı zəif olan deyək. İnsan gərək ayağını yorğanına görə uzatsın. Mənim də elə qohumum var ki, adam sayı az olan kiçik şadlıq evində toy edir və mən də gedib o məclisdə iştirak edirəm. Toy elə bir gündür ki, buna norma, qayda qoymaq olmaz. Tacikistan prezidenti İmaməli Rəhman yazıb ki, toya 80 nəfərdən artıq çağırmaq olmaz, toy kortejində 5 maşından artıq olmaz, yemək iki növdən artıq olmaz. Bunlar gülünc görünür. Bizdə bunları etmək olmaz.

- Niyə də olmasın axı?

- Camaatın toyuna necə müdaxilə etmək olar axı? Kimsə övladına toy edir. Məclisin də özünün arzu etdiyi kimi olmasını istəyir. Qadağa və cərimə çıxış yolu deyil. Bir daha qeyd edirəm ki, örnək addımlar atılmalıdır, QHT-lər, nazirliklər, ASAN Xidmət bu işlərə cəlb oluna bilər. Bu cür örnək və faydalı addımlar atmaq olar. Biz bu gün cəmiyyətə müraciət etməliyik ki, sadə toy etməkdən utanmasınlar.

“ASAN Xidməti şadlıq evləri məsələsinə cəlb emək lazımdır”

- Təklifləriniz maraqlıdır, kasıb təbəqə üçün məqbuldur. Ola bilərmi ki, siz bu təklifləri Milli Məclisdə qaldırasınız? Həmkarlarınızın da dəstəyi ilə bu məsələlər qanun şəklində hazırlansın?

- Mən bunu məqbul və dövlətimiz üçün xarakterik görmürəm. Toya neçə nəfərin gəlməsini, hansı yeməklərin verilməsini şərt qoymağı normal hesab etmirəm. Vətəndaş bu barədə özü düşünməlidir. Axı bu qədər yemək verməyə nə ehtiyac var? Camaat nə qədər yeyə biləcəksə, o qədər də yemək vermək lazımdır. Amma bu israfçılıq əsasən şadlıq evlərinin diqtəsi ilə baş verir. Az əvvəl verdiyim təkliflər arasında qeyd etdim ki, şadlıq evi toy sahibinə bir günlüyə icarəyə verilsin. Toy sahibi də yemək sifarişini versin. Şadlıq evinin sahibi yeməkdən qazanacağını kirayə haqqından qazansın və digər xidmətlərdə də güzəştə getsin. Ən azından stollardan qayıdan köhnə yeməklərdən qazandıqlarını kirayə haqqından qazansınlar.

- Nə fərqi oldu? Belə olan halda toy sahibi yenə də itirmiş olur...

- Yox. Belə olan halda kirayə haqqı indiki qiymətlərə nisbətən dəhşətli dərəcədə baha olmayacaq. Ən azı indiki qiymətlərdən ucuz olacaq. Bunu üstün tərəflərindən biri də o olacaq ki, israfçılıq olmayacaq, köhnə yeməklər verilməyəcək.

Hazırda ASAN Xidmət çox gözəl islahatlar aparır. Ona görə də ASAN Xidməti şadlıq evləri məsələsinə cəlb emək lazımdır. Restoranlara lisenziya verilməsinə ciddi nəzarət edilməlidir. Amma lisenziya verilərkən yeni problemlərlə üzləşəcəyik.

- Nə kimi problemlərlə?

- Yumşaq desək, bürokratik əngəllərlə və umacaqlıqla. Şadlıq evlərinə lisenziya verilməsi qaydalarını sərtləşdirmək olar. Lisenziya verilərkən müəyyən şərt və tələblər qoyulmalıdır. Ancaq bu zaman da digər problem - rüşvət məsələsi meydana çıxacaq. Bunun yolu yalnız ASAN Xidmətdir. İndi fəaliyyət göstərən 5 şadlıq evini bağlayıb bu sektorda ASAN Xidmət modelini tətbiq etmək olar. Şadlıq evi ASAN Xidmətlə birlikdə vətəndaşlara xidmət edə bilər. İnanın ki, ASAN Xidmətin elementləri o şadlıq evlərində tətbiq olunsa, həmin şadlıq evlərində daha çox toy olacaq.

“Şeyx mənə dedi ki, Lənkəranda sən özün nümunə ol”

- Hadı müəllim, yas mərasimlərində dəbdəbəli ehsan verilməməsi məsələsi hazırda toylardan daha çox diqqət mərkəzindədir. Və artıq sentyabrın 1-dən Bakıda və ətraf rayonlarda yerli icra hakimiyyətləri, polislər tərəfindən ehsan verilməsinə müdaxilələr edilir. Müəyyən qadağalar qoyulub. Hətta bu qadağaları pozanlara qarşı cərimələr tətbiq edən icra hakimiyyətləri də var...

- Qadağalar olmaz. Bununla bağlı heç bir qanuni qadağa yoxdur. Qanunlarda cərimə yoxdur. Kimsə bunu özündən fikirləşib. “Naxçıvan modeli”ni tətbiq etmək lazımdır. Naxçıvanda yas məclisini varlı da, kasıb da eyni cür keçirir. Bunu dini qurumlar və icra strukturu həyata keçirir. Bələdiyyənin, kənd icra nümayəndəsinin və mollanın həmin kənddə nüfuzu varsa, bu modeli tətbiq etmək olar. Yoxsa ki, bunu cərimə ilə, polisin müdaxiləsi ilə etmək olmaz.

- Ancaq sentyabrın 1-dən bu günədək inzibati müdaxilələr var. İcra hakimiyyətindən nümayəndələr gəlir və yas sahibinə xəbərdarlıq edir. Daha sonra isə polis əməkdaşları çadırlarda ehsanın verilb-verilməməsinə nəzarət edir. Ehsan verənlərə müdaxilə edilir...

- Mən bunun tamamilə əleyhinəyəm. Necə ola bilər ki, kimsə gəlib verilən ehsana müdaxilə etsin, buna imkan verməsin? Bu şəkildə müdaxilə qətiyyən olmaz. Yalnız tövsiyə xarakterli, ağsaqqal dili ilə məsləhət verilə bilər. 2002-ci ildə atamın hüzrü düşəndə o zaman 3, 7, 40 mərasimləri verilirdi. Mən o zamanda Şeyxlə bu yas mərasimləri haqda danışırdım. Şeyx mənə dedi ki, Lənkəranda sən özün nümunə ol. Lənkəranda çadırı 3 gündən sonra yığana pis baxırdılar. Amma mən 3 gündən sonra çadırı yığdırdım. Ancaq həyətimizdə oturmaq üçün şərait yaratdım. Lakin küçədən çadırı yığışdırdıq. O zaman qəbir üstünə kənddən dəstə ilə adam gedirdi. Mən buna da icazə vermədim. Qardaşlarımla birlikdə gedib atamızın qəbri üstə “Yasin” oxutdurub gəlirdik. Yəni bu cür işlər qadağa ilə mümkün olmaz. Buna nə toyda, nə də yasda yol vermək olmaz. Naxçıvanda yaslarda bu cür qaydalar necə başladı? Vəzifəli şəxslərdən birinin yasında rəhbərlik çağırıb deyib ki, gəl sən nümunə ol və sadə şəkildə yas mərasimi təşkil et. Bu da camaata nümunə oldu. Dəbdəbəli yas mərasimləri heç şəriət qaydaları ilə də doğru deyil. İnsanlara bunu başa salmaq lazımdır. Bələdiyyə, icra nümayəndəsi, molla bu istiqamətdə maarifləndirici işlər görməli, təbliğat aparmalıdır. Məsələn, icra nümayəndəsi hüzrlərdən birini özü versin və bununla da örnək olsun. İnsanlara göstərsin ki, sadə yas mərasimi necə keçirilməlidir. Qəbiristanlıqlar haqqında qanunlar var. Qəbirlərin necə olmasını qanunla tənzimləmək olar. Ancaq yaslarda ehsanın necə verilməsini yox.

- Qəbiristanlıqlardakı vəziyyət məlumdur. Görünən budur ki, qanun olsa da bunu tənzimləmək olmur...

- Təbii ki, burada da insanlar arasında bəhs məsələsi var. Mənim atamla anamın məzarı Lənkərandadır. Qəbirlərin üstü götürülərkən adi bir qəbir daşı seçdik - digərlərindən nə hündür, nə də alçaq. Babamla nənəmin qəbir daşları da sadədir. Ancaq bizim uzaq qohumlarımızdan biri həmin qəbiristanlıqda valideynlərinə elə qəbir daşları qoydurdu ki, bizim qəbir daşlarından iki dəfə hündür. Həmin adam bizdən bəlkə də 50 dəfə imkansızdır. Onun bu addımla nə demək istədiyini anlamadım...

“Mənim şadlıq evim, restoranım yoxdur, oğlanlarımın, kürəkənlərimin isə...”

- Görürsünüzmü, nümunə olmağa çalışmısınız, amma yenə də faydası olmayıb. Bu da onu göstərir ki, inzibati müdaxilələr olmasa, təmtəraqlı ehsan verilməsinin, dəbdəbəli başdaşları qoyulmasının qarşısını almaq mümkün deyil...

- Bu, qanun kimi yox, Nazirlər Kabinetinin sərəncamı ola bilər, əsasnamə ola bilər. Şeyxülislamın yas mərasimlərinin dini qaydalarla necə keçirilməsi ilə bağlı təqdimatı ola bilər. Yas mərasiminin keçirilmə qaydaları yazılsın və ali dini şura bunu təsdiq etsin. Rayonlarda bələdiyyələr qərar çıxarsınlar, əsasnamə olsun. Ən azından tövsiyə xarakterli işlər görülsün. Bu məsələni bir vaxt qaldırmışdıq. Dəfn və qəbiristanlıqlar haqqında və yas mərasimlərinin keçirilməsi haqda əlimizdə model qanun layihəsi var...

-Hadı müəllim, yas mərasimlərinin ehsan verilməsindən başqa xərc tələb edən başqa tərəfləri də var. Məsələn, molla pulu, ölünün yuyulması, ölünü qəbiristanlığa aparan maşının xərcləri. Bunlar da kifayət qədər çox məsrəfdir. Yas sahibinə bu xərcləri ödəmək üçün dövlət tərəfindən yardım edilirmi?

- Bu məsələdə də ciddi bir problem var. Ölü üçün birdəfəlik yardım var. Amma sənədləşmə işləri aparılır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon strukturuna müraciət olunur və bu yardım iki həftə sonra mərhumun ailəsinə verilir. Ancaq o pul həmin şəxsin ailəsinə, yaxınlarına həmin gün lazımdır. Düzdür, həmin yardım yas mərasimini yola verməyə yetmir...

- Siz də bu fikirlə razılaşdınız ki, şadlıq evləri, mərasim zalları hansısa məmura, nazirə, deputata, rəisə məxsusdur. Sizin də restoranınız varmı?

- Yox, mənim şadlıq evim və ya restoranım yoxdur. Ancaq ailə üzvlərimin, oğlanlarımın, kürəkənlərimin nəyisə var...

- Şadlıq evləri varmı?

- Yox, şadlıq evləri yoxdur. Lakin bizneslə məşğul olurlar.

- Bəs sizin özünüzün şəxsi biznesiniz varmı?

- Şəxsi biznesim yoxdur. Buna vaxtım da yoxdur. Hər gün saat 10-da işə gəlib 7-də işdən gedirəm. Tez-tez ezamiyyətlərdə oluram. Yalnız Milli Məclisdəki işlərimlə məşğul oluram. Ancaq övladlarım, kürəkənlərim kiçik bizneslə məşğul olur. Cavan, enerjili gənclərdir. Onlar da cəmiyyətdən kənarda deyillər. Ancaq mütləq şəkildə qanunlara əməl edirlər.

- Yəqin ki, həm valideyn, həm də millət vəkili kimi onlara biznes işlərində dəstək olursunuz...

- Əlbəttə, oluram. Desəm olmuram, siz bunu düz qəbul etməzsiniz, bu heç düzgün olmaz. Hansısa məsələlərdə onlara məsləhət verirəm, bəzən qabağa düşürəm, hətta istəməsəm də kimlərəsə zəng də edirəm. Amma bunların hamısı qanunlara hörmət çərçivəsində olur. Çünki qanunları pozmaq olmaz.