BolgeXeber.Com » Gündəm » Şirvan ƏSMM-in rəhbəri sosial yardım almaq istəyənlərə ağır şərt qoyur

Şirvan ƏSMM-in rəhbəri sosial yardım almaq istəyənlərə ağır şərt qoyur

12-09-2014, 09:50
Oxunub: 5 295 Şirvan ƏSMM-in rəhbəri Nazim Hüseynov Səlim Müslümovun adından istifadə edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) Səlim Müslümovun nazir təyin olunmasından sonra bu sahədə bir sıra müsbət dəyişikliklər baş verdi. Sabiq nazir Füzuli Ələkbərovun dövründə əhalini narahat edən problemlərin yetərli hissəsi həllini tapdı. Xatırladaq ki, Füzuli Ələkbərovun nazirliyə rəhbərlik etdiyi illərdə ünvanlı yardımların verilməsi ilə bağlı problemlər daha çox idi. Nazirliyin yerlərdəki mərkəzlərinin rəhbərləri və vəzifəli işçiləri aztəminatlı ailələri incidir, ünvanlı yardımların bir neçə ayını özlərinə götürür və digər buna bənzər qanunsuzluqlara imza atırdılar.

Amma Səlim Müslümov nazir postuna təyin ediləndən sonra ünvanlı yardımların verilməsi qaydalarında bəzi yeniliklər etdi. Nazir rüşvət və korrupsiya hallarına yol verən məmurları cəzalandırmaqla köhnədən yığılıb qalan problemləri yoluna qoydu. Nəzərinizə çatdırmaq istəyirik ki, son vaxtlar ölkə əhalisinin sosial təminatının gücləndirilməsinə xidmət edən müxtəlif fərman və sərəncamlar imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipi və müasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir. Bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır. Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 02 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş (sonrakı əlavə və dəyişikliklərlə) ünvanlı dövlət sosial yardımı almaq üçün tələb olunan sənədlərə ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti, ailə tərkibi haqqında yaşayış yerindən arayış, nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti, qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti, ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış, ailə üzvünün ali, orta-ixtisas və ya ilk peşə-ixtisas təhsili alması barədə təhsil müəssisəsinin arayışı, hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı və s.) barədə müvafiq icra hakimiyyəti orqanının arayışı, ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti aiddir. Ünvanlı yardımların verilməsi sahəsində həyata keçirilən dəyişikliklərə və atılan müsbət addımlara rəğmən, hələ də neqativ hallar yaşanmaqdadır. Məsələn, Şirvan şəhərində əhalinin aztəminatlı təbəqəsinin ünvanlı sosial yardımla təmin olunmasında çox ciddi problemlər hökm sürür. Bu haqda qəzetimizin ötən saylarında geniş məlumat vermişdik. Görünən odur ki, mərkəzin direktoru haqqında yazılan tənqidlərdən heç bir nəticə çıxarmayıb. Etibarlı mənbələrdən aldığımız son bilgilərə görə, Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) direktoru Nazim Hüseynov nazir Səlim Müslümovun həyata keçirdiyi əhəmiyyətli işlərə sanki kölgə salmaqla məşğuldur: "Şirvanda aztəminatlı ailələrin sayı kifayət qədərdir. Lakin onların əksər hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Bunun birbaşa səbəbkarı isə mərkəzin rəhbəri Nazim müəllimdir. Nazim Hüseynov mərkəzə direktor təyin olunandan aztəminatlı ailələrin günü qara olub. Vətəndaşlar mərkəzin keçmiş direktorunun ölənlərinə rəhmət oxuyur. Maddi çətinliklər içərisində yaşayan insanlar ünvanlı yardım almaq üçün mərkəzə müraciət etsələr də, direktor onları süründürür. Bütün sənədləri hazır edən ailələr get-gələ salınır. Şirvan Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vətəndaşların qarşısında şərt qoyur ki, ünvanlı sosial yardım düzələcəyi təqdirdə sosial təminat kartı 3, ya da 6 ay məndə qalmalıdır. Əks halda, ünvanlı sosial yardım almaq qeyri-mümkündür. Hazırda mərkəz tərəfindən sosial yardım alan şəxslərin çoxu bu şərtlə razılaşmış insanlardır. Çünki onların başqa çarəsi yoxdur. Heç yerdən gəlirləri olmadığına görə, direktorun şərtini qəbul ediblər. Direktor elə şərait yaradıb ki, Şirvanda ünvanlı sosial yardım almaq əsl işgəncəyə çevrilib. Sosial müavinət alan şəxslərin arasında elələri var ki, maddi vəziyyətləri olduqca yaxşıdır. Sadəcə, həmin adamlar mərkəzin direktoruna "hörmət" edib ünvanlı yardım almaq hüququ əldə ediblər. Yəni kasıb ailələr acından ölür, varlılar ünvanlı yardım alır". Deyilənə görə, Nazim Hüseynov həyata keçirdiyi qeyri-qanuni işləri nazir Səlim Müslümovun adı ilə bağlayır: "Direktor sosial yardım alan vətəndaşların bir neçəsinə deyib ki, hər ay nazirliyə nəysə çatdırır". Biz isə buna inanmırıq. Ona görə ki, prezident İlham Əliyev Səlim Müslümova bu sahədəki rüşvət və korrupsiya hallarına son qoymağı tapşırıb. Nazir heç vaxt riskə gedib direktordan nəysə ummaz.gundelik-baku

P.S. Sədaqət gəlir