BolgeXeber.Com » Gündəm » Nazirin burda baş verənlərdən xəbəri varmı?

Nazirin burda baş verənlərdən xəbəri varmı?

13-09-2014, 10:45
Oxunub: 2 264 Əbülfəs Qarayev"Emerald" hotelə niyə sertifikat verib?
Nazirin burda baş verənlərdən xəbəri varmı?

Mədəniyyət və Turizm Nazirliyi bir neçə gün əvvəl 11 mehmanxanaya dərəcə sertifikatı verdi. Qeyd edək ki, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014? kriteriyalarına uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir. Nazirlik "JW Marriott Absheron Baku", "Kempinski Hotel Badamdar Baku", "Caspian Sea Resort" mehmanxanalarına 5 ulduz, "Şah", "Alp İnn", "Emerald", "Viləş Palace", mehmanxanalarına və "Meşəbəyi" istirahət mərkəzinə 4 ulduz, "Austin Butik", "Arena" mehmanxanalarına 3 ulduz, "Rigs" mehmanxanasına isə 2 ulduz dərəcə sertifikatı verib. Burda diqqətçəkən əsas məqam "Emerald" hotelinə 4 ulduz sertifikatının verilməsidir. Yadınızdadırsa, ötən saylarımızdan birində Nizami rayonu ərazisində yerləşən hotelin təyinatı üzrə deyil, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini yazmışdıq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən xahiş etmişdik ki, hotelə verdiyi lisenziyanı yenidən diqqətdən keçirsin. Nazirin hotelin fəaliyyətini yoxlayacağını gözlədiyimiz bir vaxtda "Emerald"a birdən-birə 4 ulduz kateqoriyası verildi. Düzdür, kənardan baxanda heç kimin ağlına belə gəlməz ki, burda hansısa iyrənc hadisələr baş verə bilər. Yəni hotel müasir memarlıq üslubunda tikilib və kənardan kübar məkan təsiri bağışlayır. Əslində isə "turizm obyekti"ndə olduqca çirkin işlər baş verir. Bizdə olan məlumatlara görə, müştərilər yüngül həyat tərzi keçirən, yaxud müxtəlif tanışlıq saytlarında tanış olduqları xanımlarla bura gələrək cinsi tələbatlarını yerinə yetirirlər. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, paytaxtda yerləşən digər istirahət mərkəzləri ilə müqayisədə "Emerald" hoteldə qiymətlər çox bahadır: "Qiymətlər baha olduğuna görə bura hər adam gələ bilmir. Hotelin qarşısında dayanan bahalı maşınlar bunun bariz göstəricisidir. Yenicə 4 ulduz kateqoriyası alan hotelə əsasən imkanlı insanlar və müxtəlif vəzifələrdə çalışan şəxslər gəlir. Əlbəttə, bəziləri hotelə gələrkən onların təhlükəsizliyi tam qorunur. Mənim bildiyimə görə, hoteldə orta şəraitli otağın bir gecəlik qiyməti 200-350 manat civarında dəyişir. Bundan baha otaqlar da var. Bu otaqlarda müştərilərin istədiyi hər şey olur. Müştərilər həmin məbləği verib bir sutka ərzində əyləncəli vaxt keçirə bilərlər. Hotel fəaliyyətə başlayandan çox az sayda yerli və xarici turist qəbul edib. Turist qismində bura gələn insanların sayı o qədər də çox deyil. Hotelə müraciət edənlərin əksəriyyəti məlum niyyətlərini həyata keçirmək istəyirlər. Günün bütün saatlarında müştərilərin xidmətində dayanan "Emerald"da kənar şəxslərin, daha dəqiq desəm hüquq-mühafizə orqanlarının əməkdaşlarının girməsinə icazə verilmir. Çünki müştərilər hoteldə polis formasında olan şəxsləri görəndə təşvişə düşürlər və növbəti dəfə bura gəlməkdən imtina edirlər". Hotelin kimə məxsus olmasına gəlincə qaynağımız bildirdi ki, "Emerald"ın sahibi yüksək vəzifədə çalışır. Və bu səbəbdən aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları hotelin fəaliyyətinə müdaxilə edə bilmirlər. Bizə elə gəlir ki, nazir Əbülfəs Qarayevin "Emerald"də baş verənlərdən xəbəri yoxdur. Yoxsa nazir əxlaqsızlıq yuvasına çevrilən hotelə 4 ulduz kateqoriyası verməzdi. Ümidvarıq ki, bu yazıdan sonra cənab nazir hotelin fəaliyyətini yoxlatdırıb lisenziyasını ləğv edəcək. Nizami Rayon Polis İdarəsinin rəhbərliyi də məsələyə öz münasibətini bildirməlidir.

Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S. Bəlkə otelin qeydiyyat kitabları yoxlanılsın.
gundelik-baku