BolgeXeber.Com » Gündəm » 25 saylı Gəncə TSEK-in sədri ittiham hədəfində

25 saylı Gəncə TSEK-in sədri ittiham hədəfində

14-09-2014, 11:25
Oxunub: 3 507 Fəridə Abdullayevanın adı bir sıra qanunsuz işlərdə hallandırılır

Nazir Səlim Müslümovun əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi tədbirlər bu sahədəki bir sıra problemlərin həllini tapması ilə nəticələnib. Xatırladaq ki, sabiq nazir Füzuli Ələkbərovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki qurumların əksəriyyətində nöqsanlar mövcud idi. Nazirliyin rəhbəri dəyişəndən sonra isə bəzi islahatlar həyata keçirildi və həmin proseslər bu gün də davam etdirilir. Yadınızdadırsa, Səlim müəllim vəzifəsinin icrasına başlayandan bir neçə ay sonra bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sədrlərini keçirdiyi iclas zalından qovaraq vəzifədən uzaqlaşdırdı.

Əlbəttə, bu islahatlardan sonra yerlərdə vətəndaşların əlillik dərəcələri almasında daha şəffaf mühit yaradıldı. Qeyd edək ki, müvafiq qanunlara görə, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlillik statusu əldə edə bilər. Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək xəsarəti və peşə xəstəliyi, "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl qəzasının ləğvi ilə əlaqədar" təyin edilir. Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, ƏƏSMN-in 25 saylı Gəncə Tibbi-Sosial Ekspert Komissiyasında vətəndaşların incidilməsi hallarına rast gəlinir. Məlumatlı şəxslərin redaksiyamıza bildirdiyinə görə, TSEK-in sədri Fəridə Abdullayeva heç bir qanuna məhəl qoymadan əlillik dərəcələrini öz bildiyi formada verir: "Əvvəlcə bir məsələni deyim ki, 25 saylı Gəncə TSEK-in binası bu yaxınlarda istifadəyə verilib. Burda vətəndaşlara yüksək səviyyədə və şəffaf şəkildə xidmət göstərilməsi üçün gözəl şərait yaradılıb. Di gəl ki, Fəridə xanım vətəndaşları incidir, onları heç bir səbəb olmadan get-gələ salır. Əmək xəsarəti və peşə xəstəliyi olan şəxslərin bir çoxu əlillik dərəcəsi ala bilmir. Onlar TSEK-də fəaliyyət göstərən ekspert müayinəsindən keçirildikdən sonra süründürməçiliyə məruz qalırlar. Bu isə komissiya sədrinin vətəndaşlardan nəysə umması ilə bağlıdır. Maddi imkanı normal olan şəxsin əlillik dərəcəsi alması çox asandır. Fəridə Abdullayeva TSEK-ə sədr keçəndən sonra Gəncədə saxta sənədlər əsasında əlillik dərəcəsi alan insanların sayı artıb. Bunun səbəbini üzə çıxarmaqdan ötrü müvafiq qurumların yetkililəri 25 saylı TSEK-də yoxlama aparmalıdır. Amma Fəridə xanımın yuxarılarda adamı var deyə ona dəyib-dolaşmırlar". Mənbənin məlumatından çıxış edərək apardığımız araşdırma nəticəsində öyrəndik ki, TSEK sədrinin qeyri-qanuni əməlləri bəzi vətəndaşlara maddi ziyan vurub. Ki, onlardan biri də Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılovdur. O bir müddət əvvəl media vasitəsilə rəsmi qurumlara müraciət edərək özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında yandıracağını bildirmişdi: "Mənim 4 uşağım var. Uşaqlarımı böyütmək, onlardan ləyaqətli vətəndaş yetişdirmək üçün çalışıram. Amma hazırda rastlaşdığım vəziyyət elədir ki, problemin həlli üçün intihar etməkdən başqa çarə görə bilmirəm. Gəncə şəhər 25 saylı TSEK-in sədri olan Fəridə Abdullayeva mənim bacım Ələsgərova Xalidəni aldadaraq əlillik sənədləri düzəltmək məqsədi ilə ondan nəysə alıb. Səlim Müslümov tərəfindən Gəncə şəhərinə təyin olunan Fəridə Abdullayeva bacımdan aldığını geri verməkdən imtina etdi. Mən şəxsən dəfələrlə Fəridə Abdullayevadan bacımın halal pulunu geri tələb etsəm də, gah məndən möhlət istəyir, gah da təhdid edir".

Qeyd edək ki, müharibə veteranı TSEK rəhbərindən müxtəlif instansiyalara müraciətlər etsə də, onun şikayətinə baxan yoxdur. Hər halda, Fəridə Abdullayevanın barəsində bu cür ittihamlar səsləndirilirsə, ƏƏSMN rəhbərliyi bunları araşdırmalıdır. Mövzu ilə bağlı komissiya sədrinin mövqeyini öyrənmək istəsək də, Fəridə xanım zənglərimizə cavab vermədi. Buna rəğmən, onun da fikirlərini işıqlandırmağa hazırıq