BolgeXeber.Com » Gündəm » Dəmir yolu təsərrüfatına ayrılan vəsaitlər göyə sovrulur

Dəmir yolu təsərrüfatına ayrılan vəsaitlər göyə sovrulur

19-09-2014, 12:40
Oxunub: 2 781 Arif Əsgərovun fəaliyyətindəki qanunsuzluqlar onun karyerasının sonunu gətirir

QSC sədrinin vəzifə pillələrindəki yüksəlişi niyə məhz cəbhə hakimiyyəti dövrünə təsadüf edib?
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun adı ilə bağlanan qanun pozuntularının sayı durmadan artmaqdadır. Qeyd edək ki, son zamanlar işçilərin maaşlarının vaxtında verilməməsi, onların əsassız yerə ixtisara salınmaları, o cümlədən dəmir yolu təsərrüfatının inkişafına ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə sərf edilməməsi ilə bağlı şikayətlərin ard-arda sıralanması QSC rəhbərinin karyerasının təhlükə altında olduğunu göstərir. Uzun müddətdir ki, bu cür əhəmiyyətli və strateji quruma rəhbərlik edən Arif Əsgərov geridə qalan vaxt ərzində elə də müsbət işlər həyata keçirə bilməyib. Əksinə, onun rəhbərliyi altında dəmir yollarında xoşagəlməz vəziyyət yaranıb və külli miqdarda büdcə vəsaiti göyə sovrulub. Yaxın keçmişə ekskurs edəndə görürük ki, ölkə mətbuatının tənqid hədəfinə ən çox çevrilən məmurlardan biri də məhz odur və bu gün cəmiyyət sədrinin fəaliyyətindəki nöqsanlar yerli mətbuat vasitələri tərəfindən işıqlandırılır. Məlumat üçün bildirək ki, Arif Əsgərov əmək fəaliyyətinə 1990-cı illərdə başlayıb. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında yeni səhifə açılıb. Belə ki, cəbhə hakimiyyətə gəldikdən sonra dəmir yolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovun qohumu olub. Onun dövründə Arif Əsgərov maliyyə xidmətinin rəis müavini vəzifəsindən birbaşa həmin idarənin rəisi vəzifəsinə təyin olunub. Bundan sonra karyera pillələrində sürətlə irəliləməyə başlayıb. Deyilənlərdən aydın olduğu kimi, QSC rəhbəri cəbhə hakimiyyətinin yadigarıdır. Arif Əsgərovun indiyə kimi hələ də vəzifədə saxlanması isə başadüşülən deyil. Artıq xeyli müddətdir ölkənin dəmir yollarına nəzarət edən məmur üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Son 5 il ərzində, yəni Arif müəllim QSC-yə sədr təyin olunandan indiyədək nəqliyyatın dəmir yolu sektorunda ciddi problemlər və maliyyə yeyintiləri qeydə alınıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, "Azərbaycan Dəmir Yolları" QSC-yə ayrılan milyonların bir hissəsi təyinatına uyğun xərclənmir. Mənbəmiz bildirir ki, əgər həmin vəsaitlər dəmir yolu nəqliyyatının inkişaf etdirilməsinə yönəldilsəydi, ölkəmizin dəmir yollarındakı daşınma səviyyəsi dünyada qabaqcıl yerlərdən birini tutardı. Təəssüf ki, adıçəkilən məmurun şəxsi maraqları bunun üstündən xətt çəkib: "Bu gün ölkədəki əksər dəmir yolu depoları 80-ci illərin qalıqlarından ibarətdir. Hər dəfə əsaslı təmir adı ilə aparılan cari təmir işləri sovet dönəmində inşa olunan dəmir yolu tikililərini daha da bərbad vəziyyətə salıb. Dəmir yolu vağzallarındakı acınacaqlı vəziyyət, oradakı şərait adamın ürəyini ağrıdır. Amma nədənsə Arif Əsgərov narahatlıq keçirmir. Hazırda dəmir yolu nəqliyyatında mövcud olan durum ürəkaçan deyil. Xarici ölkələrə sərnişin daşıyan qatarlar istisna olunmaqla bütün sərnişin qatarlarında arzu olunmayan vəziyyət yaranıb. Səbəb xətdəki qatarların köhnə olması və istismar müddətini tam başa vurmasıdır. Məsələn, Bakı-Qazax, Bakı-Ağstafa, Bakı-Astara, Bakı-Yalama və digər xətt üzrə hərəkət edən sərnişin qatarlarında sanki sərnişin deyil, yük daşınır. Bu qatarlarda natəmizlik, üfunət iyi sərnişinlərin iyrənməsindən başqa bir işə yaramır". Qısa araşdırmalar göstərir ki, dövlət büdcəsindən son 7 ildə bu sahəyə 1 milyard dollara yaxın vəsait ayrılıb. Amma infrastrukturun, texnikanın bərbad vəziyyətdə olması ayrılan vəsaitlərin təyinatına uyğun xərclənmədiyinin nümunəsidir. Onu da bildirək ki, bir müddət əvvəl Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi haqqında əmr imzalanıb. Əmrə əsasən vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalı idi. Dərin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Arif Əsgərov bu istiqamətdə zəruri addımlar atmayıb. Sadəcə, Latviyadan alınan köhnə vaqon və elektrovozlar müasir texnika kimi sənədləşdirilib ki, bunun da nəticəsində dövlət büdcəsinə böyük ölçüdə ziyan dəyib. Digər tərəfdən, ötən il "Azərbaycan Dəmir Yolları" QSC-də 48 milyon manatlıq korrupsiya faktı aşkar edilmişdi. Bu cinayət faktına görə Arif Əsgərovun yaxın qohumu, daha dəqiq desək, baldızı oğlu Rahib Hüseynov həbs edilmişdi. Aradan bir müddət keçəndən sonra külli miqdarda yeyinti olayında adı keçən qurumun keçmiş şöbə rəisi azadlığa çıxdı. Maraqlıdır ki, 48 milyon manatlıq yeyintiyə görə, Arif Əsgərov məsuliyyətə cəlb edilmədi. Halbuki, qeyd olunan məsələdə onun birbaşa iştirakının olması istisna edilmirdi. Görünür, Arif müəllim dayaqlarından və maddi imkanlarından istifadə etməklə baş vermiş olaydan kənarda qalmağı bacarıb. Son olaraq onu qeyd edək ki, Arif Əsgərov vəzifədə olduğu müddətdə yol verdiyi qanun pozuntularının sayəsində maliyyə imkanlarını xeyli genişləndirib. Belə ki, onun Novxanıda hər birinin dəyəri milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski"də 4 villası şəhərin mərkəzində yeni tikilmiş binalarda mənzilləri, London və İstanbul kimi məşhur şəhərlərdə mülkləri, müxtəlif rayonlarda istirahət mərkəzləri və daha nələri var. Fikrimizcə, QSC sədrinin törətdiyi qanunsuzluqlara "dur" deməyin vaxtı çatıb. Yuxarı instansiyalar dəmir yolu sisteminə ayrılan vəsaitlərin hara xərcləndiyini araşdırıb Arif Əsgərovu ciddi şəkildə cəzalandırmalıdır. Hesab edirik ki, cəmiyyət sədri tutduğu vəzifədən kənarlaşdırılmalı və barəsində cinayət işi qaldırılmalıdır.gundelik-baku

Mövzu ilə bağlı qarşı tərəfi dinləyə bilərik.