BolgeXeber.Com » Gündəm » Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

21-09-2014, 11:00
Oxunub: 2 630 Pasiyentlər bunun səbəbini Şərəbanı Yusifzadənin fəaliyyətində görürlər

Respublikamızda vətəndaşlara tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülsə də, təəssüf ki, səhiyyəmiz "özbaşınalıq epidemiyasından" xilas ola bilmir. Dövlət səhiyyə ocaqlarında tibbi xidmətin çoxdan ödəniş edilməsinə baxmayaraq, bəzi xəstəxanalarda, poliklinikalarda bu sərəncama quru sözdən o yana keçməyən göstəriş kimi yanaşırlar. Sanki Hippokrat andı bəzi tibb işçiləri üçün çoxdan funksionallığını itirib. Təəssüf ki, dövlət səviyyəsində səhiyyə sektorunun inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilsə də, bəzi problemlər hələ də həll olunmamış qalır.

Məsələn, bu gün büdcədən maliyyələşən xəstəxanaların yetərli hissəsində vətəndaşlara pulsuz tibbi xidmət göstərilmir. Qeyd edək ki, Suraxanı rayonunda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq səhiyyə obyektlərinin tikintisi sahəsində müəyyən tədbirlər həyata keçirilib.

Həmin çərçivədə 23 nömrəli şəhər poliklinikasının əsaslı təmiri artıq başa çatdırılıb. Lakin vətəndaşları, xüsusən 23 nömrəli şəhər poliklinikasına üz tutan xəstələri təkcə bu tibb ocağının binasının çölündə həyata keçirilən təmir, yenidənqurma işləri deyil, həm də onun daxilində yüksək səviyyəli tibbi xidimətin göstərilməsi maraqlandırır. Lakin təəssüflər olsun ki, bura üz tutanlar bir sıra hallarda gözləntilərdən fərqli olaraq başqa mənzərələrin şahidi olurlar. Xəstələr bildirirlər ki, Şərəbanı Yusifzadənin baş həkimi olduğu 23 nömrəli şəhər poliklinikasında bəzi həkimlər şəxsi maraqlarını ortaya qoyaraq müayinə və müalicə müqabilində xəstələrdən nəysə umurlar. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatlarının taleyi isə məlum deyil.

Əfsuslar olsun ki, belə olan təqdirdə səhiyyə sisteminin inkişafı bir kənarda qalır və maddi məsələlər ön planda durur. Səhiyyə Nazirliyi rəhbərliyinin vəzifəsinə uyğun olmayan işlərə qol qoyan həkimlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəziləri bundan nəticə çıxarmır ki, çıxarmır. Xəstələr bildirirlər ki, bu dövlət tibb müəssisəsinə ayağını poliklinikanın qapısına oradan liftə, liftdən həkim otağına basanda səndən nəsə umur, tələb edirlər. Halbuki nəzərə almaq lazımdır ki, maddi baxımdan imkansız vətəndaşlarımız müayinə və müalicə üçün ölkədən kənara çıxa bilmir. Elə təbəqə var ki, hətta yerli özəl klinikalarda da müayinəyə maddi durumları imkan vermir. Bu səbəbdən yalnız dövlət tibb müəssisəsinə, o cümlədən 23 nömrəli şəhər poliklinikasına üz tuturlar. Lakin bu dövlət poliklinikasında da müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kim hansısa həkimi lazımi səviyyədə "görməsə" ona yüksək səviyyəli tibbi xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və s. xidmətlərə görə üstüörtülü şəkildə nələrsə tələb olunur. Hətta istənilən şeylər də açıq şəkildə deyilir. Belə olan halda, ortaya sual çıxır: dövlət poliklinikasındakı texniki avadanlıqlar dövlət vəsaiti hesabına alınırsa, işçilər dövlət büdcəsindən maaş alırsa, bəs o zaman niyə vətəndaşlara başqa cür tibbi xidmət göstərilir? Yaxud avadanlıqlardan istifadəyə görə vətəndaşlardan alınanlar kimlərə gedir?

Nəzərə almaq lazımdır ki, bu gün ölkə vətəndaşlarının tibbi sığortası yoxdur ki, əməliyyata ehtiyac olanda rahatlıqla hər hansı poliklinikaya getsinlər. Vətəndaş öz qazancı hesabına həkim qəbulu, müayinələr, dərmanlar, bəzi cərrahi əməliyyatların xərcini ödəyir. Lakin bahalı, bəzən xaricdə əməliyyat tələb edən xəstəliklər, aztəminatlılar, pensiyaçılar, tələbələr üçün həkim qəbulunun, müayinələrin ödənişi böyük problemə çevrilir. Xəstələr bildirirlər ki, qeyri-rəsmi şəkildə də olsa, onlardan tələb olunanlar yerinə yetirilməsə, 23 nömrəli şəhər poliklinikasında hər hansı yüksək tibbi xidmət gözləməyə dəyməz: "Buranın bəzi həkimləri işə səhər saat 10-a qalmış, bəziləri hətta 10-a gəlirlər. Ona görə də qapı dalında gözləməyə məcbursan. Bütün bunlan bir yana, tibbi xidmətin keyfiyyəti də aşağıdır". Pasiyentlər deyirlər ki, bütün bunların səbəblərindən biri də Şərəbanı Yusifzadənin işçilərinə lazımi diqqət göstərməməsidir. Baş həkim poliklinikada baş verənlərə yetərincə diqqət ayırsa, vətəndaşlar bu səhiyyə ocağının xidmətlərindən razı qalarlar.gundelik-baku