BolgeXeber.Com » Gündəm » “Azərbaycan Sənaye İnşaat” MMC işçiləri aldadıb

“Azərbaycan Sənaye İnşaat” MMC işçiləri aldadıb

22-09-2014, 11:00
Oxunub: 2 716 “Şirkət yüzlərlə insanı müqavilə olmadan işlədir və yekunda pulunu vermir...”

“Azərbaycan Sənaye İnşaat” MMC yüzlərlə vətəndaşı aldadaraq pulunu vermir. MMC tərəfindən tikinti və təmir işlərinə cəlb edilən insanlar aylardır ki, çəkdikləri zəhmətin müqabilində zəhmət haqqını ala bilmirlər".
Bu barədə redaksiyamıza bir qrup zərərçəkən vətəndaş bildirib. Onların yazdığı şikayət məktubunda bildirilir ki, aylarla MMC-nin nəzdində işləsələr də, əmək haqlarını ala bilmirlər. İşçilər əmək müqaviləsi olmadan işlədiliblər, onların aidiyyəti qurumlara etdikləri şikayətlərə isə hələ baxılmayıb.
İşçilərdən Eldar Abbasov isə deyir ki, “Azərbaycan Sənaye İnşaat” MMC-nin rəhbəri Əlzamin Bayramov onları aldadaraq aylarla pulsuz işlədib, maaş vaxtı çatanda isə bəhanə ilə aradan çıxıb. Zərərçəkənlər iyirmiyə yaxın instansiyaya müraciət edərək cavab gözləyirlər: “Bütün yazdığımız şikayətlər Əmək Müfəttişliyinə göndərilir. 4 saylı region üzrə Əmək Müfəttişliyinin rəhbəri Tahir Sədrəddinov da sadəcə vəd verir ki, gözləyin, pulunuzu alıb verəcəyəm. Başa sala bilmirik ki, onlarla, yüzlərlə işçi əmək müqaviləsi olmadan işlədilib və bu, qanun pozuntusudur. Biz bu ilin mayında dörd nəfər Binəqədi rayonunda iki binanı təmir etmişik. İndi də üç aydır ki, pulumuzu gözləyirik. Baş prokurorluğa da şikayət vermişik, baxmırlar. Bir neçə nazirliyə yazmışıq, mənə 2800 manat borcu var. İstəyəndə də deyir ki, vəsait hesaba, balansa oturmayıb, pul yoxdur. Heç verəcəyi barədə vəd də etmir. Eşitmişik ki, Əlzamin müəllim bizə pul verməyəcəyini kəskin şəkildə söyləyib, deyib ki, hara olsa, şikayət olunan instansiyalara pul verərəm, amma fəhlələrə yox”.
Şikayətçilər bildirirlər ki, 54 nəfər də Əmək Müfəttişliyinə ayrıca şikayət ünvanlayıb, amma hələ o şikayətə də baxılmayıb: “Şikayətlərimizə baxılmır, heç bir tədbir görülmür. Görəsən onu qoruyan kimdir?”
Həmçinin bildirilir ki, hazırda həmin MMC ilə bağlı prokurorluqda araşdırma aparılır. Zərərçəkənlərin dediyinə görə, MMC bir çox yerlərdə apardığı tikinti və təmir işlərində işçiləri beləcə aldadıb və sonda vəziyyətdən çıxa bilib: “Bir çox yerlərdə, hətta Göygöl Olimpiya İdman Kompleksinin tikintisində də belə özbaşınalıq olmuşdu, işləyənlərin pulunu vermirdilər. Orada işləyən işçilərə hətta hədə-qorxu gəlinir, onlar təhqir olunur. Biz çıxılma durumdayıq”.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. (musavat.com)