BolgeXeber.Com » Gündəm » Xətai ƏSMM “6 ay mənim, 6 ay sənin prinsipi” ilə işləyir

Xətai ƏSMM “6 ay mənim, 6 ay sənin prinsipi” ilə işləyir

22-09-2014, 13:30
Oxunub: 2 587 “Sənədlərin sayı artırılıb, vətəndaşlara zülm çoxalıb”

"Yeni Müsavat"ın redaksiyasına Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin(ƏƏSMN) Xətai rayon mərkəzində baş verənlərlə bağlı məktub daxil olub. Həmin məktubda S.Müslümovun etimad göstərdiyi kadrlardan biri, Kürdəmir Pensiya Fondunun sədri işləmiş, hazırda Xətai rayon ƏSMM-yə rəhbərlik edən Sərdar Xıdırovun fəaliyyətindən söhbət açılır.

Məktub müəllifi yazır: “Xıdırov bir neçə rayonda direktor postları tutmasına baxmayaraq çox danışan, işə demək olar ki, bələdçiliyi olmayan birisidir. İlin əvvəlindən indiyədək direktor vəzifəsini icra etməsinə baxmayaraq, bütün təşkilatlara məktubları direktor imzası ilə gedir, hətta qapısına vurdurduğu lövhədə direktor yazdırmağı unutmayıb. O, Xətai rayonu tarixində olmayan bir hadisəyə də imza atmışdır. Ta bineyi - qədimdən, lap elə Sovetlər dönəmindən ”sobes" adı ilə tanınan bu idarəyə yaşlı insanlar rəhbərlik edər, həmin idarənin əsas kontingenti olan əlillərlə, pensiyaçılarla, yetim - yesirlərlə, qoca və ahıllarla daha tez dil tapar, onları duyar, anlayar, onların dərd - sərinə daha çox yanaraq ona əlac edərdilər. Və belə bir idarədə heç vaxt direktorun istirahət otağı olmamışdı. Lakin çox həvəs və iştaha ilə işə başlayan Xətai ƏSMM direktoru S.Xıdırov isə məzuniyyətə gedəndə öz ətrafına tapşırıq verdi ki, otağına bitişik kompyüter otağının qapısı çöldən bağlanıb, onun otağından açılsın, təmir olunub istirahət otağı kimi ixtiyarına verilsin. Elə də olub. S.Xıdırov məzuniyyətdə ola - ola onun otağı da, istirahət otağı da, katibəsinin oturduğu otağı da yüksək səviyyədə təmir olunub. Maraqlıdır, mərkəz direktorunun belə istirahət otağı Bakı şəhərinin yaxud respublikamızın hansı rayonunda var?!"

Məktub müəllifi S.Xıdırovun şəxsi keyfiyyətlərindən, kollektivdə əvvəldən işləyən üzvlərə yuxarıdan aşağı baxdığını da qeyd edir: “S.Xıdırov işə gələndən kompyüter mütəxəssisini, neçə-neçə baş məsləhətçini haqsız olaraq işdən azad edib, yerinə öz dost - qohumlarını gətirib. Respublikamızın heç bir rayonunda Xətai rayonu ƏSMM qədər işdən azad olunanlar olmayıb. Mərkəzdən 8 nəfər testdən, müsahibədən keçmiş təcrübəli baş məsləhətçiləri işdən azad etdirmiş, yerinə bu sahə ilə tanışlığı olmayan, heç bir testdən keçməyən tanış-bilişləri, qohumları müqavilə yolu ilə işə qəbul edib”.

Məktub müəllifi mərkəzdəki iş keyfiyyətinin aşağı olduğunu da yazır: “İdarə də iş əvvəlkindən də pis vəziyyətdədir. Belə ki ”6 ay sənin, 6 ay mənim" prinsipi qüvvədədir. Bir az da sənədlərin sayı artırılıb, vətəndaşlara zülm çoxalıb. Bütün çirkli işlərə baş mühasib 1-ci qrup əlil Valeh Qasımov rəhbərlik edir. O, idarəyə gələn vətəndaşların, şikayətçilərin qarşısına çəliyini atıb, özünündə əlil olduğunu nümayiş etdirir, bu yolla vətəndaşlardan toplanan 6 aylıq haqqa, digər qanunsuzluqlara qarşı direktor S.Xıdırova sipər çəkir.
S.Xıdırov isə kənarda dayanıb, şikayətə gələn vətəndaşları mənasız uzun - uzadı danışıqları ilə yorub - yola salır. İdarənin sektor müdiri Nazim Məmmədov köhnə nazirin vaxtında olduğu kimi elə yenə də at oynadır, pul qazanır, S.Xıdırovu müdafiə edir. O, həm də Torpaq Komitəsinin sədri Qərib Məmmədovun qardaşı olduğuna görə daha artıq bəhrələnir. Yəni vətəndaşlardan alınan 6 aylıq yardım pulunda onun payı daha sanballıdır.

İdarədə S.Müslümovun kəndlisi ağsulu qohumu Sədyar adında gəncə də geniş iş imkanı yaradılıb, yaxşı pul qazanır.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun da qohumlarından bir neçəsi S.Müslümovun rəhbərlik etdiyi nazirlik sistemində işlədiyindən o da S.Müslümovun kadrı kimi S.Xıdırovun harınlamış hərəkətlərinə göz yumur.

Sizdən xahiş edirik bunu mətbuatımızda dərc edəsiniz, bəlkə yuxarıdakıların gözü açıla, bu haqsızlığı, saxtakarlığı görüb, harınlara, qudurmuşlara “dur” deyələr..."

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı ƏƏSMN-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Lakin xidmətdən sorğularını cavablandırmayıblar.
Bolgexeber.com