BolgeXeber.Com » Gündəm » Sumqayıt bayram edir - 65 yaşını qeyd edir(Foto)

Sumqayıt bayram edir - 65 yaşını qeyd edir(Foto)

22-09-2014, 17:35
Oxunub: 3 333 Sumqayıta şəhər statusunun verilməsindən 65 il ötür. Bu münasibətlə şəhərdə silsilə tədbirlər keçirilir.

Bolgexeber.com AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 22-də ümummilli lider Heydər Əliyevin abidəsi önündəki meydanda gənc velosipedçilərin və çaparların şəhərin yubileyinə həsr olunmuş yarışı keçirilib.

Ənənəyə uyğun olaraq yarışlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və gənclər və idman baş idarəsinin təşkilati dəstəyi ilə keçirilir.

Yarışın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, bayram tədbirlərində iştirak etmək üçün gəlmiş xarici qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Turnirdə şəhərin ayrı-ayrı yaşayış massivlərini təmsil edən və yaşı 14-dən yuxarı olan 200 nəfərdən çox həvəskar velosipedçi, eyni zamanda 50-yə yaxın çapar at belində öz məharətini göstərib.
Tədbirdə qeyd edilib ki, bu il 65 yaşı tamam olan Sumqayıt şəhəri Azərbaycanda sosial-iqtisadi inkişafın əsl nümunəsi sayıla bilər. Burada əhalinin mədəni-kütləvi tədbirlərə cəlb olunması üçün göstərilən təşəbbüslər artıq gözəl ənənəyə çevrilib. Böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu müstəsna əhəmiyyət kəsb edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi istiqamətində bu tipli tədbirlərin təşkil olunması təqdirəlayiqdir. Böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi, məhəllələrdə idman hərəkatı və yarışlardan başlanır. Bu yarışlarda iştirak etməklə gənclər ilk növbədə zərərli vərdişlərdən uzaqlaşırlar.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra idmançıların nümunəvi çıxışları başlayıb və musiqi nömrələri təqdim edilib. Sonra tədbirin rəmzi simvolu olan rəngarəng şarlar səmaya buraxılıb və yarışların startı verilib.
Şəhərin küçələrindən keçən marşrut üzrə yarışları on minlərlə sakinlər izləyib. Finiş xəttinə yaxınlaşma anı həvəskar idmançılar üçün çox böyük sınaq, tamaşaçılar və azarkeşlər üçün isə yarışların ən maraqlı məqamları olub. Azarkeşlər qalibləri böyük coşqu ilə qarşılayıblar.
Yarışda müvafiq olaraq I, II, III yerləri tutan idmançılara pul mükafatı, IV-X yerlərdə qərarlaşanlara isə xatirə hədiyyələri və diplomlar təqdim edilib.
Sumqayıtda yubiley tədbirləri davam edir.