BolgeXeber.Com » Gündəm » Gədəbəyin icra başçısı ən sonuncu varianta əl atdı

Gədəbəyin icra başçısı ən sonuncu varianta əl atdı

24-09-2014, 10:45
Oxunub: 4 839 Oqtay Əliyev: "Ramiz Yediyarov iclaslarda deyib ki, onu tutduracam"

Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu rayonun icra strukturunun rəhbəri təyin edilən gündən sonra həmin yaşayış məskəninin bəzi sakinləri özlərinin ən ağır durumlarını yaşayır desək, bəlkə də yanılmarıq. Məsələ burasındadır ki, bu rayonda son vaxtlar, xüsusən Ramiz Yediyarovun icra başçısı təyin edildiyi gündən bir sıra sahələrdə ortaya çıxan ciddi, ağır problemlər həll edilmədiyindən daha da ağırlaşıb.

Rayonun Miskinli, Gərgər, Arıqıran, Ərtəpə, Plankənd və Nərimankənd kənd sakinlərini ümumiyyətlə, dinləyən yoxdur. Bu səbəbdən də Gədəbəy sakinləri baxımsızlıqdan şikayətlənirlər. Bildirirlər ki, rayonun bu, habelə digər kəndlərində yaranan problemlərin həlli istiqamətində heç bir addım atılmır.

Kəndlərdə yaşayan sakinlərin dəfələrlə sosial problemlərin həlli üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarova müraciət etmələrinə baxmayaraq, heç bir dəyişikliyin olmadığı vurğulanır. Miskinli, Gərgər, Arıqıran, Ərtəpə, Plankənd və Nərimankənd kənd sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməmış qalır. Belə ki, sakinlər Ramiz Yediyarova müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüskarlığının olmaması səbəbindən problemlərin həlli bu kəndlərdən yan keçib. Kənd sakinləri bildirirlər ki, bütün ölkədə inkişaf gedir, ölkə başçısı hər bir azərbaycanlının qayğığısına qalır. Lakin rayonun icra başçısı sakinləri qəbul etmir, icra hakimiyyətinə müraciət etdikdə bildirirlər ki, başçının qonaqları var, həmin səbəbdən bu gün qəbul olmayacaq: "Biz anlamırıq rayona nə qədər qonaq gələr? Əgər bu qədər icra başçımız varsa, bəs niyə bizimlə maraqlanmır?" Kənd sakinləri bildirirlər ki, sosial problemlər gündən-günə artır.

Bütün bunlar onu göstərir ki, sözügedən rayonun bir sıra sahələrində ağır problemlər mövcuddur. Bu azmış kimi, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli iş adamları üçün başağrısına çevrilib. Onun göstərişi ilə rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyektinin qanunsuz olaraq yerlə-yeksan edilməsi Ramiz Yediyarovun qanunlara sayğısız yanaşdığını sübut edir. Gədəbəy rayon sakini Oqtay Əliyev artıq üç aydır icra başçısı və onun müavinləri tərəfindən incidilməsindən şikayət edir. Rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyekti qanunsuz olaraq yerlə-yeksan olunması, Ramiz Yediyarovun belə əməllərindən edilən şikayətlərin hələ də həll edilməmiş qalması Oqtay Əliyevi çıxılmaz durumla üzləşdirib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyin qanuni sənədləri əsasında, həmin nazirliyə məxsus ərazidə inşa etdirdiyim obyektin qanunsuz söküntüsünü əks etdirən fotoları, videogörüntüləri Milli Təhlükəsizlik Nazirliyinə, Prezident Administrasiyasına, Respublika Prokurorluğuna, eləcə də digər orqanlara göndərmişəm. Ona görə ki, mənə məxsus qanuni obyekti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazidəki əyləncə-istirahət mərkəzini qanunsuz olaraq söküblər".

İş adamı həmin fotoları Gədəbəy Rayon Prokurorluğuna təqdim etsə də, ona deyiblər ki, guya Rüstəm Nağıyev söküntü işlərində iştirak etməyib. Halbuki fotolarda, videogörüntülərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavininin iş adamına məxsus qanuni obyektin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazidəki əyləncə-istirahət mərkəzinin qanunsuz söküntüsündə iştirak etməsi açıq-aydın sübuta yetirilib. Sadalananlar Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxslərinin qanunsuzluqlarına, özbaşınalıqlarına əyani sübutdur.

Rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamı Oqtay Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Həmin dövlət strukturundan ona deyiblər ki, sahibkara köhnə konstruksiyalı tikinti ilə əlaqədar müvafiq sənəd təqdim olunub. Nazirlik yerli icra başçısının nə üçün qanunsuz olaraq bu obyekti sökməsini araşdıracaq. Rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Anar Nağıyevin qərarından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinə, Prezident Administrasiyasına, Respublika Prokurorluğuna, eləcə də digər orqanlara teleqram, məktub vasitəsilə müraciət edən iş adamı üzləşdiyi qanunsuzluqların tezliklə həll olunacağına, ölkə başçısının bu problemə reaksiya verəcəyinə ümid edir: "Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov mənim guya onun mobil telefonuna təhqiramiz mesaj yazmağımla bağlı böhtanının özü üçün səmərə vermədiyini, ortada real faktların olmadığını görüb, başqa üsullara əl atdı. Orda-burda, bir neçə yerdə dedi ki, əgər Oqtay Əliyev dövlət orqanlarına etdiyi ərizə və şikayətlərini geri götürməsə, onu həbs etdirəcəm. Onu Gədəbəy rayonuna, ümumiyyətlə, Azərbaycan Respublikasına həsrət qoyacam. Başına oyun açacam. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu sözləri hətta dəfələrlə iclaslarda deyirdi. O, rayonda, Gədəbəyin bir sıra kəndlərində iclaslara başladı və həmin toplantılarda bu sözləri deyirdi. Hədələyirdi ki, Oqtay Əliyev görəcək mən ona nələr edəcəm. Bütün bunlara baxmayaraq, mən onun hədə-qorxularından qorxmur, çəkinmirəm. Çünki onun mənə şər, böhtan atdığını, bütün bunların şantaj olduğunu çox yaxşı bilirəm. Mən haqlıyam. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş qanuni sənədlərim, faktlarım, sübutlarım var. Qanunsuz olaraq heç bir iş görməmişəm. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov heç bir məhkəmə qərarı, hökmü olmadan mənə məxsus olan qanuni obyekti sökdürüb. Nəticədə təkcə bu il ora sərmayə kimi qoyduğum 120 min, ötən il isə 30 min manat vəsait pulum batıb. Mənə 150 minlik ziyan dəyib. Ora külli miqdarda xərc çəkib "besedka"lar, habelə digər şeylər tikdirmişdim. Tələbim ondan ibarətdir ki, mənə dəyən zərər ödənilsin. Artıq bununla bağlı Gəncə Şəhər 1 saylı İqtisad Məhkəməsinə də müraciət etmişəm. Sentyabrın 23-də birinci məhkəmə prosesi keçiriləcək. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov mənə müxtəlif yerlərdən təzyiqlər etdirir. Deyir ki, onu həbs etdirəcəm. Buna baxmayaraq, ərizəmi geri götürəsi, şikayətimdən çəkiləsi deyiləm. Haqqımı tələb edirəm. O, mənim obyektimi qanunsuz olaraq sökdürüb. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov mənə dəyən maddi ziyanı ödəməlidir. Mən bunu tələb edirəm. Sizin qəzet vasitəsilə bir daha Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edərək ölkə başçısından problemimin həlli üçün yardım istəyirəm. Xahiş edirəm, üzləşdiyim bu problem ictimailəşsin və üzləşdiyim qanunsuzluq ölkə başçısına çatdırılsın. Mən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və vergi ödəyicisiyəm. İstəyirəm ölkə başçısına çatdırılsın ki, mən sahibkaram".

P.S Növbəti sayımızda Namiq Məmmədovun qohumu Ələkbərov Yadigar Səyyad oğlunun törətdiyi cinayətlər və idarə müdirlərinə atılan şərlər haqqında bəhs edəcəyik. Nə üçün Herikinaz kənd sakini Abbasova Səkinə Abuzər qızının şikayətinə baxılmayıb və onu xəstəxanadan yarımçıq çıxarıblar?
gundelik-baku