BolgeXeber.Com » Gündəm » Paytaxtdakı elit əxlaqsızlıq yuvalarını kimlər himayə edir?

Paytaxtdakı elit əxlaqsızlıq yuvalarını kimlər himayə edir?

24-09-2014, 13:05
Oxunub: 3 138 "Sərin", "Fidan" və "Astoria Baku"da qadın alveri səngimək bilmir

Bu obyektləri işlədən şəxslər gənc qızların cinsi təcavüzə məruz qalmasına şərait yaradırlar.İstər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarına qarşı sərgilədiyimiz mövqe ortadadır. Bu kimi obyektlərin milli-mənəvi dəyərlərimizi məhv etdiyini nəzərə alaraq bunun qarşısına keçmək üçün silsilə məqalələr dərc edirik. Sağ olsun bəzi polis idarə və bölmələrinin rəisləri ki, yazdıqlarımıza müsbət reaksiya verərək pritonlarda reyd təşkil edirlər. Amma həyata keçirilən bütün mübarizə tədbirlərinə baxmayaraq, qadın alveri böyük problem olaraq qalır.

Bakıda qədim peşə sahiblərinə xidmət edən hotel, istirahət mərkəzi və saunaların sayının gündən-günə artması isə vəziyyəti bir qədər də qəlizləşdirir. Bu gün sizə paytaxtın elit əxlaqsızlıq yuvalarından bir neçəsi haqda məlumat vermək istəyirik. Hansı ki, həmin obyektlərdə qiymətlər çox bahadır və bura yalnız imkanlı müştərilər gələ bilir. Başlayaq Babək prospektində yerləşən "Sərin" hoteldən. 2009-cu ildən fəaliyyət göstərən hotelə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 4 ulduz kateqoriyası verilib. De luxe və kottec tipli 75 yataqlı 60 otaqdan ibarət olan "Sərin" 24 saat otaq, taksi və camaşırxana xidməti, açıq və bağlı avtodayanacaq xidməti göstərir. Əldə etdiyimiz məlumatlara görə, otaqlar çoxkanallı TV, telefon, internet bağlantısı, mərkəzləşdirilmiş isitmə və soyutma sistemi ilə təchiz edilib. Mötəbər qaynaqların redaksiyamıza verdiyi informasiyaya görə, "Sərin" hotelə gələn müştərilərin əksəriyyəti maddi durumu yüksək səviyyədə olan insanlardır: "4 ulduzlu hotel qədim peşə sahiblərinin məskəninə çevrilib. Daha doğrusu, pullu müştərilər bu cür həyat tərzi keçirən xanımlarla hotelə gələrək əyləncəli vaxt keçirirlər. Hoteldə ən ucuz otağın qiyməti 100-150 manat arasında dəyişir. Qiymətə sərinləşdirici içkilər və meyvə daxildir. Spirtli içki və yemək sifarişi üçün isə əlavə pul alınır. "Sərin"in ən sadə otağında belə müştərilərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Fəaliyyət göstərdiyi 5 il ərzində hoteldə müştəri qıtlığı yaşanmayıb. İlin bütün fəsillərində burda müştəri çox olur. Obyektə gətirilən qızların bir çoxu yetkinlik yaşına çatmayan xanımlardır. Onlar qadın ticarəti ilə məşğul olan dəstələrin qurbanına çevrilərək müəyyən miqdarda pulun qarşılığında müştərilərə təklif edilirlər. Hotelin kimə məxsus olduğunu dəqiq bilmirəm. Ancaq eşitdiyimə görə, "Sərin"in arxasında vəzifəli şəxslərdən biri dayanıb və bütün problemləri o yoluna qoyur. Elə bu səbəbdən aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları hotelə bata bilmirlər". Paytaxtda "ad-san" qazanmış əxlaqsızlıq yuvalarından biri də Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində yerləşən "Fidan" hotelidir. Mənbənin məlumatına görə, hoteldə otaqların 3 saat üçün qiyməti 60 manatdan başlayır: "Gecə səhərə kimi isə 120 manatdır. VİP otaqların qiyməti lap bahadır. Bura daha çox varlı şəxslər gəlir. Hoteldə 40-dan çox otaq var ki, günün bütün saatlarında onlar dolu olur. Müştərilər qədim peşə sahibləri ilə burda görüşüb cinsi tələbatlarını ödəyirlər. "Fidan"ın adı hoteldir, əslində isə, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Hələ bu vaxta kimi hoteldə nə yerli, nə də xarici turist qalıb. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları araşdırsalar, vəziyyətin həqiqətən də mənim dediyim kimi olduğunu görərlər. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir neçə dəfə hoteldə reyd keçirməyə cəhd göstəriblər. Amma hotelin rəsmiləri onlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziyanı göstərərək reydin qarşısını alıblar. Polis əməkdaşları məhz bu amilə görə əxlaqsızlıq yuvasının fəaliyyətinə son qoya bilmir". "Fidan"ın arxasında kimin dayandığına gəlincə mənbəmiz qeyd etdi ki, hotel yüksək rütbəli məmurlardan birinə məxsusdur.

Son vaxtlar məşhurlaşmaqda olan "rahatxana"lardan biri də "Astoria Baku Hotel"dir. Adıçəkilən obyektdə baş verən xoşagəlməz işlər və azyaşlı qızların cinsi istismara məruz qalması barədə ötən saylarımızda ətraflı məlumat vermişdik. Buna rəğmən, hotel hələ də fəaliyyətini davam etdirir. Qaynağımızın iddiasına görə, hoteldə ən ucuz otağın bir günlük qiyməti 90 manatdan başlayır: "Standard Single" otaqları 70, "Standard Double" 90, "Standard Twin" isə 90 manatdır. Daha yüksək şəraitli otaqların bir gecəlik qiyməti isə 199 manata başa gəlir. Bura hamam ləvazimatlarından tutmuş, mini bara qədər bir çox xidmətlər daxildir. "Suite" otaqlarda isə qiymət 119 manatdır. Kottecləri bir günlük kirayələmək üçün 250 manat lazımdır. Burda yüksək sürətli internet, mini bar, "king-size" çarpayı, çay və kofe ləvazimatları, USB və HDMİ çıxışları olan plazma televizorlar var". Bütün deyilənləri nəzərə alıb nazir Əbülfəs Qarayevə məsləhət görürük ki, sözügedən hotellərin fəaliyyətini yoxlayıb onların lisenziyasını yenidən nəzərdən keçirsin. Digər tərəfdən DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları "Sərin", "Fidan" və "Astoria Baku Hotel"də reyd keçirsəydi, çox yaxşı olardı.

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
gundelik-baku