BolgeXeber.Com » Gündəm » Prokurorluq orqanlarına iş elanı

Prokurorluq orqanlarına iş elanı

30-09-2014, 17:40
Oxunub: 2 152 Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edib

Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, müsabiqə prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 100 ştat vahidi üzrə keçirilir. Qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən və prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən müvafiq sənədləri Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) 15 oktyabr 2014-cü il tarixdən hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan saat 17:30-dək təqdim edə bilərlər.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.
Bolgexeber.com