BolgeXeber.Com » Gündəm » Yollarda 1 ayda 100-ə yaxın adam ölüb: cavabdeh kimdir?

Yollarda 1 ayda 100-ə yaxın adam ölüb: cavabdeh kimdir?

1-10-2014, 02:00
Oxunub: 3 479 Azərbaycanda son illər yol qəzaları nəticəsində ölənlərin sayı sürətlə artır.
Demək olar ki, hər gün bir neçə nəfərin ölümü nəticələnən qəzalar baş verir. Haqlı olaraq mətbuatda “yol terroru” adlanan bu hadisələr sanki Azərbaycanda bir yol müharibəsi mənzərəsini xatırladır.
Son vaxtlar isə artıq bu qəzalarda ölən adamların kimliyi şok yaratmaqdadır. Bu qəzalar cəmiyyətin bütün təbəqələrini əhatə edir. Son qəzalar isə yüksək təbəqənin məmurlarından da vaz keçmir.
Keçmiş yüksək vəzifəli məmur Mübariz Mədətovun oğlunun xalq artisti Ağasəlim Abdullayenin iki ailə üzvünü avtomobillə vurub qətlə yetirməsindən sonra tendensiya daha da artıb. Bir-birinin ardınca baş verən qəzalar hətta ölkədə bu işə cavabdeh şəxslərdən biri olan nəqliyyat naziri Ziya Məmmədovdan da yan keçmədi. Onun qardaşının gənc qızı “yol terroru”nun qurbanı oldu. Qeyd edək ki, Ziya Məmmədovun qardaşı qızının ölümü ilə nəticələnən qəzayla bağlı hələ də müəmmalar mövcuddur. Cinayət işi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmir.
Onun ardınca Prezidentin Mətbuat Xidmətinin rəhbərinin müavini Vahid Əzizovun tələbə oğlu faciəli şəkildə dünyasını dəyişib.
Elə dünən Səbayel Rayon İcra Hakimiyyəti başçısının oğlu İlham Əsgərlinin törətdiyi avtomobil qəzasında Mcdonalds-ın rəhbərinin oğlu Sənan Mirzəyev həlak olub.
Dünən Göyçay rayonunda toy karvanında baş verən qəzada isə 9 nəfər ölüb.
Xatırladaq ki, təkcə sentyabr ayında respublikanın avtomobil yollarında həlak olanların sayı 76 nəfərdir…
Mətbuatda bu məsələlər nə qədər işıqlandırılsa da, dövlət qurumları bu məsələni araşdırmağa, mümkün qabaqlayıcı tədbirlərə meyilli görünmür. Baxmayaraq ki, ölkədə yeni yollar çəkilir, svetoforlar quraşdırılır, keçidlər tikilir, amma yenə də qəzalar gündəlik həyatımızın bir hissəsinə çevrilməkdə davam edir
Qəzaların baş vermə səbəbini araşdırdıqda isə buna yüksək sürətin və içkili vəziyyətdə sükanı idarəetmənin səbəb olduğu ortaya çıxır.
Yuxarıda sadalanan problemlərlə bağlı Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Kamran Əliyev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hər bir yol nəqliyyat hadisəsi araşdırılır: “Qəzada təqsiri olan hər bir kəs öz cəzasını alır. Toy karvanında sürücülərin intizamsız sürmələri, pozuntulara yol verilməsi, müxtəlif üsullarla dövlət nömrə nişanın üstünü bağlamaları, gah da yol hərəkəti qaydalarını davamlı olaraq pozmaları ilə bağlı dəfələrlə nəinki sürücüləri, hətta toy sahiblərini də xəbərdar etmişik. Hətta biz bununla bağlı animasiya da sifariş verib vitrinlərdə nümayiş etdirmişik. Yəni insanlar animasiyaya baxıb bilsinlər ki, toy karvanında sürücülərin hansı hərəkətləri yol qəzasına gətirib çıxarır. Amma yenə də bir məsuliyyətsiz sürücünün düşünülməmiş hərəkəti nəticəsində bir hadisədə təkcə 9 nəfər dünyasını dəyişib. Belə sürücülərə qarşı həmişə sərt tədbirlər görülməlidir. Konkret olaraq ictimai qınaq yaranmalıdır. Toy sahibi görəndə ki, həmin şəxs yüksək sürətlə hərəkət edir, digərləri üçün qəza şəraiti yaradır vaxtında həmin şəxsi saxlayıb toy karvanından kənarlaşdırmalı idi. Axı hər kəndddə, hər addımbaşı bir yol polisi əməkdaşı qoymaq mümkün deyil. Bunu şüurlu şəkildə düşünmək lazımdır. O gün bir sərxoş sükan arxasında əyləşib, özü dünyasını dəyişib, arvadıyla uşağı da xəsarət alıb. Bu adam fikirləşmir ki, sərxoş vəziyyətdə sükan arxasına niyə otururam? Yaxşı bu oturubsa, ailə üzvləri bunu görmür? Sərxoş vəziyyətdə onu yola buraxan adamlara nə deyək?
Toyxananın qabağında beş polis işçisi oturmalıdır? Niyə hamı elə fikirləşir ki, qəza hamının başına gələ bilər, bircə ondan başqa. Baxın, belə yanaşmalar son nəticədə ağır qəzalara gətirib çıxarır”.
“Cəza tədbiri hadisənin qarşısını almağa kifayət edirmi” ilə bağlı sualı da cavablandıran şöbə rəisi qeyd edib ki, bu, hadisənin, yol pozuntularının qarşısını ala bilir: “Məsuliyyət güclü olarsa, qayda pozuntularının da, qəzaların da qarşısı alınar. Hər gün nəqliyyat hadisələri ilə bağlı məlumatların verilməsi o demək deyil ki, qəzalar günü-gündən artır. Məsələn, statistik göstəricilərə əsasən, bu ilin son 8 ayı ərzində yol nəqliyyat hadisələri ilə bağlı 178 fakt olub. Qəzada ölənlərin sayı 22, yaralananların sayı 297 nəfər azalıb. Baxmayaraq ki, səkkiz ayda ölkədə nəqliyyat sayı 40 mindən çox artıb. Məlum olduğu kimi, sərxoş vəziyyətdə maşın idarə edib yol nəqliyyat hadisəsinə səbəb olduqda bununla bağlı cəzalar Cinayət Məcəlləsində daha da sərtləşdirilib. Nə qədər ki, bizim insafsız sürücülərimiz, hərəkətlərinə vaxtında müdaxilə etməyən insanlarımız var, ara-sıra bu cür qəzaların baş verməsi də qaçılmaz olacaq”.
Bizimxeber.az