BolgeXeber.Com » Gündəm » Qazaxın maliyyə sistemi çat verir

Qazaxın maliyyə sistemi çat verir

2-10-2014, 17:10
Oxunub: 3 603 İdarə rəisi Novruz Abdullayev vəzifəsinə niyə biganə münasibət göstərir?


20 ildən artıqdır rayonun maliyyə idarəsinə rəhbərlik edən məmurun vəzifədən çıxarılmasının vaxtıdır.Maliyyə naziri Samir Şərifov ölkəmizin maliyyə sisteminin inkişaf etdirilməsi məqsədilə bir sıra mühüm işlər həyata keçirib. Bunu heç kim inkar edə bilməz. Amma etiraf etmək lazımdır ki, hörmətli nazir kadr islahatları məsələsinə nədənsə bir qədər laqeyd münasibət göstərir. Məsələn, elə rayonlarımız var ki, orda maliyyə idarələrinin rəisləri uzun müddətdir vəzifədə oturublar və işlərinə yetərincə məsuliyyət göstərmirlər. Ki, bunlardan biri də Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayevdir. Bu şəxsin adı mətbuatda çox çəkilib və onun ünvanına saysız-hesabsız tənqidlər səsləndirilib. Rayondakı mənbələrdən aldığımız ən son məlumatlara görə, 20 ildən artıqdır idarə rəisi vəzifəsində çalışan Novruz Abdullayev müvafiq qanunlara qarşı sayğısızlıq edərək yerli-yersiz köçürmə əməliyyatları, idarə, müəssisə və təşkilatların üzərinə "rüsum" qoyuluşu, öz məqsədi naminə pul köçürmələri, vəsaitlərin kağız üzərində nəğdləşdirilməsi və digər bu kimi qanunsuz işlərlə məşğul olur: "Məlumat üçün bildirim ki, Novruz Abdullayev rayonun keçmiş icra başçısı Əsəd Orucovun kadrıdır. Əsəd müəllim hazırda Ağstafa Mərkəzi Poçtamtının rəisidir. İdarə rəhbəri sabiq icra hakiminin dəstəyi ilə vəzifədə yüksələ bilib. Qazax rayon Maliyyə İdarəsinin rəisi ona həvalə edilən vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının yetərli hissəsində qanun pozuntuları göz çıxarır. Novruz müəllim isə belə məsələləri görməzdən gəlir. İdarə rəisi tamam başqa işlərə baş qoşub. Belə ki, rayonda çoxları onu məmur kimi yox, iş adamı olaraq tanıyır. Adıçəkilən şəxs həyata keçirdiyi bir sıra özbaşına əməllərinin nəticəsində qazandığı vəsaitlər hesabına Qazax Sosial İqtisadi Kollecinin yaxınlığında böyük obyekt tikdirib. Bundan başqa, onun rayonun mərkəzində möhtəşəm imarəti və digər obyektləri də var. Halbuki, dövlət məmurunun kommersiya fəaliyyəti ilə məşğul olması qəti qadağandır. Maliyyə idarəsinin rəisi dövlət büdcəsinin göyə sovrulan vəsaitləri hesabına özünə yüksək şərait yaratmağı bacarıb. 20 ildən artıqdır bu postu tutan məmur geridə qalan illər ərzində şəxsi maliyyə vəziyyətini yüksək səviyyəyə çatdırıb. Qazaxda büdcə təşkilatlarına dövlət tərəfindən ayrılan vəsaitlərin müəyyən hissəsi təyinatı üzrə sərf edilmir. Amma Novruz Abdullayev bunu bildiyi halda heç bir tədbir görmür. Çünki əksər büdcə təşkilat və idarələrinin rəhbərləri hər ay lazım olan səviyyədə idarə rəisini "görərək" onun ürəyini şad edirlər. Bu səbəbdən Qazax Maliyyə İdarəsi nazirliyin bölməsi olaraq yerli gəlir və xərclər üzrə büdcə və büdcədənkənar vəsaitlərin layihələrini lazımlı şəkildə hazırlaya bilmir. Novruz Abdullayevin "fəaliyyəti" sayəsində rayonun maliyyə sistemi çat verib. Rəis bəzi yerli büdcə qurumlarının fəaliyyətini uzun müddətdir yoxlamır. Bu isə bir sıra qaranlıq məqamlardan xəbər verir". Mənbənin sözlərinə görə, Novruz Abdullayev yerli məmurlardan bir neçəsi ilə yaxın münasibətlərə malikdir ki, bunlardan biri də Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşovdur: "Onunla yaxın əlaqələrə malik olan Novruz Abdullayev məhz elə bu səbəbdən əksər yaxın adamlarının Qazax Rayon Suvarma Sistemləri İdarəsində işə düzəlməsinə nail olub. Abbasov Göyüşovla yaxın əlaqədə olan Novruz müəllim Qazax Suvarma Sistemləri İdarəsində mövcud olan maliyyə maxinasiyalarına reaksiya vermir. Həmçinin Qazax rayonunun Kəmərli kənd sakini, vaxtilə Qazax Mərkəzi Poçtamtının baş mühasibi vəzifəsində çalışmış Arif Alıcanovun rəhbərlik etdiyi "Nihat RE" və "Nihat QE" adlı MMC-lər Novruz Abdullayevin "tender"indən keçməklə gəlir gətirən hər bir işlə məşğuldur. Rayondakı uşaq bağçalarına ayrılan vəsaitlər təyinatdan kənar istiqamətlərə sərf olunur. Qazaxdakı büdcə idarələrinin bir çoxunda əlavə ştatlar və maxinasiya halları mövcuddur. Əfsus ki, idarə rəisi belə məsələlərə biganə münasibət sərgiləyir. Novruz Abdullayevin yığdığı sərvət bundan sonra ona ömrünün sonuna kimi bəs edər. Lakin idarə rəisi özbaşına əməllərindən əl çəkmək istəmir". Qeyd olunan fikirlər idarə rəisinin fəaliyyətindəki neqativ məqamların sadəcə, bir hissəsidir. Gələn saylarımızda Qazax Maliyyə İdarəsində cərəyan edən digər qanunsuzluqlarla bağlı şok faktları, o cümlədən Novruz Abdullayevin Samir Şərifovun arxasınca nələr danışdığını yazacağıq. Sonda cənab nazirə demək istəyirik ki, 20 ildən artıqdır vəzifədə oturan məmurun işdən çıxarılmasının vaxtı çatıb. Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.

gundelik-baku