BolgeXeber.Com » Gündəm » Siyəzən bələdiyyəsinin büdcəsinə yığılan vəsaitlər hara xərclənir?

Siyəzən bələdiyyəsinin büdcəsinə yığılan vəsaitlər hara xərclənir?

6-10-2014, 18:00
Oxunub: 4 417 Sədr Azər Babayev qanunsuz torpaq satışında və dotasiyanı təyinatı üzrə sərf etməməkdə ittiham olunur

lin sonunda ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyə sədri vəzifəsində çalışan şəxslərin bir çoxu növbəti dəfə bu posta seçilmək üçün indidən hazırlıqlara başlayıblar. Bələdiyyələrin bugünkü fəaliyyəti isə əhali tərəfindən normal qarşılanmır. Vətəndaşların və mütəxəssislərin bir çoxu yerli özünüidarə orqanlarının fəaliyyətsiz bir quruma çevrilməsindən narahatlıqlarını dilə gətirirlər. Nəzərinizə çatdırmaq istəyirik ki, qanunvericilikdə dövlət büdcəsindən bələdiyyələrə bir neçə növ transfertlərin - subsidiya, ssuda, subvensiya və dotasiyanın verilməsi nəzərdə tutulub.

Bunlardan yalnız məqsədsiz transfert olan dotasiyalar verilir və qanunvericiliyə görə dotasiya əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında bələdiyyənin xüsusi çəkisi əsasında bölüşdürülür. Statistikaya əsasən, 2013-cü ildə bələdiyyələrə dövlət büdcəsi layihəsində 5.2 milyon manat dotasiya ayrılıb. 2012-ci ildə bu rəqəm- 5 milyon manat, 2011-ci ildə isə 3.5 milyon manat olub. Yəni ildən-ilə dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiyaların həcmi artır. Həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, bəzi bələdiyyələrin fəaliyyəti hələ də ürəkaçan səviyyədə deyil. Bunlardan biri də Siyəzən şəhər bələdiyyəsidir. Redaksiyamıza daxil olan məlumatlarda bələdiyyə sədri Azər Babayevin özbaşınalıqlarından söhbət açılır: "Bildiyimiz kimi, yerli idarəetmə orqanının büdcəsi qeyri-vergi gəlirləri hesabına, bələdiyyə mülkiyyətində olan torpaqların özəlləşdirilməsi və icarəsindən əldə olunan daxilolmalar hesabına formalaşır. Vergi daxilolmaları isə fiziki şəxslərin torpaq vergisi və fiziki şəxslərin əmlak vergisi hesabına formalaşır. Lakin Siyəzən bələdiyyəsinin sədri qeyd olunan maliyyə mənbələrindən düzgün və səmərəli şəkildə istifadə edə bilmir. Qurumun büdcəsinə yığılan vergi vəsaitləri başqa-başqa təyinatlara xərclənir. Bələdiyyənin balansında olan yollar və parklar baxımsızlıqdan bərbad hala düşüb. Yerli özünüidarə orqanının büdcəsi kifayət qədər genişdir. Amma Azər müəllim bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin yolların, parkların təmirinə, abadlaşmasına sərf olunmasına şərait yaratmır. Təxminən, iki ay öncə dövlət tərəfindən Siyəzən şəhər bələdiyyəsinə irihəmcli dotasiya ayrıldı. Sədr tələm-tələsik şəkildə guya bəzi təmir-bərpa işlərinin görüldüyünü sənədləşdirərək həmin dotasiyanı bu istiqamətə yönəltdi. Halbuki, Azər Babayev bələdiyyə sədri vəzifəsində işləyəndən indiyə qədər Siyəzəndə heç bir abadlıq işləri həyata keçirməyib. Səhv etmirəmsə, o 2000-ci ildən bu vəzifədədir. Rayon yerli sahibkarların hesabına ayaqda qalır. Bələdiyyə və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri rayonun gözəlləşməsi üçün əmək sərf etmir. Sədr deyir ki, vergi ödənişlərinin toplanması problemdir. O bu problemləri aradan qaldırmaq üçün ilk növbədə, öz işlərini təkmilləşdirməli, əhali ilə münasibətləri yüksək səviyyədə qurmalı, müraciətlərə vaxtında baxmalı və əhalinin etimadını qazanmalıdır. Sədr vəzifədə işlədiyi müddətdə əhalinin etimadını qazana bilməyib. Əgər o qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürsə, əhali ona səs verməyəcək. Onu da deyim ki, Siyəzən bələdiyyəsinin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinə verilən hesabatın şəffaflığı şübhəlidir. Qurumun rəhbəri hesabatlarda şişirtmə rəqəmlər göstərməklə yuxarıların diqqətini yayındırmağa çalışır". Verilən məlumatda o da bildirilir ki, 2008-ci ildən bələdiyyələrin torpaq satışına qadağa qoyulsa da, Azər Babayev buna məhəl qoymur: "Sədr qanunları ayaq altına ataraq qanunsuz torpaq satışı ilə məşğul olur. Azər müəllimin maliyyə imkanlarının genişlənməsində torpaq satışlarının təsiri çox böyükdür. Bələdiyyə rəhbəri həyata keçirdiyi qanundankənar işləri ört-basdır etmək məqsədilə ara-sıra hərrac keçirir. Məsələn, bir müddət əvvəl bələdiyyə tərəfindən satışa 10 torpaq sahəsi çıxarılıb. Müsabiqəyə təqdim edilən torpaq sahələri əsasən sahibkarlıq fəaliyyəti və fərdi ev tikintisi üçün nəzərdə tutulub. Əslində, müsabiqə formal xarakter daşıyıb. Çünki bələdiyyə sədri əvvəlcədən müəyyən şəxslərlə razılaşaraq onlara torpaq satıb. Müsabiqə isə sadəcə, gözə kül üfürmək məqsədi daşıyır". Məsələni aydınlaşdırmaq üçün bələdiyyə sədri ilə əlaqə saxladıq. Azər Babayev barəsində səsləndirilən ittihamları qəbul etmədiyini deyərək bunların yalan olduğunu bildirdi. Atalar isə deyib ki, od olmayan yerdən tüstü çıxmaz. Yəni sədrin fəaliyyətində hansısa boşluqlar var ki, ondan şikayət olunur. Hər halda Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin sədri Mehdi Səlimzadə yazıya öz münasibətini bildirib, Azər Babayev haqda deyilənləri araşdırmalıdır.
gundelik-baku