BolgeXeber.Com » Gündəm » Heydər Əliyev adına Liseydə ara qarışıb

Heydər Əliyev adına Liseydə ara qarışıb

9-10-2014, 09:50
Oxunub: 2 520 Valideynlər İradə Əsgərovadan şikayətçidilər
Redaksiyamıza daxil olan məlumatlarda Bakının Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına Liseyin direktor müavini İradə Əsgərovanın fəaliyyətindən çoxsaylı şikayətlər öz əksini tapmaqdadır. Ulu öndərimizin adını daşıyan bu təhsil müəssisəsi artıq 10 ildir ki, fəaliyyərt göstərir. Təbii ki, bu illər ərzində liseyin uğur və nailiyyətləri də çox olub. Lakin bu gün Heydər Əliyev adına Liseydə müşahidə olunan neqativ hallar əldə olunan nailiyyətlərə də kölgə salır. Bizə təqdim olunan məlumatlarda isə, mənbələr bu kimi halların məhz İradə Əsgərovanın fəaliyyəti ilə bağlı olduğunu iddia edirlər. Bu xüsusda mənbələr bildirirlər ki, son vaxtlar valideynlərin xüsusi narazılıqlarını doğuran məqamlardan biri də liseyi bitirən tələbələrə Təhsil Nazirliyi tərəfindən təqdim olunan şəhadətnamələrin İradə xanım tərəfindən qeyri-qanuni olaraq saxlanması ilə bağlıdır. Məlumatlarda qeyd olunur ki, İ.Əsgərova şagirdlərin əksəriyyətinin beş və daha artıq fənndən qeyri-kafi qiymət aldıqlarını iddia edərək, onların valideynləri qarşısında bu qiymətlərin “düzəldilməsi” üçün hər “2”-yə görə 50 manat pul tələbi irəli sürür. Ən qəribəsi də budur ki, öz sözlərini təsdiq etmək məqsədilə də olsa İradə müəllimə şəhadətnamələri heç kimə göstərmir. Təbii ki, bir çox valideynlər bu özbaşınalıqdan son dərəcə narahat olaraq, Təhsil Nazirliyinə şikayət edəcəklərini də bildirirlər. Lakin bu xəbərdarlıqlar İradə Əsgərovanın əhvalına qətiyyən təsir etmir. Yeni aldığımız məlumatda bu liseyin 2014-cü il məzunlarından birinin valideyninin kimliyinə dair maraqlı açıqlama təqdim olunub. Belə ki, mənbə, Əli Məmmədov adlı bu məzunun atasının “İdeal İnşaat” MMC-nin direktoru olduğunu bildirir. Liseyin direktor müavini İradə Əsgərova isə məhz bu şirkətdən aldığı mənzilə görə 2-3 min manat məbləğində pul borclu qalıb. Ən maraqlı məqam isə İradə xanımın bu borcun müqabilində şirkət rəhbərinə etdiyi təkliflə bağlıdır. Mənbə bildirir ki, bu təklif məzun Əli Məmmədova lisey tərəfindən “attestat verilməsində” köməklik göstərilməsindən ibarət olub. Maraqlıdır, görəsən məzunlar bu təhsil müəssisəsindən attestat alan zaman hansı problemlərlə üzləşirlər ki, onun həlli müqabilində 2000-3000 manat verməyə razı olurlar? Yeri gəlmişkən, məlumatlarda valideynlərin son vaxtlar liseydə şagirdlərə verilən təhsilin səviyyəsinin də xeyli aşağı düşməsindən şikayətçi olduqları bildirilir. Qeyd olunur ki, müxtəlif “ödənişlər” hesabına gündəlik sorğulardan “əla” qiymət alan şagirdlərin əksəriyyəti, TN tərəfindən keçirilən test imtahanlarında heç “kafi” də ala bilmirlər. Eyni zamanda da bildirilir ki, liseydə keçirilən yozlama yazı işləri və test sorğularının qiymətləndirilməsi zamanı obyektivlik qətiyyən gözlənilmir. Daha sonra aldığımız məlumatlarda vurğulanır ki, bu liseydə uşaqların qəbulu ilə bağlı ciddi problemlər yaşanır. Belə ki, “Azərneftyağ” müəssisəsinin ərazisində yerləşən liseydə maddi təminatı elə də yüksək olmayan vətəndaşların övladlarının təhsil almaları, İ.Əsgərovanın “səyləri” nəticəsində demək olar ki, tamamilə mümkünsüz olub. Belə ki, İradə müəllimə liseyə qəbula görə hər şagirdin valideynindən 1500-2000 manat məbləğində pul tələb edir. Bu isə aydındır ki, heç də hamının özünə rəva biləcəyi bir tələb deyil. Nəhayət məlumatlarda bildirilir ki, ən çox təəssüf doğurucu hal bundan ibarətdir ki, törətdiyi bütün haqsızlıqlara rəğmən İradə Əsgərova bir müddət bundan əvvəl öz əlaqələri sayəsində hətta “əməkdar müəllim” kimi fəxri ad almağa belə nail ola bilmişdir. Daha sonra aldığımız məlumatlarda Heydər Əliyev adına liseydə direktor müavini tərəfindən yol verilən digər qanun pozuntularından da bəhs edilir. Bildirilir ki, İradə xanım müəllim günü münasibətilə sinif rəhbərlərinə şagirdlərdən 100 manatdan pul yığılması barədə göstəriş vermişdir. Bundan başqa yuxarı sinif şagirdlərindən repetitor yanına getmək üçün dərslərdən azad olunmağı istəyənlər, buna görə 2000 manat (bir dərs ili üçün) pul ödəməlidirlər. Daha bir yığım mənbəyi kimi də liseydə təşkil olunan dərnəklər çıxış edirlər. Belə ki, bu dərnəklərdə məşğul olmaq üçün də şagirdlər ayda 20 manat ödəməlidirlər. Təbii ki, bütün bu pullar bir əldə toplanaraq çox böyük məbləğlər əmələ gətirir. İradə xanım isə bu vəsaitləri rassional yerləşdirərək, az bir zamanda “Yeni Həyat” mərkəzində mənzilə sahib olmuş, qızı üçün diş klinikası və oğlu üçün restoran kimi kommersiya obyektləri almışdır. Bahalı avtomobilləri ən azından ildə bir dəfə dəyişməyi isə İ.Əsgərovanın cari xərclərinə aid etmək olar. Və bütün bunlardan əlavə dövlətimiz Heydər Əliyev adına Liseyin direktor müavininə ayda 500 manat məvacib də verir. Amma onu da deyək ki, bütün bu proseslər heç də həmişə fəsadsız ötüşmür. Məsələn, bu yaxınlarda İ.Əsgərovanın liseydə Arifə müəllimənin sinfində təhsil alan şagirdlərdən birini sıxışdırması ilə bağlı müəyyən problemləri yaranmışdı. Hal-hazırda isə müəllim günü münasibətilə liseydə pul yığımlarına qarşı etirazlarını bildirən daha bir valideynin Təhsil Nazirliyinə müraciət etməsi, bu təhsil müəssisəsində yenidən gərginliyin yaranmasına səbəb olmuşdur. İradə Əsgərova isə ona ünvanlanan birmənalı suallara guya ki, bu gərginliyi aradan qaldıra biləcək cavab verib. Mənbənin dediyinə görə, liseyin direktor müavini yığdığı pulları Təhsil Nazirliyinin rəhbərliyinə çatdırdığını bəyan edib. Halbuki, iradə xanımın özünün artıq qeyd etdiyimiz xərcləri yığılan pulların hara məsrəf olunduğuna dair daha dürüst təsəvvür yarada bilər.